Qadın və kişilərə bərabər əməkhaqqının ödənilməsi prinsipi, ilk dəfə olaraq Roma müqaviləsində müəyyən olunmuşdur. TFEU(1) 157-ci maddəsində müəyyən olunur ki, hər bir üzv dövlət eyni və yaxud eyni dəyərdəki iş üçün, qadın və kişilərə bərabər əmək haqqı ödənilməsi prinsipini təmin etməlidirlər.(2) Həmçinin, TFEU 153-cü maddəsi, Üzv Dövlətlərin “əmək bazarında qadın və kişilərin iş imkanları və əmək şəraiti ilə bağlı bərabərlik” sahəsində fəaliyyətinə dəstək verməsinə dair ümumi qayda müəyyən etmişdir. Bundan başqa, bərabər iş üçün bərabər əmək haqqının müəyyən olunması prinsipi Avropa Ədalət Məhkəməsi tərəfindən, “Gabrielle Defrenne v. SA Sabena” məhkəmə işində “cəmiyyətin təməl prinsipi” olaraq qəbul edilmişdir.(3) Ümumiyyətlə, Avropa İttifaqı daxilində gender əsaslılığı məsələsi TFEU 8-ci maddəsindən irəli gəlir və həmin maddədə “Avropa İttifaqının qadın və kişi bərabərsizliyini aradan qaldırmaq və bu bərabərliyin təmin olunmasını təmin etməyi qarşısına məqsəd qoyduğu” müəyyən olunur. Əlavə olaraq, TFEU-nun 19-cu maddəsinə əsasən Şura, cinsi, irqi və ya etnik mənşəyi, dini və etiqadı, əlilliyi, yaşı və ya cinsi oriyentasiyasına görə ayrıseçkiliklə mübarizə üçün müvafiq tədbirlər görə bilər.
TFEU 79 və 83-cü maddələrində Avropa İttifaqının insan alverinə qarşı, xüsusən qadınlar və uşaqlara dair, mübarizəni qarşısına məqsəd qoyduğu təsbit olunur. Lissabon müqaviləsi qadın və kişi bərabərliyi prinsipini Avropa İttifaqının beş fundamental dəyərindən biri olaraq müəyyən edir (TEU 2-ci maddə).(4) Lissabon müqaviləsi, Avropa Birliyinin fundamental hüquqlarla bağlı çarter sənədini digər Avropa Birliyinin təsis sənədləri ilə eyni hüquqi qüvvəyə malik olmasını təsbit etmişdir. Elə həmin çarter sənədinin 23-cü maddəsində müəyyən olunur ki, “kişilər və qadınlar arasında bərabərliyin bütün sahələrdə, o cümlədən məşğulluq, iş və maaş məsələlərində də təmin olunmalıdır”. Lakin, nə Avropa İttifaqı təsis sənədlərində, nə də fundamental hüquqlara dair çarterdə qadınları gender əsaslı zorakılıqdan qorumaqla bağlı məsələlər müəyyən olunmamışdır və bu da özlüyündə, Avropa İttifaqınının qadınlara qarşı zorakılıq ilə əlaqəli cinayətlərə qarşı mübarizə tədbirləri görməsinin effektivliyinə mane olan bir faktdır. Avropa İttifaqının qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı təşəbbüsləri özündə gender bərabərliyinə nail olmağa həsr olunmuşdur. Belə ki, qadınlara qarşı zorakılıqla bağlı yeganə istinad edə biləcəyimiz norma TFEU 8-ci maddəsində müəyyən olunmuşdur: İttifaq öz siyasətində hər cür məişət zorakılığına qarşı mübarisə aparmağı qarşısına məqsəd qoymuşdur.
İkinci dərəcəli qanunvericilik aktlarına gəldikdə isə, qadın və kişilərə bərabər əmək haqqı ödəniləsi prinsipinin tətbiqi ilə əlaqədar üzv dövlətlərin qanunlarının yaxşılaşdırılması haqqında 10 fevral 1975-ci il tarixli 75/1117/EEC direktivindən başlayaraq, bir çox qanunvericilik aktları qəbul edilmişdir.(5) Qadınlara qarşı zorakılığa gəldikdə, Avropa İttifaqı insan alverinə, xüsusən qadınlara və uşaqlara, o cümlədən cinayət qurbanlarına qarşı mübarizəyə yönəlmiş konkret tədbirlər, həmçinin mülki işlərdə müdafiə tədbirləri məsələlərinin də daxil olduğu 606/2013 saylı qayda(6) və cinayət qurbanlarının hüquqları, dəstəyi və müdafiəsi üzrə minimum standartları müəyyən edən 2012/29/EU direktivi(7) qəbul etmişdir. Avropa İttifaqı 2000/78/EC direktivi(8) ilə iş şəraitində baş verən cinsi zorakılıq məsələlərini həll etmişdir, bundan başqa 2002/73/EC direktivində(9) qadın və kişilərə məşğulluq və peşə fəaliyyətlərində bərabər münasibətin göstərilməsi ilə bağlı ümumi çərçivə müəyyən olunmuşdur.
Bütün hüquqi alətlərdən, Avropa İttifaqı siyasətinə, hətta İttifaqın tövsiyələrinə qədər, Avropa İttifaqının gender bərabərsizliyinin müxtəlif aspektlərini aradan qaldırmaq üçün tədbirlər görülməsində böyük rol oynadığını etiraf etmək lazımdır. Avropa Parlamenti qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı mübarizədə 1979-cu ildən bəri yanında yaratdığı xüsusi komitə ilə bu məsələdə necə fəal olmasını nümayiş etdirmişdir. Bu komitə hazırda da, qadınlara qarşı zorakılığın aradan qaldırılması da daxil olmaqla bir neçə məsələ ilə məşğul olur. Əlavə olaraq, 1922/2006 nörməli qaydalar ilə, 2006-cı ildə Avropa Gender Bərabərliyi İnistitutunu təsis etmişdir. Avropa Komissiyası, Avropa İttifaqının üzv dövlətlərində çoxsaylı maarifləndirmə kampaniyalarını təşviq etməsi ilə birlikdə, 2010-cu ildə Qadınlar Xartiyasını qəbul etmişdir, o cümlədən 2015-ci ilin iyununda Avropa Birliyində Gender Bərabərliyinin Gələcəyi Forumunun təşkil olunmasına verdiyi xüsusi dəstəklə seçilmişdir. Avropa İttifaqının qadın hüquqlarının təmin olunması ilə bağlı tədbirləri, şübhəsiz ki, müəyyən müddət ərzində inkişaf etdirilmişdir, baxmayaraq ki, bu tədbirlər bütün üzv ölkələrdə qadınlar üçün de-fakto bərabərliyə çatmaq üçün yetərli deyil. Çünki, Aİ direktivlərinin yerli səviyyədə həyata keçirilməsinə ehtiyac var. Bundan başqa, bura qədər adı çəkdiyimiz aktların özünün də, vahid şəkildə kodifikasiya, başqa sözlə desək, vahid formaya salınmasına da ehtiyac var.
Avropa Şurası 1980-ci illərdən bəri 47 üzv ölkəsində həm de-jure, həm də de-fakto olaraq, gender bərabərliyini təsbit etmişdir. Bunlardan qadın hüquqları sahəsində qəbul edilmiş dörd hüquqi sənəd qeyd edilməlidir. Birincisi, 1950-ci ilə təsadüf edən Avropa İnsan Hüquqları Konvensiyasında qadınların hüquqlarını qorumaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında tətbiq edilən bir çox müddəalar var. Bu konvensiyanın 14-cü maddəsində cinsiyyət də daxil olmaqla, hər hansı bir əsasda ayrı seçkiliyin qadağan olunması nəzərdə tutulmuşdur. Bundan əlavə, qadın hüquqlarının qorunmasına, bu konvensiyanın yaşamaq hüququ, şəxsi və ailə həyatına hörmət hüququ, işgəncələrin qadağan olunması, köləlik və məcburi əməyin qadağan edilməsi barədə müddəaların tətbiqi ilə də nail olmaq mümkündür.
İkinci olaraq, Avropa Sosial Xartiyasını qeyd etmək olar ki, burada da məşğulluq və peşə məsələlərində bərabərliyin təmin olunmasının vacibliyi vurğulanır.
Üçüncüsü, digər əsas vasitə Avropa Şurasının 2005-ci ildə qəbul etdiyi və 2008-ci ildə qüvvəyə minmiş İnsan alverinə qarşı fəaliyyət haqqında konvensiyasıdır. Bu konvensiya Palermo Konvensiyasına dair BMT protokoluna əsaslanır, lakin əvvəlkilərlə müqayisədə daha çox hüquq mühafizə qaydalarına deyil, zərərçəkmiş şəxslərin müdafiəsinə diqqət yetirir və insan alverçilərinə qarşı daha yüksək sanksiya həddlərini müəyyən edir. Ümumiyyətlə, gender əsaslı yanaşma Konvensiya mətninin əvvəlindən başlayaraq, təsbit olunmuşdur. Hətta, bu konvensiyanın 1-ci maddəsinə əsasən, bu hüquqi sənədin əsas məqsədinin “gender bərabərliyini təmin etməklə insan alverinin qarşısını almaq və mübarizə aparmaq olduğu” müəyyən olunur. Konvensiya ilk dəfə olaraq, insan alverinin insan hüquqlarını pozduğunu vurğulayır. Bu hüquqi sənədin konvensiyanı imzalayan dövlətlər tərəfindən icrasını və vaxtaşırı qəbul edilmiş tədbirləri təhlil edən və qiymətləndirən, hesabatlar hazırlayan GRETA adlı mütəxəssislər qrupu tərəfindən təmin edilir.
Dördüncü olaraq, 2011-ci ildə qəbul edilmiş “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və mübarizə haqqında “Avropa Şurasının İstanbul Konvensiyasını qeyd etmək lazımdır. Bu konvensiya ilə bağlı, xüsusilə qeyd olunmalıdır ki, İstanbul Konvensiyasının mətni tərifə layiqdir. Konvensiyanın mətni əhəmiyyətli dərəcədə, ayrı-seçkilikrisklərinə görə uzun müddətdir feministlər tərəfindən tənqid olunan çərçivələrdən uzaqdır. Əksinə, Konvensiya mətni miqrant, qaçqın və sığınacaq axtaran qadınların rast gələ biləcəyi hərtərəfli problemlərin həlli üçün bir çox təminatlar nəzərdə tutur.(10) Bundan başqa, bu illər ərzində gender bərabərliyini təmin etmək üçün digər bağlayıcı olmayan hüquqi sənədlər (tövsiyələr, fəaliyyət planları, standartlar) də qəbul edilmişdir.
İstinadlar:
- Avropa İttifaqının fəaliyyəti haqqında müqavilə Avropa İttifaqının konstitusion əsasını təşkil edən iki sazişdən biridir. Bu müqavilə Avropa İqtisadi Birliyini yaradan Roma müqaviləsinin əsasında formulə olunmuşdur. 25 Mart 1957-ci ildə Belçika, Fransa, İtaliya, Lüksemburq, Hollandiya və Qərbi Almaniya tərəfindən imzalanmış və 1 yanvar 1958-ci ildə qüvvəyə minmişdir. 1992-ci il tarixli Maastrixt müqaviləsi ilə müqavilənin rəsmi adından iqtisadi sözü çıxarıldı və 2009-cu il Lissabon müqaviləsi ilə “Avropa İttifaqının Fəaliyyəti ilə bağlı saziş” olaraq adlandırıldı. Bu müqavilə hələ də, Avropa İttifaqının ən vacib iki sənədindən biri olaraq qalmaqdadır.
- https://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=CELEX:12012E/TXT:EN:PDF
- Gabrielle Defrenne v. SA Sabena, Case 43/75, 8 aprel 1976-cı il tarixli qərar, Avropa Ədalət Məhkəməsi, paraqraf 12
- https://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=OJ:C:2008:115:0013:0045:EN:PDF
- https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=celex%3A31975L0117
- https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX%3A32013R0606
- https://eur-lex.europa.eu/legal-content/en/TXT/?uri=CELEX%3A32012L0029
- https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=celex%3A32000L0078
- https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX%3A32002L0073
- Peroni, L. (2016). Violence Against Migrant Women: The Istanbul Convention Through a Postcolonial Feminist Lens. Feminist Legal Studies, 24(1), s. 64