Ümumi təəssürat
Bu həftəsonu səhhətimdəki narahatlıqla əlaqədar uzun müddətdən sonra bütün günü evdə keçirmək fürsətim yarandı və düşündüm ki, bundan (nəhayət!) istifadə edim. Ənənəyə sadiq qalaraq, Kann Film Festivalında mükafata layiq görülmüş köhnə filmlərə müraciət etmək qərarına gəldim.
Uzun axtarışlardan sonra La Pianiste (2001) filminin də rejissoru olan Michael Haneke-nin 2012-ci ildə Qızıl Palma budağına layiq görülmüş Amour filmini izləməyi seçdim. (Qızıl Palma budağı ifadəsi tərcümədə nədənsə çox şit səslənir, bu arada.)
Amour mənim fikrimcə, Michael Haneke-nin ən amansız filmi ola bilər. Hələ də özümə irad tuturam ki, onsuz da xəstə və emosional olduğum bir vaxtda niyə məhz bu filmi seçdim. Amma keçək filmə.
Film 2012-ci ildə Kann festivalında Qızıl Palma (!) budağını aldı və Haneke ardıcıl iki filmi ilə bu mükafatı qazanan ikinci rejissor oldu.
Film haqqında internetdə biraz araşdırma edəndə qarşıma çıxdı ki, filmin kökü əslində Hanekenin öz ailəsindən gəlir. Haneke-ni böyütmüş doxsan yaşlı xalası ağır revmatizmdən əziyyət çəkirdi və qocalar evinə düşməmək üçün son illərini öz mənzilində tək keçirdi. O, Haneke-dən ölməsinə kömək etməsini xahiş etmişdi və sonda intihar etdi.
Haneke deyir ki, filmin əsas sualı qocalıq və ölüm deyil, sevdiyin insanın əzabı ilə necə yaşamaqdır.
Buradan sonra qismən az spoilerli, filmin başından sonuna hekayə barədə fikirlərimi yazacam.
Film son səhnəsi ilə başlayır
Qonşular bir mənzildən gələn qoxudan şikayət edir, xilasedicilər və polis qapını sındırıb içəri girir. Yataq otağının lentlə bağlanmış qapısını açanda çarpayıda geyindirilmiş, kəsilmiş güllərlə bəzədilmiş yaşlı bir qadının cəsədini tapırlar.
Yalnız bundan sonra qara fonda filmin adı çıxır, Amour yəni “Sevgi”. Rejissorun bu taktikasını çox bəyəndim. Filmdə nə olacaq ilk səhnədə verirsən və tamaşaçı yerdə qalan bütün dəqiqələrdə bu bəs “necə” belə oldu sualı ilə boğuşur. Bu isə daim hekayəni gərginlikdə saxlayır və uzun kadrajlara, az dialoq və arxa fon musiqisi ilə müşayiət olan filmlərdə tamaşaçını filmdən uzaqlaşdırmağa (bezməyə) qoymur. Üsul əladır, xüsusən kinematoqrafiya sahəsində daha yaxşı nəticə verir, romanda da pis effekt verməz bəlkə də.
Hər nəysə, Haneke ilk dəqiqədən ölümlə sevgini yan-yana qoyur, beləliklə iki saat boyunca “nə olacaq” sualı ilə yox, “necə” və “niyə” sualları ilə yaşayırıq.
Georgesin arvadı Anna insult keçirir
Filmdə hadisələr başlayır, yaşlı ər-arvad (Georges və Anna) konsertə gedir. Konsertdən gəlirlər və ertəsi səhər, səhər yeməyində Anna birdən donub qalır. Georges-a cavab vermir, baxışı bir nöqtəyə dikilir, Georges onun üzünü yaş dəsmalla silir və kömək çağırmaq üçün geyinməyə gedir. Mətbəxdə kran açıq qalıb, su axır.
Bir az sonra su səsi kəsilir. Anna özünə gəlib, kranı da özü bağlayıb, amma baş verənlərdən heç nə xatırlamır. Bu səhnə xüsusilə çox gərgin təqdim olunur. Anna əvvəlcə həkimə getmək istəmir və yalnız özünə içki süzə bilmədiyini görəndə razılaşır. Yuxu arteriyasındakı tıxanma üçün əməliyyat olunur, əməliyyat uğursuz alınır və o, sağ tərəfdən iflic olub əlil arabasına möhtac qalır.
Xəstəxananı, həkimləri, əməliyyatı görmürük. Haneke bütün bunları bir neçə cümlə ilə ötüb birbaşa evə qayıdışı göstərir. Filmin bütün quruluşu da belədir, vacib hadisələr kadrdan kənarda baş verir, biz isə onların nəticəsi ilə baş başa qalırıq.
Evə qayıtdıqdan sonra Anna Georges-dan söz alır ki, onu bir daha nə xəstəxanaya, nə də qocalar evinə göndərməsin.
Bu verilən söz isə filmin qalan hissəsinin bütün yükünü daşıyır…

Mənzil özü də obrazdır
Konsertdən sonra film demək olar ki, bir dəfə də olsun mənzildən çıxmır. Georges evdən ayrılanda da kamera onunla getmir, Anna ilə evdə qalır. Filmdə mənzil tədricən özü də bir obraza çevrilir.
Mənzil Paris burjua mədəniyyətinin bir növ muzeyidir. Kitab rəfləri, divarlarda köhnə tablolar, qonaq otağında piano, disklər, yumşaq kreslolar ömrünü musiqiyə və kitaba həsr etmiş iki insanın həyatını danışır.
Xüsusilə yaşlı insanların şəxsi evlərinə, otaqlarına baş çəkəndə məni narahat edən bir düşüncə bu filmdə də məni buraxmadı. Həmişə düşünürəm ki, məncə ölümə yaxın olan biri o əşyalara sahibi kimi yox, artıq vida obyekti kimi baxır. Məsələn, kitablarda altından xətt çəkdiyin cümlələr artıq sənin üçün önəmli olan hissələrdən daha çox, səndən sonra kitaba baş çəkəcək adamlar üçün bir qeydə çevrilir. Bu filmdə də, boğucu, orta təmirli əsl yaşlı evinin hər küncündə bu detal məncə xüsusi işlənmişdi. Həqiqətən də həssas insanlar üçün əslində həyatda kədərli detallar çoxdur.
Filmdə arxa fon musiqisi yoxdur
Filmdə eşitdiyimiz bütün musiqi hekayənin içindən gəlir, konsertdə, evdə pianoda, ya da diskdə səslənir və əsasən Şubert və Bethovendir. Georges ilə Anna piano müəllimləridir və musiqi onların ortaq dilidir. Ona görə də musiqinin filmdən tədricən çəkilməsi Anna-ın həyatdan çəkilməsi ilə paralel gedir.
Mənim üçün ən ağrılı anlardan birində Annanı yenidən sağlam, pianonun arxasında çalarkən görürük. Bir neçə saniyə sonra bunun Georges-un dinlədiyi səsyazmanın oyatdığı xəyal olduğu bəlli olur və o, musiqini qəfil kəsir. Bu kəsilmə məndə Georges-in dərk etdiyi həqiqəti saf gerçəkliyi ilə bizə çatdırması təəssüratı yaratdı: keçmiş gözəl idi, amma o bir də geri qayıtmayacaq.
Sizə möhtac olan insanlara içində olduğunuz çarəsizlikdən ötrü bir yerdən sonra əsəbləşməyə başlayırsınız
Xəstəlikdən sonra Anna-ın əsas mübarizəsi ağrı ilə yox, asılılıqla gedir. O, kömək istəmir, yazığı gəlinməsini istəmir, xəstəliyi haqqında danışmaqdan imtina edir. Elektrikli əlil arabasını sürdüyü səhnədə bu kiçik müstəqillikdən necə sevindiyini görürük.
Köhnə foto albomunu vərəqləyəndə Anna həyatın gözəl, eyni zamanda çox uzun olduğunu deyir. Məncə filmin ən təsirli dialoqu da elə bu idi. Ölümünü gözləyən Anna köhnə fotolarına baxanda, köks ötürür və sakitcə deyir: “Həyat gözəldi. Həm də çox uzun.”
Bir gün Georges evə qayıdanda Anna-ı pəncərənin altında, yerdə tapır. Film açıq demir, amma görünür ki, o, intihara cəhd edib və ardınca Georges-a yaşamaq istəmədiyini deyir.
İkinci insultdan sonra Annanın sağ tərəfi iflic olur, nitqi qırılır və durmadan «ağrıyır» mənasında bir kəlməni təkrarlayır.
Yataqda özünü saxlaya bilmədiyi üçün çəkdiyi utanc, ikinci tibb bacısının onun saçını kobud darayıb uşaq kimi güzgüyə baxdırması ləyaqətin yavaş-yavaş əldən alındığını göstərir.
Georges-un sevgisi isə böyük sözlərdə yox, gündəlik işlərdədir. Arvadını yedirmək, əlil arabasından qaldırmaq, paltarını dəyişmək, gecələr yanında oturmaq. Onu arabadan qaldıranda ikisi bir-birini qucaqlayıb ayaq-ayaq yeriyirlər və bu, köhnə, yavaş bir rəqsə bənzəyir.
Amma rejissor əhvalata çox realist yanaşır və Georges-u müqəddəsləşdirmir. Onun qayğısının içində sahiblənmə də var, o, Anna-ın vəziyyətini dünyadan gizlədir, qızını getdikcə kənarda saxlayır, kənar müdaxiləyə qarşı çıxır. Verdiyi söz tədricən bütün dünyaya qapını bağlamaq bəhanəsinə çevrilir.
Ən sarsıdıcı anlardan biri Annanın yardımdan imtina edib suyu tüpürdüyü səhnədir, Georges qəfildən ona sillə vurur. Bu bir saniyəlik zorakılıq onun səbrinin sərhədini və fədakarlığın qaranlıq tərəfini göstərir. Sevgi burada təmiz və gözəl duyğu deyil, yorğunluqla, qəzəblə və acizliklə qarışmış bir şeydir.
Bu gerçəklik filmdə ən sevdiyim hissə oldu. Həqiqətən də həyatda mütləq saf gözəl yaxud mütləq pis hisslər yoxdur. Xüsusən sevgi hissi özlüyündə həm də qəzəbi, yorğunluğu da ehtiva edən, amma bunun qarşılığında başa düşülmə, arzulanma və qayğını da əhatə edən bir hissdir. Ona görə, istənilən hissə yüksək mərtəbədən gözlənti ilə yanaşan insanları həmişə düşünürəm, həyat sonda hissizlik yaxud təkliklə cəzalandıracaq.

Cütlüyün tək övladı Eva adlı obraz
Cütlüyün övladı Eva obrazı da filmin əxlaqi quruluşunda vacib yer tutur. Eva xaricdə yaşayır, öz ailəsi, işi, problemləri var və valideynlərinin yanına gələndə çox vaxt nə deyəcəyini bilmir. Ona görə də bəzən yersiz yerdə öz həyatının məsələlərindən danışır.
Eva-nın faciəsi kənarda qalmaqdır. O, anasını qulluq müəssisəsinə yerləşdirməyi istəyir, amma Georges Anna-a verdiyi sözü pozmayacağını, onu bu evdən kənara çıxarmayacağını deyir və qızını getdikcə daha çox uzaq tutur.
Kənarda qalanlar təkcə Eva deyil. Qapıçı qadın və əri qocalara alış-verişdə kömək edir, tibb bacılarından biri işini normal görür, digəri isə Anna ilə əşya kimi davranır və Georges onu işdən çıxarır.
Film bu mənada həm də qocalığın təkliyi haqqındadır. Ətrafda insanlar var, amma son mərhələdə iki nəfər bir-biri ilə tək qalır.
Bəzən sevginin ən ali forması mübarizə aparmaq yox, buraxa bilməkdir
Filmin kulminasiyası çox sakit başlayır. Anna yataqda inləyir, «ağrıyıram» deyir, Georges yanında oturub əlindən tutur və uşaqlığından bir hekayə danışır.
Onu yay düşərgəsinə göndəriblərmiş, anası xahiş edibmiş ki, kartpostal yazsın, xoşbəxtdirsə üstünə çiçək, bədbəxtdirsə ulduz çəksin. O, kartı başdan-başa ulduzla doldurubmuş. Hekayə davam etdikcə Anna-ın inləməsi kəsilir, sakitləşir, gözlərini yumur.
Elə bu sakit anda, heç bir xəbərdarlıq olmadan, Georges yastığı götürüb onun üzünə basır. Anna çırpınır, Georges bütün bədəni ilə onu sıxır və Annanı öldürür… (bu səhnədən sonra pauzanı basıb, özümə biraz da söydüm ki, bu nə film idi axı mən seçdim?!)
Bu səhnə ilk baxışda şok kimi gəlir, çünki film bizi buna açıq hazırlamır. Amma geri baxanda bütün yol buraya gəlirdi. Anna xəstəxanaya qayıtmaq istəmədiyini, yaşamağı davam etdirmək istəmədiyini demişdi, yeməkdən və sudan imtina edirdi.
Bu mənada Georges onun iradəsini yerinə yetirir. Amma eyni zamanda o, özü də tükənib, tək qalıb və sillə səhnəsində səbrinin bitdiyini görmüşük.
Rejissor üçün əlbəttə asan yol Georges-u ya qəhrəman, ya da qatil kimi göstərmək olardı, Haneke isə onu hər ikisi kimi göstərir. Həyatda heç kim, heç bir hadisənin mütləq ağ yaxud qara olmadığı kimi, rejissor da bizi bu həqiqət qarşısında qoyur.
Filmin hamıya bu qədər çox təsir etməsinin səbəbi hamının qaça bilməyəcəyini bildiyi 2 mövzunu eyni anda işləməsidir: qocalıq və ölüm.
Anna-ın ölümündən sonra Georges bir növ ayin həyata keçirir. Gül alıb gətirir, mətbəxdə yuyub saplarını kəsir, şkafdan Anna üçün paltar seçir, uzun bir məktub yazır və yataq otağının qapısını lentlə möhürləyir.
Sonra filmin ən sirli səhnəsi gəlir. Georges mətbəxdə Anna-ı görür, Anna sağlamdır, qab yuyur, Georges isə heç nə demədən ona baxır. Anna çıxmağa hazırlaşır, Georges-dan paltosunu götürməsini istəyir və o da Anna-ın ardınca qapıdan çıxıb gedir.
Bu səhnə real deyil, Georges-un halisunasiyasıdır. Amma filmin açılışını xatırlasaq, polis mənzilə girəndə yalnız Anna-ın cəsədini tapır, Georges orada yoxdur. Deməli, o, həqiqətən mənzildən çıxıb gedib, harada və necə öldüyü, ümumiyyətlə ölüb-ölmədiyi isə açıq qalır.
Final kadrında Eva boş mənzilə girir, otaqları gəzir və qonaq otağında oturub susur. Bütün film boyu kənarda saxlanılan qız nəhayət içəridədir, amma içəridə artıq heç kim qalmayıb.
Bununla rejissor nə vaxtsa yaxınlarını itirmiş biri üçün ən tanış kədər hissini verir, ölümün özündən daha kədərli şey, o insandan sonra qalan boşluqdur.
Mübahisəli tərəflər
Film mənə görə qüsursuz işlənib, çünki mənim o qədər dərin kinematoqrafiya üzrə biliklərim yoxdur, adi tamaşaçı kimi qiymətləndirirəm. Axtardığım, oxuduğum qədərilə kifayət qədər tənqidləri də var. Birinci tənqid tempidir. Uzun statik kadrlardan ibarət, demək olar ki, hadisəsiz, iki saatdan uzun film hamı üçün deyil və bəzi səhnələr qəsdən dözülməz dərəcədə uzadılıb.
Haneke bunu bilərəkdən edir, çünki qulluğun və gözləməyin ritmi məhz belədir. Amma bu ritmin tamaşaçını yorduğu da həqiqətdir.
İkincisi Haneke-nin məsafəsidir. Kamera personajlara az yaxınlaşır və bir çox tənqidçilər bunu həddən artıq soyuq sayıb.
Üçüncüsü daha ciddi bir iraddır. Bəziləri hesab edir ki, film asılı, xəstə həyatı yaşamağa dəyməyən bir şey kimi göstərir və ölümü yeganə çıxış yolu kimi təqdim edir. Filmdə həkimlər demək olar ki, görünmür, ağrını yüngülləşdirən müalicə və başqa yollar yalnız Eva-nın narahat təklifləri səviyyəsində qalır.
Mən filmin bir mövqeni təbliğ etdiyini düşünmürəm, çünki rejissor Georges-un addımını heç yerdə təqdir etmir. Amma bu qapalı dünyada başqa seçimlərin görünməməsi təsadüfi deyil və tamaşaçının bunu da yadda saxlaması vacibdir.
Amour haqqında
Sözsüz ki, sevgini müxtəlif yanaşmalardan çıxış edərək təsvir etmək mümkündür. Amour sevgi haqqında film adlanır, amma sevginin bizə tanış üzünü göstərmir. Burada nə görüş var, nə ehtiras, nə də böyük etiraf. Sevgi burada qocalmış bədənə qulluq etmək, verilən sözü tutmaq, yorğunluğa, qəzəbə və utanca baxmayaraq yanında qalmaq və sonda buraxmaqdır.
Filmdə kişi sevdiyi qadının başına nəsə gəlməsindən deyil, onun özünü yaxşı hiss etməsinə kömək edəcək heç bir şey edə bilməməkdən qorxur. Amour məhz bu çarəsizliyi göstərir. Mütləq baxın, xüsusən sevməyə davam edən, amma sizi əvvəlki halınıza qaytara bilməyən insanlar mütləq baxıb fikirlərini bölüşsə maraqlı olar.
