Bir müddət əvvəl, Amerikada belə bir məhkəmə işi baş tutur. Bir nəfər dəyərli bir almazı oğurlamaqda ittiham olunur, lakin təqsirləndirilən şəxs özü isə həmin almazı əvvəllər ümumiyyətlə görmədiyini iddia edirdi. Başqa sübutlarla da işi sona yetirə bilməyən məhkəmə sonda şəxsin beynini “skan” edərək, həmin almazı əvvəllər görüb görmədiyinə dair rəy verməsi üçün işə mütəxəssisi cəlb edir.
Bu isə texnologiya və hüququn daha bir kəsişməsində ortaya sualı çıxardı: bəs belə texnologiyaların nəticələrindən məhkəmədə sübut kimi istifadə oluna bilər mi?
Ümumiyyətlə, məhkəmələr belə “elmi tapıntıların” xüsusilə ədalət mühakiməsində istifadəsindən yana deyillər. Ancaq amerikadaki tədqiqatçıların son araşdırmalarında iddia olunur ki, bu cür zehni oxumaq texnologiyaları xeyli inkişaf etdirilmişdir və onlara artıq güvənmək olar.
İfadələrin doğruluğunun və gizli informasiyaların ortaya çıxarılmasının bir çox üsulları mövcuddur. Məsələn, ənənəvi yalanı aşkar etməyin yolu kimi şəxsin söylədiyi həmin fikirlərə ürək döyüntüsü, qan təzyiqi və s. kimi verdiyi fiziki reaksiyalara görə müəyyənləşdirilməsini nümunə çəkə bilərik. Bu yazıda isə, daha yeni texnologiya yaxud kəşf, söylədiyin fikirlərə qarşı beyin imzasını müəyyən edən beyin skanından söhbət gedir.
Bununla belə, amerikalı tədqiqatçılar tərəfindən tədqiq olunan “beynin barmaq izi”, “təqsiri bilmə testi” və s. olaraq bilinən bu texnologiya əvvəlki yalanı müəyyənləşdirmə texnologiyalarından xeyli fərqlənir. Bu texnologiya beyində yüklənmiş əvvəlki “sabit” informasiyaların “barmaq izini” (red. treaktoriyası kimi də tərcümə etmək olar) müəyyənləşdirdiyini iddia edir (məsələn, mavi almaz məsələsində hansı almazın oğurlandığını, harada və hansı alətlərlə və s). Bu üsul elektroanselafografiya ilə beyində elektrik siqnallarını, beyinin verdiyi reaksiyaları (response) toplayır. Əvvəlcə bəzi neytral suallarla, bu treaktoriya cızılır, beyindəki reaksiyalara uyğun iz tədqiq olunub, çıxarıldıqdan sonra, digər cinayətlə əlaqəli faktlar soruşularaq buna uyğun araşdırılır və nəticə ortaya çıxarılır. (1)
Belə texnologiyaların kiminsə cinayətlə əlaqəli faktlar barədə informasiyalarını göstərə biləcəyi ehtimalını nəzərə alsaq, bunun məhkəmə tətbiqi ilə bağlı təhlillərin artıq zamanı gəlib çatıb.
Başqa sözlə, hazırda bu texnologiyaların etibarlılığı hansı səviyyədədir və məhkəmələr tərəfindən tətbiq oluna bilər mi?
Bu növ sübutlar hələ bir çox məhkəmələr tərəfindən qəbul edilməmişdir və ola bilsin ki, heç vaxt da qəbul edilməyəcəkdir. Lakin qəbul edilməsi istisna deyil: məsələn, oxşar üsul artıq Hindistan da daxil olmaqla, bir sıra yurisdiksiyalarda qəbul olunub.
Hindistanda Aditi Şarma məhkəmə işində (2), məhkəmə təqsirləndirilən şəxsin beyninin keçmiş nişanlısının öldürülməsilə əlaqədar verdiyi cavabları (reaksiyaları) sübut qismində tanımışdı. İşdə olan prokuror cinayətlə əlaqəli faktlara dair və neytral sualları oxuduqdan sonra, onun beyninin verdiyi reaksiyalara müvafiq olaraq, onun beynində nişanlısını arseniklə zəhərləməyi planlaşdırmağı və qətlin həyata keçirilməsi üçün arsenik satın almasına dair təcrübi “biliklər” olduğunu sözügedən texnologiyaya əsaslanaraq, iddia etdi. Bu “sübut” əsasında şəxs ilkin olaraq məhkum edilsə də, bu məsələ sosial şəbəkələrdə çoxlu müzakirələrə səbəb olduqdan sonra, bu qərar ləğv edilmişdi.
Hazırda bu vasitələr üçün yayğın qənaət, bu testin informasiyanın əldə edilməsi üçün istifadə olunmasındadır. Bu test şəxsin təqsirli hesab olunması üçün istifadə olunmamalıdır.
Lakin, Hindistan Ali Məhkəməsi, üzərində istifadə olunacaq şəxsin razılığı əsasında, belə sübutların istifadə oluna biləcəyinin mümkünlüyünü istisna etmir: (3)
“Unudulmamalıdır ki, insanlar təkcə özləri törətdiyi əməlləri gizlətmək üçün yox, həmçinin digər insanları qorumaq (yaxın qohumlarını və s.) və ya əmələ dair qeyri-qanuni əlaqələrini gizlətmək üçün də törədilmiş cinayətlə yaxud digər hadisələrlə bağlı faktları gizlədə bilərlər. Bir sözlə, belə informasiyaları gizlətməyin səbəbləri heç də özü törətdiyi cinayətlə əlaqəli olmaya bilər, bir cinayətlə əlaqədar hansısa məlumatınız ola bilər, lakin bu cinayətin törədilməsində tamamilə təqsirsiz ola bilərsiniz. Ona görə də, bu test informasiyanın əldə edilməsi üçün istifadə oluna bilər, şəxsin təqsirli olub-olmadığını yoxlamaq üçün yox.”
Azərbaycan qanunvericiliyi, tətbiqi mümkündür mü?
Əvvəla, qeyd olunmalıdır ki, ölkəmizdə məhkəmə prosesində belə bir məsələ tətbiq olunmayıb. Həmçinin, məqalədə iddia olunan qədər “iddialı” bir beyin oxuma tətbiqindən istifadə qanunvercilik baxımından da mümkün deyil.
Bəs əgər bu texnologiyadan istifadə olunsa idi, Cinayət Prosessual Məcəllədə bunu tənzimləyəcək ən uyğun gələn norma hansı olacaqdı, ekspert yoxsa mütəxəssis?
Cinayət Prosessual Məcəllənin 97-ci maddəsinə görə, “ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında materialların tədqiqinin aparılması üçün cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxsdir. Həmçinin, Dövlət Məhkəmə Ekspertizası haqqında qanuna görə, məhkəmə eksperti (ekspert) – məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. (4) Hər iki anlayışdan görünür ki, ekspert şəxsdir və zəruri bilikləri özü daşıyır. Ona görə də, bu texnologiyanı istifadə etdikdə bu normanı əsas gətirmək mümkünsüzdür.
Eynilə, Cinayət Prosessual Məcəlləsinin 96-cı maddəsinə görə, “mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir.“ Mütəxəssis üçün də eynilə, qanunvericinin mövqeyilə şəxs olması zəruridir. Beləliklə, bu texnologiyanın cinayət prosesində istifadə olunması qanunvericilik baxımdan mümkünsüz hesab olunmalıdır. Həmçinin, buraya məhkəmələrin icraatlarda innovativ praktikaların tətbiqində könülsüzlüyünü də göz önünə alsaq, bu məsələ hələ azı 15-20 il ərzində bizdə müzakirəsi yersizdir.
P.S: Bu yazı ilə bağlı hüquqşünas dostum belə bir mövqe ortaya qoyur ki, bu texnologiyanın özü mütəxəssis kimi istifadə etməyəcək, mütəxəssis bundan istifadə edib, rəy verə bilər, hansı ki, bunun sübut qismində tanınıb tanınmaması hakimin mövqeyindən asılıdır. Bu sübut sadəcə olaraq, hakimin öz daxili inamını müəyyənləşdirməkdə, köməklik göstərə bilər.
Lakin, hesab edirəm ki, qanunvericinin dili kifayət qədər aydındı, həmin maddədə deyilir ki, istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün. Burada “bilik və bacarığından” sözləri hesab edirə ki, mütəxəssis məhz özünə aid bilik və bacarıqlarından istifadə edə bilər, hansısa tətbiqi istifadə edib, ondan əldə etdiyi nəticələri yox.
İstinadlar:
- India’s Novel Use of Brain Scans in Courts Is Debated (2008) https://www.nytimes.com/2008/09/15/world/asia/15brainscan.html (son baxış tarixi: 8 dekabr 2019-cu il)
- Can your brain reveal you are a liar? (2016) https://www.bbc.com/future/article/20160125-is-it-wise-that-the-police-have-started-scanning-brains (son baxış tarixi: 7 dekabr 2019-cu il)
- If a brain can be caught lying, should we admit that evidence to court? Here’s what legal experts think (2017) https://www.independent.co.uk/news/science/mind-reading-technology-used-in-court-lie-detector-brain-fingerprinting-memory-detection-a7875416.html (son baxış tarixi: 8 dekabr 2019-cu il)
- Dövlət Məhkəmə Ekspertizası haqqında qanunun 1-ci maddəsi.
