Google və Facebook kimi bir çox şirkətin həm kompyuterlərimizdə, həm də telefonlarımızda demək olar ki bütün hərəkətlərimizi izləyib, qeydə aldığı haqda yəqin ki, ən azı bir neçə dəfə eşitmisiniz.
Facebookda yaxud Googleda telefon satışı ilə əlaqədar axtarışlar etdikdən sonra, qarşınıza bu vebsaytlarda daha çox telefon satışı ilə bağlı reklamlar çıxanda, yəqin ki hamı izlənildiyinin fərqinə varır. Əsas maraqlı məsələ isə, Google və Facebookun bunları necə etdiyidir.
Bu yazı ilə birlikdə, “Böyük qardaş bizi izləyir” başlığı altında silsilə yazılarla, bu prosesin necə baş tutmasının texniki tərəflərini, bununla bağlı hüquqi tənzimləmələr, qorunma vasitələri və bir çox məsələlər haqqında danışacam. Bu yazı isə, bu izləmənin necə baş tutmasının sadəcə texniki tərəfləri ilə bağlıdır, giriş xarakterlidir.
Əslində hərşey kompyuter və telefonları istifadə etməklə başlayır. Demək olar ki, bir çox telefonlarda və kompyuterlərdə bəzi şirkətlərin tətbiqləri və ya proqramları hazır şəkildə gəlir və bizim bunları dəyişdirmək kimi seçimimiz mövcud deyil.
Hər şeydən əvvəl ilk olaraq proqram və tətbiq dediyimiz şeylərin necə yaradıldığını bilmək lazımdır. Bu proqram və tətbiqlər kodlardan təşkil olunur. Bu kodlar proqramların genetik məlumatları kimidir, yəni bu kodlar sayəsində bütöv bir proqram və ya tətbiqlər formalaşır.
Əgər bir vebsaytda gəzirsinizsə hər girdiyiniz səhifə addım addım izlənir. Bunun səbəbi o səhifədə Google və Facebook kimi şirkətlərin izləyici kodlarnın olmasıdır. Bu isə öz növbəsində, Google və Facebook şirkətlərinin çox güclü olmasından yaxud xüsusilə sizi izlədiyi üçün deyil, gəzdiyiniz vebsaytın istifadəçilərə daha yaxşı xidmət vermək və sayta nə qədər insanın daxil olduğunu, nə vaxt girdiyini və s. məlumatları görə bilmələri üçün Google və Facebook kimi xidmətlərdən istifadə etməsindən və bu xidmətlərin saytın kodları arasında yer almasından qaynaqlanır. Təbii ki, bu sadə bir xidmət kimi fəaliyyətə başlasa da, zamanla artıq hər saytda bizi izləyən bir “əjdahaya” çevrilib.
Və təəssüf ki, bu izləyici kodlar təkcə tətbiqlərdə və saytlarda deyil, telefon və kompyuterlərimizdə qurulu əməliyyat sistemlərində də mövcuddur. Yəni gördüyünüz kimi, hörümçək torutək, hər tərəfdən izləndiyimiz bir mühit mövcuddur və təhlükənin miqyası ilə nisbətdə bu “hörümçək toru” bəlkə də heçnədir. Bir sözlə Google, Facebook kimi şirkətlər internetdə nə etdiyimizi, hansı səhifələrdə gəzdiyimizi, hansı sözlərlə nəyi axtardığımızı izləyirlər.
Google-a məxsus Android telefonların və ya internetdə Google-un bizə havayı xidmət göstərdiyini düşünmək sadəlövlük olardı. Gmail, Bing, Hotmail kimi xidmətlər pulsuz deyil, əksinə bizim ömrümüz boyu daxil olduğumuz əməliyyatlardan da baha xidmətlərdir. Google kimi şirkətlər belə xidmətlərin xərclərini qarşılamaq üçün bizə reklamlar göstərir. Və bu reklamları göstərmək üçün də internetdə nə etdyimizi izləyir. Beləcə bizə görə xüsusi reklamlar göstərərək, pul qazanır. Seymur telefon satışı elanlarına baxır? Deməli, bu yeni model telefon reklamları tam ona görədir, göstər!
Bu izləyici kodlarını isə öz növbəsində ləğv etmək asan deyil. Bu yazını yazdığım WordPress bloq saytından tutmuş, bu yazını paylaşdığım Facebook-a qədər hər yerdə izləyicilər mövcuddur.
Fərqində olmadan Google-in bir çox xidmətini pulsuz olaraq istifadə edirik. Google, Gmail, Drive, Android, Chrome və s. bunlardan sadəcə bəziləridir. Bir sözlə, Google-in bizdən məlumat toplamaq üçün istənilən qədər qapısı var. Google tərkibində olan AdSense, Analytics, Drive, Gmail, Hangouts, Xəritə, YouTube və s. xidmətləri ilə mövcud olan hər bir fərdin gündəlik həyatının demək olar ki, hamısına sirayət edir. Ona görə də, bizlərdən topladığı məlumatlar da bir xeyli böyükdür. Belə ki, bir çox sahədə pulsuz xidmət göstərən Google, milyard dollarlara öz serverlərini istehsal edir. Google-ın dünyanın ən böyük 4-cü server istehsalçısı olduğunu da nəzərə aldıqda, maraqlıdır ki, niyə Google pulsuz olaraq xidmət göstərdiyi sahələr üçün bu qədər serverə ehtiyac duyur? (1) Cavab Google-nin istifadə etdiyimiz xidmətlərdən bizim məlumatlarımızı toplamasıdır.
Google məlumatlarımızı reklam sevislərinə ötürmür. Hər nə qədər reklam servislərinə məlumatlarımızı satmasa da, verdiyi xidmətlər etibarilə Google onsuz da özü bir reklam şirkətidir. Google, bizi digər vebsaytlarda da izləyir və bu saytlardakı məlumatlarımızı da toplayır.
Google və Facebook kimi şirkətlərin bu izləməni necə həyata keçirməsi ilə bağlı bir çox insan məlumat sahibi deyil. Bəlkə də bu səbəbdən, təhlükənin miqyasına dair təsəvvürlərimizi formalaşdırmaqda çətinlik çəkirik.
Bu izləmənin əsas səbəbi şəxsi məlumatlarımızı toplayaraq, istifadəçi vərdişlərimizi öyrənmək və bizə aid bir istifadəçi kimliyi yaratmaq olduğunu bir daha qeyd etmək istəyirəm.. Beləliklə, bizə görə xüsusi olaraq online reklamlar göstərilir. Bunun digər bir səbəbi, istifadəçi profilimizi, məlumatlarımızı və vərdişlərimizi başqa şirkətlərə yaxud dövlət orqanlarına və s. sataraq məlumat brokerliyi fəaliyyəti ilə pul qazanmaqdır. Şirkətlər bunları tracking cookie-lərlə brauzerimizdən pulsuz olaraq əldə edir və üçüncü şəxslərə, başqa şirkətlərə və ya dövlətlərə sataraq qazanc əldə edirlər.
Bəs Facebook bizim internetdəki hərəkətlərimizi necə izləyir? Mövzuya girməmişdən əvvəl cookie nədir və niyə istifadə olunur bu haqda danışmaq lazımdır. (2)
Cookie-lər 1994-cü ildə brazuerlərin hazırlanması və təqdim olunması ilə məşğul olan Netscape Communications şirkətinin bir əməkdaşı tərəfindən yaradılıb. (3) Bu əməkdaş özü üçün onlayn mağaza saytı yaradırdı və serverdə istifadəçilərin alış veriş səbətlərinin və bank məlumatlarına dair informasiyaların saxlanmasını istəmirdi. Belə olduğu təqdirdə, server hər kəsin alış veriş səbətini izləməyib, az işləyib və serveri az yükləyəcəkdi. Bu səbəbdən də o, sayt ziyarətçilərinin alış verişi tamamladıqları anda məlumatların daha sonradan, dəfələrlə istifadəsini üçün kompyuterdə saxlanması yolunu fikirləşdi. Bu isə saytların hələ də istifadə etdikləri cookie-lərin yaranmasına gətirib çıxartdı. Cookie-lər ilk dəfə 1994-cü ildə Netscape brauzerinin tərkibində təqdim olundu və cəmi 1 il sonra Internet Explorer-ə də daxil edildi. Yalnız iki il sonra, 1996-cı ildə bu cookie-lərin əslində məlumatları özlüyündə saxladığı və bu yolla böyük təhlükə yaratdığı barədə narahatlıqlar ortaya çıxdı. Bu məsələyə daha sonra qayıdacam, indi cookie-lərin texniki olaraq necə işlədiyi barədə danışmaq istəyirəm.
Təsəvvür edin ki, bu yazını oxumaq üçün bloqa loqin və parolla daxil olmaq lazımdır. Siz sayta daxil olduğunuz zaman brauzeriniz istifadəçi adınızı və şifrənizi serverə göndərir, server bu loqin və parolu təsdiqlədiyi anda sayta daxil ola bilirsiniz və yazını oxuya bilərsiniz. Lakin hərşey bu qədər sadə deyil. İnternetdə gəzmək üçün istifadə etdiyimiz HTTP protokolu “yaddaşsız” bir sənəddir. Bu o deməkdir ki, eyni serverə başqa bir sorğu göndərdiyiniz zaman, kim olduğunuzu çoxdan unutmuş olacaq və yenidən daxil olmağınızı istəyəcək. İndi Facebook kimi bir saytı təsəvvür edin və loqininizə daxil olursunuz, serverə sorğu göndərirsiniz, amma ardınca hansısa paylaşımı bəyənmək istəyəndə server artıq sizin kim olduğunuzu unudur, beləliklə sizin yenidən daxil olmağınız və s. nə qədər vaxt aparardı, başqa sözlə zəhlətökən olardı. Müasir internet mühitində isə bunun üçün bizim köməyimizə cookie-lər çatır. Siz vebsayta daxil olursunuz və server sizin kimliyinizi təsdiqləməklə qalmır, həm də brauzerə bir cookie göndərir. Bu cookie sizin kompyuterinizdə saxlanılır və həmin vebsaytda göndərdiyiniz hər bir sorğu üçün serverə təqdim olunur. Beləliklə, cookie serverə kim olduğunuzu “yadda saxlamağa” imkan verən unikal identifikatoru təqdim edir. Gördüyünüz kimi, cookie-lər bu qədər sadə və bizə vaxt qazandıran, internetdən istifadəni bizə asanlaşdıran möhtəşəm alətdir
Lakin, bununla bitmir.
Həmçinin, bir vebsaytın yerləşdirdiyi cookie digəri tərəfindən də oxuna bilər. Məsələn, Facebook hansı saytlarda gəzdiyimizi izləyə bilər. Əslində bütün proses siz Facebook-a daxil olduğunuz zaman başlayır. Facebook qeyri-adi heçnə etmir, adi saytlar kimi, sizin kimliyinizin xatırlanması üçün serverdə sizə aid bir cookie saxlayır. Bu cookie Facebook-un domen adı ilə əlaqələndirilir, yəni facebook.com-dan başqa heç kim cookie-də olanları oxuya bilməz. İndi isə təsəvvür edin ki, kiminsə bloquna daxil olursunuz. Blog adi qaydada Facebook cookie-sini oxuya bilməz. Facebook da həmçinin, bu bloqdakı cookie-lərə keçid edə bilməz. Hər şey qaydasındadır. Lakin, indi təsəvvür edək ki, bloqda, bloqun facebook səhifəsinin bəyənilməsi üçün bir bəyənmə düyməsi yerləşdirilib. Bu düyməni göstərmək üçün brauzeriniz Facebook serverlərindən müəyyən kodları yükləməlidir və facebook.com ilə hansısa sorğu zamanı əvvəldən Facebook-un hazırladığı cookie-ləri göndərir. Facebook indi sizin kim olduğunuzu və bu bloqa baş çəkdiyinizi bilir. Təkcə Facebook nümunəsində yox, bu üsul bütün vebsaytlar tərəfindən istifadə olunur. Facebook bu kodları yerləşdirmək üçün, insanların Facebook səhifələrini bəyənmə və paylaşma istəklərindən istifadə edirsə, Google üçün bu çox daha sadə üsullarla həyata keçirilir.
Google üçün bu yollar en qədərdir. Google məxfilik siyasətinə görə, Adsense kimi reklam məhsulundan yaxud Google Analytics kimi analiz vasitələrindən istifadə edən bir vebsayta daxil olduqda, brauzerimiz müəyyən məlumatları Google-a avtomatik olaraq göndərir. (4) Bu məlumatlar arasında daxil olduğumuz vebsayt və IP ünvanımız da var. Beləcə internet keçmişimizlə əlaqəli məlumatları toplayan Google, bizə maraq dairəmizə görə fərdi reklamlar təqdim etməyi məqsədləyir. Həmçinin, tez qeyd etmək lazımdır ki, Google reklamlarını istifadə etməyən vebsayt isə demək olar ki, yoxdur. Google bizdən topladığı məlumatları birləşdirərək haqqımızda “reklam məqsədli” profillər yaradır. Google-a şəxsi istifadəçi profili ilə daxil olduqda isə haqqımızda bu toplanan məlumatlar Google profilimiz ilə əlaqələndirilir. Hətta google-a istifadəçi profili ilə daxil olmasaq belə, haqqımızda toplanan məlumatlar Google tərəfindən müəyyən xidmətlərdəki şəxsi məlumatlarımızı birləşdirərək bizə aid bir “profil” tərtib edə bilər. Yəni hər iki ehtimalla da, Google-un bizim haqqımızda “təsəvvürləri” mövcud olmuş olur. Google özü də bunu inkar etmir və əksinə, bunun məqsədinin “spam elektron poçtları” və s. lazımsız mesajların təsbit edilməsi ilə fərdiləşmiş axtarış nəticələri və reklamlar kimi sizə uyğun şəxsi olaraq uyğun xidmətin göstərilməsi” olduğunu bildirir. Lakin bizim haqqımızda məlumat və parametləri də saxlamaq üçün istifadə edilə bilən cookie-ləri brauzerimizə yerləşdirən Google-a bu mövzuda güvənmək olar mı?
Həmçinin haşiyə olaraq, qeyd etmək istəyirəm ki, son zamanlarda gündəmdən düşməyən ABŞ seçkiləri ilə bağlı, Trumpa yönəldilən ittihamlar da, yuxarıdakı abzasda qeyd etdiyim təhlükədən irəli gəlirdi. Belə ki, yuxarıda qeyd etdiyim qaydada, Cambridge Analytica adlı bir araşdırma şirkəti də bir Facebook cookie-lərindən istifadə edən test tətbiqi yaradır və bunu yükləyən istifadəçilərə bir miqdar pul təklif edir. Tətbiq vasitəsilə, şirkət bu tətbiqi yükləyən istifadəçilərin məlumatları ilə yanaşı Facebook dostlarının da məlumatlarını əldə etmiş olur. Çünki, onsuzda lazımlı infrastruktur Facebook tərəfindən təmin olunmuşdu. Yəni bu tətbiqdən istifadə edən 270 min istifadəçi vasitəsilə, onların facebook dostları ilə birgə 50 milyon istifadəçinin şəxsi məlumatlarını əldə etmiş olurlar. (5) Tətbiq vasitəsilə əldə etdikləri, Facebook bəyənmələri, paylaşımlar, cins, ailə bağlarından şəkillərə qədər, bu geniş miqyaslı şəxsi məlumatlarlarla əllərində böyük bir data baza yaranmış olur və bunu da şəxsiyyət analizi edən və istifadəçilərin profilini çıxaran bir proqramın yaradılması üçün istifadə edirlər. Daha sonra da bu proqramı ABŞ prezident seçkilərində Trump təşviqat kompaniyasında istifadə edirlər və profilini müəyyən etdikləri istifadəçilərə uyğun reklamları göstərərək onları manipulyasiya etməyə çalışırlar. Beləcə təkcə istifadəçilər deyil, fərqində olmadan bu istifadəçilərin dostları da Trumpın manipulyasiyasına məruz qalırlar. Facebook-dan əldə etdiyi məlumatlar əsasında Trump, insanların siyasi seçimlərinə uyğun kompaniya aparır.
İndi isə bir neçə məşhur veb saytların cookie siyasətləri ilə və beləliklə, nə qədər cookie-ləri brauzerinizə yerləşdirildiyi ilə tanış olaq:
The New York Times: 57 cookie
LinkedIn: 28 cookie
BBC: 21 cookie
Azərbaycanda cookie siyasətini hərkəsə açıq elan edən vebsayt tapa bilmədim. BBC Azərbaycan vebsaytında cookie siyasəti elan olunsa da, bu İngilis dilində və BBC UK tərəfindən digər şəbəkələrə təlqin olunan cookie siyasətidir.
Bu məqamda, bir məsələ daha var, bəzi vebsaytlar belə desək, cookie sayına münasibətdə “ağını çıxarırlar”. Misal olaraq, Yahoo şirkətini nümunə çəkmək olar. Yahoo öz cookie siyasətində müəyyən edir ki, bu cookie-lər 455-ə qədər üçüncü tərəf cookie-lər tərəfindən istifadə edilə bilər. Bəli 455! Bu sadəcə olaraq biyabırçılıqdır. Çünki bu cookie-lərin sadəcə çox az hissəsi sayt üzrə xidmətlərin düzgün təqdim olunmasına xidmət edir, əksəriyyətinin isə Yahoo xidmətinə dəxli yoxdur. Yəni, əksər cookie-lər bizi izləmək və daha çox ünvanlı reklamlar göstərmək üçün var.
Bununla yanaşı, bəzən cookie-lərin istifadəsində bəzi məhdudiyyətlər də tətbiq olunur. Bir çox brauzerlər vebsaytlara maksimum 300 cookie (4096 bayt) saxlamağa icazə verir və saxlanılan məlumatların miqyasına dair müəyyən mənada məhdudiyyət tətbiq edir. Həmçinin, bir vebsaytın yerləşdirdiyi cookie-lərin digəri tərəfindən oxunmaması da yaxşı yoldur.
Avropa İttifaqı daxilində ümumi məlumatların qorunması qaydaları (GDPR ) var və bu vebsaytların cookie-lərdən istifadəsi ilə bağlı şəffaf və ağlabatan cookie siyasətini tələb edir. (6) Düzdür bir çox saytlarda, bu cookie siyasətləri ilə bağlı sayta daxil olduqda qarşımıza çıxan banerlər zəhlətökən təsir bağışlasa da, hər bir internet istifadəçisi bu cookie-lərlə tanış olmaq və şəxsi, öz məlumatlarının necə deyərlər, qayğısına qalmaq məcburiyyətindədir. Yəni bu banerləri gördükdə, həmin anda qəbul etmək yerinə, bununla tanış olmalısınız.
Bu vəziyyətdə problemin qarşısını almaq, Avropa İttifaqı daxilindəki kimi məlumatları qorumaq üçün qanunvercilik təminatları olsa da, şirkətlərin əllərində saxladığı məlumatlara nəzarət edilsə belə, daha az ya da daha çox məlumat toplansa belə yenə də çox çətindir. Problem təkcə ayrı-ayrılıqda bu məsələlər deyil, bu münasibətlərin quruluş sistemi özü problemlidir. Yəni, texnologiyanın özü yox, ondan istifadənin tənzimlənməsi gərəklidir və bu özlüyündə mümkünsüz kimi görünür. İnsanlardan internetdə izlənmənin nə demək olduğunu, necə bir təhlükə içərisinəd veb gəzinti etdiklərini, cookie siyasətinin önəmi və şəxsi məlumatlarına sahib çıxa bilmək kimi məsələlərə maksimum diqqətli yanaşmaq tələb olunmalıdır.
Lakin, nəinki, brauzerimizə sirayət edən bu cookie-lərlə bağlı şüurlu istifadəçi davranışı, hətta vebsaytlardan istifadə zamanı istifadəçilərin bağladıqları “müqavilələrə” dair böyük etinasızlıq və problem mövcuddur.
Bu etinasızlıqla bağlı kiçik bir misal vermək istəyirəm.
Biz bilirik ki, proqramlardan istifadə edərkən və əksər vebsaytlardan qeydiyyatdan keçdikdə, istifadəçi müqavilələri bağlamaq tələb olunur. Bu istifadə müqavilələri, əslində bizə pulsuz olaraq xidmətdən istifadə edəcəyimizi vəd edən, lakin qarşılığında bizdən tam olaraq nə alacağını açıqlamayan, açıqlamadağı bu alacağı şeyin isə şəxsi məlumatlarımız olan müqavilələrdir. Buradan belə çıxır ki, şəxsi məlumatlarınızın qapısını elə ən başlanğıcda xidmətdən istifadə üçün istifadə etmək istədiyimiz xidmətlərdən qeydiyyatdan keçəndə açırıq. Saniyələr ərzində bir neçə kliklə bağladığımız bu müqavilələr sonradan bizim üçün olduqca təhlükəli vəziyyətə gəlir. Bu təhlükənin miqyasını bir nümunə ilə açmaq olar: Londonda bir şirkət belə bir sınaq keçirir, insanların qeydiyyatdan keçəndə qəbul etdikləri istifadəçi müqavilə şərtlərində belə bir maddəyə yer verir: “Bu xidmətdən istifadə edərək, dünyaya gələn ilk uşağınızı, şirkət istədiyi vaxt şirkətə təhvil verməyi qəbul etmiş olursunuz. Əgər uşağınız olmazsa, ən çox sevdiyiniz ev heyvanınızı alacağıq. Bu razılaşma həmişə etibarlıdır.” Sınağın nəticəsi olaraq şirkət, xidmətdən istifadə edən hər kəsin bu müqaviləni təsdiq etdiyini, bunun da kimsənin müqaviləni oxumadan həyata keçirdiyini açıqladı. (7) Bu vəziyyətdə insanları təhlükənin miqyası barədə xəbərdarlıq etmək bəlkə də, artıq çox gecdir.
Bir sözlə, vəziyyət olduqca ciddidir. Başda Google olmaqla, demək olar ki, bütün şirkətlər, bütün tətbiqlər məlumat toplayır, satır, emal edir, izləyir. Hətta ayrı ayrı şəxslərə bu izləmənin qarşısının alınması ilə bağlı xidmət sektoru da getdikcə populyarlaşmaqdadır. (8) Ölkəmizdə hələki bu məsələlərin heç bir səviyyədə müzakirə olunmaması isə, çox narahatlıq doğurucudur. Çünki bütün bu hadisələr Zuckerbergin bacarıqsızlığı ilə ortaya çıxmasaydı belə, təhlükənin miqyası bütün dünya üçün eyni dərəcədə ön görülməli idi.
Ümumiləşdirəsi olsaq, cookie-lər internetdən istifadəni və vebsaytlarda gəzinməyimizi asanlaşdırmaq üçün yaradılmışdır və alternativ effektdə bir texnika hələki mövcud deyil. Bu vəziyyətin texnoloji innovasiyaları dünyaya təmin edən iri şirkətlərə xeyir etdiyi bir durumda yəqin ki, uzun müddət alternativ texnika olmayacaq. Hazırki vəziyyətdə isə, cookie-lərdən istifadənin mənfi cəhət odur ki, cookie-lər digər texnikalarla birlikdə böyük korporasiyalar tərəfindən internetdə bizi izləyərək, haqqımızda məlumatlar toplayır. Mövcud durumda bunun qarşısını az da olsa ala bilmək üçün görə biləcəyimiz texniki tədbirlər və dövlətlərin vebsaytlarda uzunmüddətli informasiya siyasətinin tənzimləməsi ilə bağlı atmalı olduğu addımlar və mövcud praktika gələcək yazılarda təhlil olunacaq.
Ardı var.
İstinadlar
- Michael A. Hitt, R. Duane Ireland, Robert E., Strategic Management Cases: Competitiveness and Globalizations, s. 164 (2012)
- “Cookie” sözü dilimizə hərfi mənada peçenyə kimi, anlam olaraq izləyici kodları kimi tərcümə olunur. AMEA-nın son illərdə belə texnoloji terminləri orfoepik tələffüz qaydalarına uyğun yazılışını müəyyən etməsilə analoji olaraq, kuki olaraq da tərcümə oluna bilərdi. Rəsmi heç bir qayda hələki elan olunmadığına görə, həmçinin brauzerlərdə qarşımıza çıxan formada yazılışından istifadə etməyin daha uyğun olduğunu düşündüyüm üçün, bütün yazı boyunca cookie sözündən istifadə etmişəm.
- Wu, H., Chen, W., & Ren, Z. (2010). Securing Cookies with a MAC Address Encrypted Key Ring. Second International Conference on Networks Security, Wireless Communications and Trusted Computing., s. 62
- Google Privacy Policy, Information Google collects, https://policies.google.com/privacy?hl=en-US (son baxış tarixi: 13 may 2020-ci il)
- Leaked: Cambridge Analytica’s blueprint for Trump victory (2018) https://www.theguardian.com/uk-news/2018/mar/23/leaked-cambridge-analyticas-blueprint-for-trump-victory (son baxış tarixi: 13 may 2020-ci il)
- General Data Protection Regulation (GDPR) https://gdpr-info.eu/ (son baxış tarixi: 13 may 2020-ci il)
- Click to agree with what? No one reads terms of service, studies confirm (2017) https://www.theguardian.com/technology/2017/mar/03/terms-of-service-online-contracts-fine-print (son baxış tarixi: 13 may 2020-ci il)
- Cookiepedia – All About Cookies https://www.cookielaw.org/cookiepedia/ (son baxış tarixi: 13 may 2020-ci il)