Şirkətlərə ünvanlanan vəkil sorğuları əksər hallarda işçilərin fərdi məlumatları təqdim edilməsi ilə bağlı olur. Bir çox hallarda ya həmin sorğular cavablandırılmır, yaxud cavablandırılsa belə işçinin fərdi məlumatlarının yalnız məhkəmə tərəfindən təqdim olunan sorğuya əsasən verilə biləcəyi bildirilir. Bu vəziyyət vəkillərin haqlı narazılığına səbəb olsa belə, şirkətlərin fərdi məlumatları təqdim etməməklərinin qanunvericiliyə uyğun olduğunu hesab edirəm.
Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunun 7-ci maddəsinin birinci hissəsinə görə, təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin qanunun 15-ci maddəsinin ikinci hissəsinin üçüncü abzasına əsasən, peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək vəkillərin hüquqlarına aid edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 5.1-1-ci maddəsi ilə də tənzimlənmişdir ki, Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir.
O cümlədən, Cinayət Prosessual Məcəllənin 143.3-cü maddəsi ilə də müəyyən olunmuşdur ki, Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etməyə haqlıdır.
Vəkillərin hüquqi yardım göstərmək üçün məlumatlar əldə etməsinin ümumi əsaslarını müəyyən edən normanın (Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunun 15-ci maddəsi) olmasına baxmayaraq, “Fərdi məlumatlar haqqında” qanunun 13-cü maddəsinə görə, qanunda müəyyən olunan hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Subyektin razılığı olmadan fərdi məlumatların verilməsinə yalnız 4 halda yol verilir:
- açıq kateqoriyalı fərdi məlumatlar verildikdə (yəni, şəxsin adı, soyadı və atasının adı);
- konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə;
- fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda.
- beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.
“Fərdi məlumatlar haqqında” qanun fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı əsas qanun olduğuna görə, fərdi məlumatların verilməsinə dair münasibətləri müəyyən edən əsas qanundur (xüsusi qanun). Həmin qanunda dövlət orqanları və bələdiyyələrə fərdi məlumatların təqdim olunmasına dair istisna müəyyən olunsa da, vəkillik fəaliyyəti barədə hansısa xüsusi qeyd yoxdur. Həmçinin, norma subyektləri elə konkretləşdirmişdir ki, vəkillik fəaliyyəti ilə bağlı hansısa şərhə ümumiyyətlə yer yoxdur.
Vəkillər məhkəməyədək fərdi məlumatları əldə edə edə bilmədikləri üçün onların vəkillik fəaliyyətinin pozulması ilə yanaşı, vətəndaşların da yüksək keyfiyyətli yardım almaq hüquqlarının pozulduğunu bildirməkdə haqlı olsalar belə, şirkətlərin işçilərin fərdi məlumatlarını vəkil sorğusu əsasında təqdim etməməsi mövcud qanunvericiliyin tələblərinə uyğun görünür.
Baxmayaraq ki, Mülki Prosessual Məcəllə və Cinayət Prosessual Məcəlləyə görə, vəkillər sübutların təmin edilməsi barədə məhkəməyə (həmçinin, cinayət prosesini keçirən orqana) vəsatət vermək hüququ olsa da, vəkillərin istənilən sübutun əldə edilməsində müstəqil olması ədalət mühakiməsinin həyata keçirilməsində vacib məsələdir. Nəticə etibarilə, vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır, vəkil sirrinin qorunması vəkilin vəzifəsidir və bu vəzifələrin pozulmasına görə qanunla onların barəsində məsuliyyət müəyyən edilmişdir. Bu səbəbdən qanunvericilikdə fərdi məlumatların vəkillərə təqdim olunmasından ehtiyat etməyə yer qoyulması doğru deyil.
Bunun üçün hesab edirəm ki, Vəkillər və vəkillik fəaliyyəti haqqında qanuna fərdi məlumatlar barədə (o cümlədən bank, kommersiya, sığorta sirri və s.) xüsusi hal əlavə olunmalı (necə ki, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları ilə əlaqədar edilmişdir) yaxud fərdi məlumatlar haqqında qanunda vəkil sorğularına cavab verilməsi istisna hal olaraq daxil edilməlidir.
