Müqavilə hüququ məhkəmə praktikası #1 | Bütün dünya ilə müqavilə bağlamaq? (Carlill vs Carbolic Smoke co)

İngilis müqavilə hüququnun ən məhşur məhkəmə işlərindən birisi, heç şübhəsiz Carlill v Carbolic Smoke Ball co keysidir. (1) İşin əsası 1889-94-cü illər arasında dünyada bir milyon insanın ölümünə səbəb olan qrip pandemiyası (2) ilə əlaqədardır. Bu dövrdə Carbolic Smoke Ball Company adlı bir müəssisə fenol ilə doldurulmuş və ölümcül qrip virusundan qoruduğunu iddia etdiyi ‘Carbolic Smoke Ball’ adlı bir məhsul istehsal edir və satışına başlayır.

Şirkət məhsulun tanınmasını təşkil etmək məqsədilə, qəzetlərə reklamlar yerləşdirməyə başlayır. Bu reklamlardan birində, 1891-ci ilin noyabr ayında Pall Mall qəzetində, onlar məhsulun reklamını belə qeyd edirlər: “İnsanlar bu məhsuldan içərisinə yerləşdirilmiş təlimatlara müvafiq olaraq, iki həftə boyunca gündə üç dəfə istifadə etdikdən sonra, artan qrip epidemiyası və ya soyuqdəymə ilə bağlı hər hansı xəstəlikləri yenidən keçirərsə, həmin şəxsə 100 funt sterlinq ödənəcəkdir. Bu məsələdə ciddiliyimizi göstərmək üçün Regent küçəsində yerləşən, Allianz Bankından 1000 funt sterlinq depozitə pul qoyulmuşdur. (…)

Mrs. Carlill adlı bir xanım bu dərmandan alıb istifadə etsə də, yenidən qrip xəstəliyinə tutulur və şirkətdən 100 funt sterlinq tələb etmək qərarına gəlir. Şirkət isə öz növbəsində, reklamın təklif kimi nəzərdə tutulmadığını və onun ciddi olaraq qəbul edilməməsinin, bunun sadəcə bir reklam  “oyunu” olduğunu iddia edərək bu məbləği ödəməkdən imtina edir.

Şirkətin bu arqumenti məhkəmə tərəfindən rədd edilir. Hakim Bowen LJ. aşağıdakı fikirlərlə bunu belə əsaslandırdı:

Şirkət bildirir ki, müqavilə hamı ilə bağlana bilməz. Biz bütün dünya ilə müqavilə bağlamış sayıla bilməzdik. Lakin hesab edirəm ki, burada əsas məsələ bundan ibarət deyil. Bu reklam bütün dünyaya edilmiş bir təklifdir; və sual olunmalıdır ki, nə üçün təklifdə göstərilən şərtləri yerinə yetirən kimsə ilə müqavilə bağlamaq üçün bütün dünyaya təklif verilməməlidir? Təklif hətta bütün dünyaya edilsə belə, müqavilə, daxilində “reklam inancını” hələ də yaşadan və təklif geri götürülməyənədək, bu təklifdəki şərtləri ödəyən cəmiyyətin məhdud hissəsi ilə bağlanır.  Bu, kitablarınızı yaxud evinizi satmaq üçün reklamlarda insanları danışıqlar aparmağa çağırdığınız təkliflərlə eyni deyil. Belə hallarda müqavilənin şərtləri ilə bağlı hansısa informasiya yoxdur. Sadəcə olaraq, məhsulla/xidmətlə bağlı müqavilənin mümkünlüyü insanlara çatdırılır (təkliflər almaq üçün təklif edilir).

(…) Təklif o halda bağlayıcı olur ki, istənilən şəxs həmin təklifdə göstərilən şərtləri yerinə yetirdiyi anda müqavilə bağlanmış hesab olunsun. (…) (3)

Azərbaycan qanunvericiliyi

Müqavilə bağlamaqla bağlı verilən hər təklif əlbəttə ki, oferta sayıla bilməz. Hansı təkliflərin oferta kimi sayılması ilə bağlı Mülki Məcəllə bir çox tələblər qoyur. Mülki Məcəllə müəyyən edir ki, “müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.” (4)

Maddənin mətnində də göründüyü kimi, təklifin oferta hesab edilməsi üçün bir sıra tələblər var. Birinci növbədə maddədə qeyd olunur ki, oferta konkret olmalıdır. Yəni, oferta konkret olaraq bir və ya bir neçə şəxsə ünvanlanmalıdır. Əgər müqavilə bağlamaq barədə təklif dairəsi məlum olmayan, yəni qeyri-müəyyən dairədən olan şəxslərə ünvanlanarsa, bu, oferta kimi qəbul edilmir. Bu təklif ofertaya dəvət sayılır. Bununla bağlı Məcəllənin 408.2-ci maddəsində birbaşa göstəriş var: “şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır”.  Bir sözlə, təklif  dairəsi naməlum olan şəxslərə ünvanlanırsa, o ofertaya dəvət hesab edilir.

Ofertaya dəvət etmək isə reklam kimi qiymətləndirilir. Reklam qeyri-müəyyən şəxslərə ünvanlanır və bir qayda olaraq, müqavilə bağlamaq üçün kifayət etmir. Reklamın əsas qayə və məqsədi əmtəənin başlıca xüsusiyyət və xassələrini müştərilərə nümayiş etdirməkdən ibarətdir. Buna görə də şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış reklam ofertaya dəvət sayılır. Lakin reklamda ayrı qayda birbaşa göstərilə bilər. 

Deməli bəzi məqamlarda dairəsi məlum olmayan şəxslərə ünvanlanan təklif ofertaya dəvət yox, oferta hesab edilir. Yəni, göstərilən bu cür təklif müəyyən şərtlər əsasında ümumi oferta hesab edilə bilər. Bunun üçün zəruridir ki, birincisi, təklif müqavilənin bütün mühüm şərtlərini əks etdirsin. İkincisi, həmin təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni ona cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünsün. Bu iki şərt mövcud olduqda, şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklif onu irəli sürən şəxsin iradəsini və müqavilənin bütün mühüm şərtlərini ifadə etdiyinə görə ümumi oferta hesab edilir.

Məcəllənin 408.7-ci maddəsində həmçinin, ümumi ofertaya anlayış verilir, “əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır”.  Belə oferta şəxslərin qeyri-müəyyən dairəsinə, yəni istənilən hər bir kəsə ünvanlanır. Yuxarıdaki məhkəmə işində də, reklam “bütün dünyaya edilən” və bütün mühüm şərtləri özündə ehtiva etdiyi üçün, bu ümumi oferta hesab olunur. Beləliklə, xanım Carlill bu ümumi ofertanı qəbul edərək, aralarındakı müqavilə münasibətlərini təsbit etmişdir.

İstinadlar:

  1. Məhkəmə işini tam formatda əldə edə bilmədiyim üçün, bir çox mənbələrdən istifadə edərək, işin ümumi məğzini çatdırmağa çalışmışam.
  2. Pandemiya  – yoluxucu xəstəliyin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri bürüməsinə deyilir.
  3. Jan M. Smiths, Contract Law: a comparative introduction, 48 (2014)
  4. Mülki Məcəllənin 408.1-ci maddəsi.

Hüquq firmalarının/fərdi vəkillərin sosial şəbəkədə brendləşməsi üçün faydalı 6 məsləhət

Özünü onlayn olaraq necə təmsil etmək, fərdi vəkil yaxud böyük bir firmanın vəkili olmaqdan asılı olmayaraq çox vacibdir. Yaxşı yaradılmış bir marka, vəkil olaraq prespektivləri artırmaqla yanaşı, bir şəxs olaraq, məqsəd və dəyərləri müəyyən etməkdə faydalıdır. Hüquq firmalarının brendləşməsi onların adının tanınmağının genişləndirilməsi, cari və prespektiv müştərilərdə inam yaratmaq üçün xeyli vacibdir. Bugünki rəqəmsal “mühitdə” marka şəxsiyyəti sosial şəbəkələrin mövcudluğu ilə birbaşa əlaqəlidir. Şəxsi brendlərini yaradaraq vəkillər öz nüfuzlarını artıra və firmalarına daha çox müştəri cəlb edə bilərlər. Təəssüf ki, bu həmişə asan məsələ deyil – bir vəkil kimi sosial media mənzərəsi rəqabətlidir, amma adın önə çıxarılması üçün istifadə olunacaq bir neçə strategiya mövcuddur.

  1. Sosial şəbəkədəki profillərin qaydaya salınması

Əvvəlcə sosial şəbəkədəki profilləri təmizləməklə (köhnə, işlək olmayan profillər, habelə eyni adda fake profillər) işə başlamaq olar. Şəxsi profillərdən ayrı peşəkar səhifələrin yaradılması lazımdır və istifadəçilərin sizi tapmasını çətinləşdirə biləcək əlavə profillər silinməlidir. Profil şəkli üçün peşəkar və yüksək keyfiyyətli bir profil şəkli olmalıdır və bütün profillər üçün bunu istifadə etmək daha yaxşıdır – ardıcıl bir şəkil ardıcıl bir markanın yaranmasını asanlaşdırır. Nəhayət, sosial şəbəkədə bio(özünüz haqda) yazarkən, özünüzü insanlara necə tanıtmaq istədiyinizi fikirləşin. Bacarıq və xidmətlərinizi izah edərkən müvafiq açar sözlər daxil etmək vacibdir, lakin bionu mümkün qədər orjinal hala gətirmək üçün vaxt və səy sərf etmək lazımdır.

2. Öz auditoriyanı tanımaq

Hədəf auditoriyası əvvəlcə markanı məhşurlaşdırmaq üçün hansı platformalardan istifadə etməyin lazım olduğunu müəyyən edəcək. Unudulmamalıdır ki, Linkedin və Tvitter daha çox peşəkarlar tərəfindən, Facebok İnstaqrama nisbətən daha yaşlı nəsillər tərəfindən istifadə olunur. Məsələn, əgər “yaşlı” bir vəkilsinizsə, markanızı İnstaqramda böyütməyə çalışmaq lazım deyil. Hədəf kütləniz üçün bu platforma uyğun olmayacaq. İzləyiciləriniz həmçinin sizin şəbəkədəki mövqeyinizi də müəyyən edir. Yuxarıda qeyd etdiyim kimi, bir yaşlı vəkil olaraq, özünüzü bir sıra mövzularda (ixtisaslaşdığınız/söz sahibi ola biləcəyiniz mövzularda) konkret olmaq lazımdır, özünüzü qətiyyətli mövqe sahibi kimi təqdim etməyiniz daha məntiqlidir. Yazdığınız məzmun boyunca bu mövzu və tonu ardıcıl saxlamağa çalışacaqsınız, buna görə də izləyiciləriniz sizi izləyərək nə gözlədiyini biləcək. Nəticədə insanlar məlumat axtararkən sizin mövqenizi və yanaşmalarınızı şəxsi brendinizlə əlaqələndirəcəklər. Məsələn, facebookda bu mənada ən uğurlu nümunə, hüquqşünas Əkrəm Həsənovun xüsusilə bank hüququ sahəsindəki mövqeyini göstərmək olar. Yaxşı kütləli xəbər saytlarında bank hüququna dair açıqlamaları ortalama 700-800 görüntüləmə alı və statuslarını isə daim izləyən bir kütləsi var. (axırıncı korona virus barədə müsahibəsini haşiyə olaraq çıxsaq, çox uğurludur)

3. Bir-biri ilə əlaqəli məzmunlar yaradın

Təcrübəli olduğunuz mövzular tez tez sosial şəbəkənin trendinə çevrilə bilər. Birdən çox spesifik sahədə təcrübəlisinizsə, ən çox həvəsli olduğunuz və ya yaradıcı, cəlbedici məzmuna yaxşı cavab verən birini seçin. Yenə də ardıcıllıq əsasdır – bu mövzu ilə əlaqəli yazılardan yapışmağa çalışın. Unutmayın ki, məzmun hər sosial platforma üçün fərqlənəcəkdir. Twitter və LinkedIn, əsasən xəbər yeniləmələri və blog yazıları üçün istifadə edilməlidir, halbuki Facebook və Instagram bir qədər daha çox şəxsi yanaşmanı tələb edən sosial platformalardır. Məsələn, facebookda 34 minə yaxın üzvlü Hüquqşünaslar qrupunda vəkil Aqil Layıcın türk xəbər saytlarından ara-sıra etdiyi tərcümələri buna misal gətirmək olar. Xüsusilə, mülki/ailə sahəsində maraqlı xəbərləri seçərək, etdiyi paylaşımlar ortalama 200-300 bəyənmə alır, düzgün auditoriyada düzgün ardıcıllıqla çox yaxşı iş görür.  

4. İzləyicilərinizlə daim kontaktda olun

“Sosial varlığınızın” yalnız birtərəfli olmaması vacibdir.  İzləyicilərin qazanılmasına və əlaqələrin genişləndirilməsinə kömək etmək üçün şərhləri bəyəndiyinizə və reaksiya verdiyinizə, başqalarını izlədiyinizə və cavab verdiyinizə əmin olun. Kimsə sizə şəxsi mesaj göndərirsə, vaxtında və nəzakətli (uyğun) cavab verməyiniz vacibdir. Məsələn, Aslan İsmayılov facebookda şəxsi profilində 20 minə qədər, şəxsi səhifəsində isə 300 mindən artıq izləyicisi olmasına baxmayaraq, daim həm gündəmlə yaxındır, həm hüquqşünas kimliyini qoruya bilir, həm də izləyiciləri ilə qədərində qurduğu kontakt çox qənaətbəxşdir, hətta düşünürəm ki, şəxsi sosial media meneceri olan az sayıda hüquqşünaslardan biridir.  Bundan əlavə, Facebook və LinkedIn qruplarına qoşulmaq həm şəxsi, həm də peşəkar icmalarla daha da qarşılıqlı əlaqə qurmağa imkan verəcəkdir.

5. Həddindən artıq post paylaşmayın, həddindən artıq reklam lazım deyil

Bu iki hərəkət bir çox izləyicilərin itirilməsi üçün ən etibarlı yollardan biridir. Yazı tezliyi baxımından, ardıcıl, lakin uyğun bir post paylaşma işinin qurulmasına kömək etmək üçün sosial şəbəkə təqviminin yaradılması zəruridir. Yazı tezliyi platforma ilə bağlı olaraq, dəyişə də bilir – gündə 3-4 tvit göndərmək məqbuldur, lakin Lindekin və İnstaqramı gündə bir dəfə və ya hər gün istifadə etməyə çalışmaq lazımdır. Əlavə olaraq, reklam və reklam olmayan paylaşımlar arasında doğru bir balansın saxlanılması da vacibdir. Mükafatları və uğurları izləyicilərlə bölüşmək yaxşıdır; yalnız özünüzü reklam etdiyiniz yazılarınızın digər yazılara nisbətini diqqətdə saxlayın.

6. Böhran vəziyyətində nə edəcəyinizi bilin

Firmanızın müsbət marka imicini qurmaq üçün göstərdiyi bütün səylərdən sonra üzləşmək istəniləcək son şey, firmanın nüfuzuna xələl gətirəcək sosial şəbəkə böhranıdır. Xüsusilə müştərilər tərəfindən etibarlı və peşəkar kimi görünməyə çalışan hüquq firması olaraq, böhranların baş verməməsinə çalışmaq və əgər varsa bunu etmək üçün bir fəaliyyət planı hazırlamaq lazımdır. Məsələn, böhrana nümunə olaraq, ölkə gündəmi ilə bağlı hər hansı əks mövqe ortaya qoyanda adətən sosial şəbəkə “bullinqə” üzləşməyiniz qaçınılmazdır. Belə böhranlar baş verdikdə, firmanızın necə və nəyə cavab verəcəyi və böhranın irəliləməməsi üçün bir plan qurduğunuzdan əmin olun. Həmçinin, gündəmi lehinizə çevirəcək addımlar da atmaq olar, məsələn Trumpın impiçment məsələsinin gündəmi zəbt etdiyi bir dövrdə, hərkəsin əlbəttə ən çox maraqlındığı məsələ impiçment olacaq, bu barədə daha çox yazılar paylaşmaq, daha çox sizi tanıda bilər.

Natiq Cəfərov Azərbaycana qarşı Avropa Məhkəməsinin qərarı (tam mətndə tərcümə)

Məhkəmə işi öz tərəfimdən tərcümə olunub, tərcümədəki uyğunsuzluqlar barədə mənə bildirsəniz sevinərəm.
P.S. Həmçinin, tərcümənin word faylını buradan endirib oxuya bilərsiniz.

CASE OF NATIG JAFAROV v. AZERBAIJAN

(Ərizə no. 64581/16)

QƏRAR

STRAZBURQ

7 NOYABR 2019

Natiq Cəfərov Azərbaycana qarşı məhkəmə işində,

2019-cu il oktyabrın 8-də qapalı oturumda

Sədr: Angelika Nußberger
Hakimlər:

Ganna Yudkivska,
Yonko Grozev,
Síofra O’Leary,
Mārtiņš Mits,
Lәtif Hüseynov,
Lado Chanturia, 

eləcə də Bölmə qeydiyyatçısı  Claudia Westerdie

tərkibində Palata kimi toplanmış

Avropa İnsan Haqları Məhkəməsi (Beşinci bölmə)

Natiq Cəfərlinin Azərbaycana qarşı işinə dair həmin gün qəbul etdiyi aşağıdakı qərarı təqdim edir:

PROSEDUR

1.İş Azərbaycan  vətəndaşı Natiq Mehman oğlu Cəfərli İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında Konvensiyanın 34-cü maddəsinə müvafiq olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (bundan sonra-Avropa Məhkəməsi) Azərbaycan Respublikasına qarşı verilmiş 64581/16 saylı şikayəti əsasında 26 oktyabr 2016-cı ildə başlanmışdır.

2. Ərizəçinin maraqlarını Azərbaycanda vəkil kimi fəaliyyət göstərən C.Cavadov təmsil etmişdir. Azərbaycan hakimiyyəti  Ç.Əsgərov tərəfindən təmsil olunmuşdur.

3. Ərizəçi xüsusən də məhkəmə zalında metal qəfəsdə (tərcüməçidən-məhkəmə işinin orjinalında “metal cage” ifadəsindən istifadə olunur) saxlanmasının Konvensiyanın 3-cü maddəsinə zidd olduğunu və həbs edilməsi və məhkəməyə qədər həbs müddətinin Konvensiyanın 5,11 və 18ci maddələrini pozduğunu iddia etdi.

4. 12 mart 2018-ci il tarixində Hökumətə Konvensiyanın 3, 5, 11 və 18-ci maddələrinə əsasən şikayətlər barədə bildiriş verildi və Məhkəmə Qaydalarının 54-cü Maddəsinin 3-cü bəndinə əsasən ərizənin qalan hissəsi qeyri-məqbul elan edildi.

FAKTLAR

I.  İŞƏ AİD HALLAR

  • Ərizəçi 1972-ci ildə anadan olmuşdur və Bakıda yaşayır.
  • İşin faktları Rəsul Cəfərov Azərbaycana qarşı (no. 69981/14, 17 Mart 2016), Məmmədli Azərbaycana qarşı (no. 47145/14, 19 Aprel 2018) və Əliyev Azərbaycana qarşı  (nos. 68762/14 and 71200/14, 20 September 2018) işlərindəki faktlarla oxşardır, belə ki, bu işlərdə də ərizəçilər oxşar cinayət ittihamları ilə həbs olunmuşdular.
  • Ərizəçi Respublikaçı Alternativ Vətəndaş Hərəkatının (REAL) həmtəsisçisi və İdarə Heyətinin üzvüdür. O, siyasi fəaldır və Facebook-da ölkədəki iqtisadi və sosial problemlərlə bağlı dərc olunan tənqidi məqalələri ilə məşhurdur.

8. 22 aprel 2014-cü ildə Baş Prokurorluq bir sıra qeyri-hökümət təşkilatlarının maliyyə fəaliyyətində ehtimal olunan qanun pozuntuları ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlatmışdır. Ərizəçi həmçinin bir neçə dəfə bu məhkəmə prosesləri ilə əlaqədar şahid qismində dindirilmişdir.

9. Bu məhkəmə prosesləri çərçivəsində REAL İdarə Heyətinin digər bir üzvü olan Rəsul Cəfərov qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs olunmuşdur.

10. 18 iyul 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti ölkə Konstitusiyasına 29 dəyişiklikdən ibarət Referendum aktı layihəsini təqdim etdi. Təklif olunan dəyişikliklərdə, xüsusən Prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qaldırılması, vitse prezidentlərin təyin olunması və vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi, habelə Parlamentin buraxılması üçün səlahiyyətlərin verilməsi nəzərdə tutulmuşdu.

11. 26 iyul 2016-cı ildə Hökümət 26 sentyabr 2016-cı ildə konstitusiyaya 29 dəyişikliklə bağlı referendum keçiriləcəyini elan etdi.

12. Hökümətin bunu elan etməsindən sonra REAL Kontitusiyaya dəyişikliklərlə bağlı referendum aktına qarşı kampaniya aparmaq qərarına gəldi və Mərkəzi Seçki Komissiyasında (MSK) bir təşviqat qrupunu qeydiyyata almaq üçün imzalar toplama prosesinə başladı. Ərizəçi və cənab T.İ , REAL tərəfindən tələb olunan imzaları toplamaq və təşviqat məqsədilə MSK-dakı səlahiyyətli nümayəndələr olaraq təyin edilirlər.

  1. 12 avqust 2016-cı ildə ərizəçi barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlandı və barəsində ittiham elan olundu. İttihamların mahiyyəti Rəsul Cəfərov Azərbaycana qarşı, Məmmədli Azərbaycana qarşı və Əliyev Azərbaycana qarşı işlərində sözügedən ittihamlara bənzər idi. Ərizəçi, 2011-2014-cü illər arasında olan müxtəlif layihələr çərçivəsində Amerika Birləşmiş Ştatlarının Demokratiya Milli Fondu (NED) tərəfindən verilən qrantları müvafiq icra hakimiyyəti orqanında qeydiyyata almamaqla, müxtəlif bank hesablarına müvafiq qrant müqavilələrindəki məbləğləri özünə və layihələrdə iştirak edən şəxslərə əmək haqqı və xidmət haqqı qismində köçürməklə, yuxarıda bəhs edilən cinayət əməllərini törətməkdə ittiham edildi.

14. Həmin gün Nəsimi Rayon Məhkəməsində ərizəçiyə qarşı ittiham irəli sürüldü və məhkəmə prokurorun ərizəçi barədə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxdı. Məhkəmə ittihamın ağırlığı və ərizəçinin azadlığa buaxıldığı təqdirdə gizlənəcəyi və yaxud istintaqın gedişinə mane ola biləcəyini əsas gətirərək, ərizəçi barədə dörd ay müddətinə həbs qətimkan tədbirinin seçilməsini qərara aldı.

15. Həmçinin 15 avqust 2016-cı ildə cənab T.İ və REAL-ın daha bir üzvü İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə həbs edilmiş və yeddi günlük inzibati həbsə məhkum edilmişdir.

16. 15 avqust 2016-cı ildə ərizəçi, həbsinin qanunsuz olduğunu iddia edərək, Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli qərarından şikayət etdi. Xüsusilə, o bildirdi ki, onun cinayət əməli törətdiyinə dair heç bir əsaslı şübhə yoxdur və həbs qətimkan tədbirinin tətbiq olunmasına dair də  heç bir əsas yoxdur. Ərizəçi daha sonra, Konvensiyanın 18-ci maddəsinə əsaslanaraq, ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu və həbsinin əsl məqsədinin onu susdurmaqdan ibarət olduğunu bildirdi.

17. 17 avqust 2016-cı il tarixində Bakı Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd etdi və birinci instansiya məhkəməsinin qərarını qanuni hesab etdi. Ərizəçinin sözlərinə görə, məhkəmə iclası zamanı o, məhkəmə zalındakı metal qəfəsdə saxlanılıb. O iddiasını dəstəkləmək üçün iş materiallarına fotoşəkillər əlavə etmişdir.

18. Eyni gündə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin sözçüsü aşağıdakı açıqlamanı verdi:

“REAL partiyasının icra katibinin [ərizəçinin] həbsi konstitusiyaya dəyişikliklərlin bağlı referendum kampaniyalarından cəmi altı həftə əvvəl gəlir, hansı kı, ərizəçinin partiyası bu dəyişikliklərin əleyhinə referendum kampaniyalarını aparır. Onun həbsi və barəsində dörd ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, təşviqatla məşğul olan digər insanların həbs olunmaları ilə bağlı narahatlıq doğuran xəbərləri üstələyir.”

19. 18 avqust 2016-cı il tarixində bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları birgə bəyanat dərc etdilər, əlaqəli hissələri aşağıdakı kimi oxundu:

Azərbaycan: Referendumdan qabaq yenilənmiş insan hüquqları

QOŞULMA BƏYANATI

“Konstitusiya referendumundan altı həftə əvvəl Azərbaycan hakimiyyəti tənqidi səsləri susdurmaq üçün yeni repressiya dalğasını işə saldı …

Avqustun 12-də görkəmli azərbaycanlı iqtisadçı və müxalif Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi [ərizəçi] qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edildi və barəsində 4 ay həbs qətimkan tədbiri seçildi …

Avqustun 13-də NİDA Vətəndaş Hərəkatı fəalı [E.G.] həbs edildi, həftə sonuna kimi məlumatsız saxladıldı, 15 avqustda narkotik maddə saxlamaqda ittiham edildi və barəsində 4 ay həbs qətimkan tədbiri seçildi. Avqustun 15-də REAL hərəkatının gənc fəalları [T.İ.] və [E.H.] polisə müqavimət ittihamı ilə həbs edilmiş və hər biri yeddi günlük inzibati həbs cəzasına məhkum edilmişdir. Hakimiyyət vətəndaş fəalı və keçmiş siyasi məhbusdan da  [B.H.], yan keçmədi Onu dindirməyə çağırdı və sonra üç gün ərzində davam edən məhkəmə iclasına apardı. “Xırda xuliqanlıq” ittihamı ilə 100 manat cərimələndi …

20. 22 Avqust 2016-cı il tarixində REAL nümayəndələri, REAL adından referendum kampaniyasının hazırlanmasında fəal iştirak etmiş ərizəçi də daxil olmaqla, mətbuat konfransı zamanı referendum kampaniyasında iştirak etməmək qərarına gəldiklərini və siyasi təzyiqlər səbəbiylə tələb olunan imzanı toplamağı dayandırdıqlarını və xüsusən də bəzi REAL üzvlərinin həbsi səbəbindən belə qərar verdiklərini bildirdilər.

21. 3 sentyabr 2016-cı il tarixində referendum təşviqat kampaniyası rəsmi olaraq başladı.

22. 4 sentyabr 2016-cı ildə ərizəçi həbs qətimkan tədbirinin, və ya ev dustaqlığı və ya girov müqabilində azadlığa buraxılması ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinə müraciət etdi.

23. 6 sentyabr 2016-cı ildə Nəsimi Rayon Məhkəməsi onun ərizəsini rədd etdi.

24. 9 sentyabr 2016-cı ildə ərizəçi bu qərardan apellyasiya şikayəti verdi.

25. Həmin gün prokuror işə baxan Nəsimi Rayon Məhkəməsinə müraciət etdi və ərizəçinin  həbs müddətini əsaslandıran əsaslar olmadığından həbs qətimkan tədbirinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Elə həmin gün Nəsimi Rayon Məhkəməsi, prokurorun tələbini təmin etdi və ərizəçinin dərhal sərbəst buraxılması barədə qərar verdi. Ərizəçi 6 sentyabr 2016-cı il tarixli qərardan apellyasiya şikayətini geri götürdü.

26. 26 sentyabr 2016-cı ildə konstitusiya referendumu planlaşdırıldığı kimi keçirildi. Rəsmi yekun nəticələrə görə, iyirmi doqquz konstitusiya dəyişikliyi ilə bağlı seçicilərin 83% – 91%-i bunun lehində qərar verdilər.    .

27. 17 avqust 2017-ci ildə prokurorluq orqanları ərizəçiyə qarşı cinayət işinə xitam verilməsi barədə qərar qəbul etdilər.

II.   MÜVAFİQ ÖLKƏDAXİLİ QANUNLAR

28. Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin müvafiq müddəalarının, habelə müvafiq beynəlxalq hesabatların ətraflı təsviri Rəsul Cəfərovun işindən (§§ 50 84) tapıla bilər.

HÜQUQ

I.  KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZULMASI HAQQINDA İDDİA

  • Ərizəçi Konvensiyanın 3-cü maddəsinə əsaslanaraq öz şikayətində bildirdi ki, 17 avqust 2016-cı il tarixli apelyasiya iclası zamanı məhkəmə zalında metal qəfəsdə saxlanılması onun insan ləyaqətini pozub və alçaldıcı rəftara bərabərdir. Konvensiyanın 3-cü maddəsində deyilir:

“Heç kim işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”

A.  Məqbulluq

1.  Tərəflərin təqdimatları

30. Hökümət öz növbəsində bildirdi ki, ərizəçinin şikayətinə dair daxili müdafiə vasitələri tükənməmişdir. Onlar həmçinin bildirdilər ki, ərizəçi bu məsələni (tər. metal qəfəsdə saxlanılması) işə baxan məhkəmənin diqqətinə çatdıra bilməmişdir və onun metal qəfəsdən çıxarılmasına dair tələbdən məhrum edilməmişdi. Bundan əlavə, ərizəçi məhkəmə zalında saxlanma şəraitindən etdiyi şikayətə dair xahişini də geri götürmüşdür.

31.  Hökümət həmçinin, bildirdi ki, ərizəçinin şikayəti əsassızdır, çünki ərizəçinin iş materiallarına əlavə etdiyi fotoşəklin 17 avqust 2016-cı il tarixli apelyasiya iclası zamanı çəkildiyini sübut edəcək heç bir başqa fakt yoxdur. Hökümət həmçinin bildirdi ki, həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə prosesi kamerada qeydə alınmışdır və bir qayda olaraq, şəklin mənbəyi mübahisəlidir.

32. Ərizəçi Hökümətin bu mövqeyi ilə razılaşmadı və qeyd etdi ki, təqdim olunan şəkildə onun penitensiar xidmətin nəzarəti altında metal qəfəsdə saxlanıldığını açıq şəkildə görünür. Ərizəçi həmçinin qeyd etdi ki,  təqsirləndirilən şəxslərin məhkəmə zalında metal qəfəsdə saxlanılması məhkəmələrdə təşəkkül tapmış bir praktikadır. Bununla birlikdə, ərizəçi məhkəməyə 11 sentyabr 2018-ci ildə baş tutan məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin eyni məhkəmə zalında metal qəfəsdə saxlanılan başqa bir təqsirləndirilən şəxsin fotoşəklinin surətini təqdim etdi. O həmçinin, praktikaya uyğun olaraq, tükənəcək hansısa başqa daxili müdafiə vasitəsinin olmadığını bildirdi.

  •   Bu Məhkəmənin qiymətləndirməsi

33. Hökümət ərizəçinin daxili müdafiə vasitələrinin tükənməsi ilə bağlı qaydaya əməl etmədiyini iddia etdiyinə görə, Məhkəmə qeyd edir ki, hökümət öz fikrincə təsirli bir vasitə ola biləcək hərəkət növünü kifayət qədər dəqiqliklə ifadə etməmişdir, həmçinin bu hərəkətin iddia edilən pozuntunun qarşısını ala biləcəyi və yaxud ərizəçiyə adekvat təzminatı təmin edə biləcəyinə dair də əlavə məlumat verməmişdir. Hökümətin ərizəçinin bu məsələni işə baxan məhkəmənin diqqətinə çatdırmadığına dair arqumentinə gəldikdə, onlar təqsirləndirilən şəxsə, şəxsin qəfəsdən azad edilməsilə bağlı müraciətə dair daxili qanunvericilik və ya praktikada mövcud proseduru bildirməmişdilər. (müqayisə Čalovskis  Latviyaya qarşı iş, no. 22205/13, § 91, 24 İyul 2014) Bundan əlavə, Hökümət təqsirləndirilən şəxslərin cinayət prosesində məhkəmə qarşısına çıxdıqları zaman metal qəfəslərə qoyulmasının ərizəçinin iddia etdiyi kimi ümumi təcrübə olmasına etiraz etmir. ( (bax Svinarenko və Slyadnev Rusiyaya qarşı. [GC], № 32541/ 08 və 43441/08). Bu fakt həmçinin, ərizəçinin yaxınlarda baş tutmuş məhkəmə prosesində təqsirləndirilən şəxsin metal qəfəsdə saxlanmasına dair  təqdim etdiyi fotonun surəti ilə də təsdiqlənir. Bu kontekstdə, hökümətin ərizəçinin şikayətinin əsassız olduğuna dair növbəti arqumenti barədə, məhkəmə qeyd edir ki, ondan əvvəl materiallarda onların gəldiyi nəticəni dəstəkləyən heç nə yoxdur. Məhkəmə əvvəlki bəzi həbs şəraiti işlərində (tər. conditions-of-detention cases) olduğu kimi, burada da yalnız cavabdeh hökümətin belə informasiyaları təsdiqləmək yaxud təkzib etmək üçün məlumatlar əldə etməsinin mümkün olduğunu bildirir. Xüsusən, hökümətin belə əlaqədar materialları yığması lazımdır. (bax Ananyev və başqaları Rusiyaya qarşı, № 42525/07 və 60800/08, § 123, 10 yanvar 2012) Lakin, hazırki işdə Hökümət ərizəçinin iddiasını təkzib etmək üçün heç bir sübut gətirmədi.

34. Yuxarıdakı əsaslara görə, Məhkəmə hesab edir ki, daxili müdafiə vasitələrinin tükədilməməsi əsası ilə bu şikayət rədd edilə bilməz.  Məhkəmə, həmçinin Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinə görə şikayətin açıq aşkar əsassız olmadığı qənaətinə gəlir.

B.  Məzmun

35. Hökümət 17 avqust 2016-cı il tarixli məhkəmə iclasında mətbuatın və ictimaiyyətin olmadığını və yalnız ərizəçinin, onun vəkillərinin, prokurorların, məhkəmə katibinin və bir hakimin iştirak etdiyini bildirdi.

36. Ərizəçi şikayətini təkrarladı.

37. Məhkəmə bir daha bildirir ki,  Konvensiyanın 3cü maddəsində bəhsi keçən “alçaldıcı” davranış, insan ləyaqətinə hörmətsizlik göstərildikdə və ya azaltdıqda, qorxu, əzab hissi oyatdıqda, yaxud bir insanın mənəvi və fiziki müqavimətini poza biləcək çatışmazlığı oyatdıqda bəhsi keçən maddənin mənası daxilində alçaldıcı hesab olunur. (bax M.S.S. Belçika və Yunanistana qarşı, no. 30696/09, § 220, AİHM 2011, və El-Masri Makedoniyanın köhnə Yuqoslaviya Respublikasına qarşı [GC], no. 39630/09, § 202, ECHR 2012). Davranışın ictimai xarakteri (tər. burada alçaldıcı davranışın ictimaiyyət arasında sərgilənib sərgilənməməsini ifadə edir),  Konvensiyanın 3-cü maddəsinin mənası baxımından davranışın “alçaldıcı” olub olmadığını qiymətləndirmək üçün, əlaqəli yaxud ağırlaşdırıcı bir amil ola bilər. Lakin,  ictimai xarakterin olmaması, müəyyən davranışın bu alçaldıcı kateqoriyaya düşməsinə mane olmur: yəni zərər çəkmiş şəxsin başqalarının gözü qarşısında olmasa da, öz gözündə alçaldılması da kifayət edə bilər. (bax: Tyrer Birləşmiş Krallıq qarşı. 25 aprel 1978, § 32, A seriyası 26 nömrəli; Erdoğan Yağız, Türkiyəyə qarşı, 27473/02, § 37, 6 mart 2007 və Kummer Çex Respublikasına qarşı, № 32133/11, § 64, 25 İyul 2013).

  • Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, bir şəxsi məhkəmə zalında metal qəfəsdə saxlamağın özü – onun obyektiv dərəcədə alçaldıcı təbiətinə, demokratik cəmiyyətin əlamətlərindən olan sivil davranış normalarına uyğun olmayan təbiətinə görə, insan ləyaqətinə təhqirdir və insan ləyaqətini alçadlr. Belə davranış Konvensiyanın 3-cü maddəsinin əhatə dairəsinə düşür (bax: Svinarenko və Slyadnev, yuxarıda göstərilmişdir, §§ 122-39; Urazov Rusiyaya qarşı, № 42147/05, §§ 82-83, 14) İyun 2016; və Vorontsov və başqaları Rusiyaya qarşı, № 59655/14 və 2 digər, § 31, 31 yanvar 2017).

39. Məhkəmə qeyd edir ki, məhkəmə dinləmələri (baxışı) zamanı, ərizəçilərin metal qəfəslərdə saxlanması səbəbindən Konvensiyanın 3-cü maddəsinin pozulduğunu aşkar etdiyi əvvəlki məhkəmə işlərindən fərqli olaraq, hökümətin qeyd etdiyi kimi kamerada qeydə alınan bu işdə, ərizəçi qəti imkan tədbirinin seçilməsi zamanı (pre-trial detention) metal qəfəsdə saxlanılmışdır. Hökümət beləliklə bir daha mübahisələndirə bilər ki, məhkəmə prosesində ərizəçinin vəkilləri, prokurorlar və məhkəmə katibi iştirak etsələr də, ictimaiyyət üçün qapalı idi və ərizəçi ictimaiyyət qarşısında metal qəfəsdə saxlanmamışdır. Lakin, Məhkəmə bir daha qeyd edir ki, müəyyən davranışın ictimaiyyətə qapalı olması, onun davranışının alçaldıcı rəftar kateqoriyasına düşməsinə mane olmur. (bax yuxarıda 37-ci paraqraf).

40. Bu kimi hallarda, məhkəmə bir şəxsin metal qəfəsdə saxlanmasının obyektiv alçaldıcı xarakterini nəzərə alaraq, hesab edir ki, ərizəçinin məhkəməyə qədər həbs qətimkan tədbiri ilə bağlı apelyasiya prosesi zamanı metal qəfəsdə saxlanması alçaldıcı rəftara bərabərdir. ( müqayisə edin, Karachentsev Rusiyaya qarşı, no. 23229/11, § 53, 17 Aprel 2018)

41. Buna görə də, Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.

II.  KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN POZULMASI İDDİASI

  • Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci, 3-cü və 4-cü bəndlərinə əsasən, onun tutulması və həbsinin qanunsuz və əsassız olduğundan, cinayət əməli törətdiyinə dair əsaslı şübhə olmadığından və daxili məhkəmələrin həbsinə səmərəli məhkəmə baxışının keçirilməsindən və onu kifayət qədər əsaslandırmamasından şikayət etdi. Konvensiyanın 5-ci maddəsinin müvafiq hissələrində deyilir:

“1.  Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:…

(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;

3.  Bu maddənin 1-ci bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər

4.  Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.

A.  Məqbulluq

43. Məhkəmə qeyd edir ki,  ərizəçinin Avropa İnsan Haqları Məhkəməsinə verdiyi bu şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsinin (a) bəndinə əsasən açıq şəkildə əsassız deyildir, ona görə də şikayətlər məqbul hesab edilməlidir.

B.  Məzmun

1.  Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin (c) bəndi və 3-cü hissələrinin, məhkəmənin həbsin davam etməsi üçün əlaqəli və kifayət qədər  əsaslandırılmış əsaslar təqdim edə bilməməsi və əsaslı şübhənin olmaması səbəbindən pozulması.

(a)  Tərəflərin təqdimatları

44. Ərizəçi, Məhkəmənin Rəsul Cəfərov Azərbaycana qarşı (no. 69981/14, 17 Mart 2016) qərarına istinad edərək, özünün də oxşar hallarda oxşar cinayətlərdə ittiham oldunduğunu və həmçinin özünün də cinayət əməli törətdiyinə dair heç bir əsaslı şübhə olmamasını əsas gətirdi. O, həmçinin şikayətinin davamında yerli məhkəmələrin onun həbs müddətini əsaslandıran “əlaqəli və kifayət qədər” səbəb göstərə bilməməsini də qeyd etdi.

45. Hökümət bildirdi ki, Ərizəçinin Cinayət Məcəlləsinin 192.1 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş ola biləcəyi barədə əsaslı şübhəyə gətirəcək kifayət qədər dəlil, fakt və informasiya var. Müdafiələrinə əlavə olaraq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2015-ci il tarixli maliyyə ekspertiza qərarının surətini də təqdim etdilər. Hökümət daha sonra bildirdi ki, ərizəçinin məhkəməyə qədərki həbsi əsaslandırılmış və kifayət qədər əsaslıdır.

(b)  Bu Məhkəmənin qiymətləndirməsi

46. Məhkəmə bildirir ki, ərizəçinin şikayətləri əsasında qaldırılan məsələlər Məhkəmənin yaxşı qurulmuş presedent hüququnun mövzusudur. Məhkəmə bu şikayətləri, xüsusən də Rəsul Cəfərovun (yuxarıda göstərilən, §§ 114-18) işində qurulmuş müvafiq ümumi prinsiplər əsasında araşdıracaqdır.

47. Məhkəmə qeyd edir ki, (tər. “müşahidə edir” olaraq da, tərcümə oluna bilər) alınan qrantlarla bağlı ərizəçiyə qarşı irəli sürülən ittihamlar, Rəsul Cəfərov, Məmmədli Azərbaycana qarşı (no. 47145/14, 19 Aprel 2018) və Əliyev Azərbaycana qarşı (no 68762/14 və71200/14, 20 Sentyabr 2018) işlərində iddiaçılara qarşı irəli sürülən ittihamlarla eynidir. Bu məhkəmə işində də, eynilə Rəsul Cəfərov işində olduğu kimi, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamları ərizəçinin aldığı qrantların qeydiyyata alınmamasından irəli gəlir və hakimiyyət nümayəndələrinin dediyinə görə, bunlar faktiki olaraq kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə nəticələnib.

“128   … Müvafiq qanunvericiliyi nəzərə alaraq, (yuxarıdaki 69 və 71-ci paraqraflara baxın) Məhkəmə qeyd edir ki, qrantların verilməsinin Ədliyyə Nazirliyində qeydiyyata alınması tələbi yalnız hesabat tələbi idi və bu,  alınan maddi yardımın “qrant” olaraq qəbul edilməsi üçün onun əsas hüquqi xarakteristikası olan bir şərt deyildi. Bu hesabat tələbinin yerinə yetirilməməsi  cərimə ilə cəzalandırılmalı olan inzibati xəta idi. Bu hesabat tələbinə əməl olunmaması Qrantlar haqqında qanununun 1.1 və 4.1-ci maddələri ilə müəyyən edilmiş və tənzimlənən qrant müqaviləsinin xarakterinə (yuxarıdakı 68,69-cu paraqraflara baxın) və ya qrantın qeyri kommersiya fəaliyyətində istifadə olunması qrant fəaliyyətinin xarakteristikasına təsir göstərməmişdir.

129.  Lakin işdəki materiallardan görünür ki, ərizəçinin iddia edilən qrantların qeydiyyatı ilə bağlı hesabat tələbinə əməl etməməsindən başqa, hansı ki, bu da daxili qanunvericilikdə cinayət əməli hesab olunmur,  ittiham tərəfi  ərizəçinin pulları mənfəət əldə etmək üçün və ya qrant müqavilələrində göstərilən məqsədlərdən yox, başqa məqsədlər üçün istifadə etdiyini və ya qrant müqavilələrində göstərilən məqsədlərin həm kommersiya məqsədləri, həm də qanunsuz olduğunu göstərən heç bir fakt yaxud sübut gətirə bilmir…

130.  Belə hallarda, Məhkəmə hesab edir ki, ərizəçinin Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsinə əsasən “qanunsuz sahikarlıq” cinayət əməlini törətməkdə şübhəli bilinməsi mümkün deyildi, çünki onun kommersiya fəaliyyəti ilə məşğul olmasını göstərən heç bir fakt, məlumat və ya sübut yox idi. Bundan əlavə, yuxarıda göstərilən faktlar, ərizəçinin “özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməsi məqsədinə” əsaslı şübhə doğurması üçün “əsaslı” deyildi,   hansı ki, Cinayət Məcəlləsinin sözügedən 308-ci maddəsinin obyektiv cəhətinin əsas tərkib elementini bu təşkil edir.

48. Məhkəmənin hazırki işdə başqa qərar verməsi üçün heç bir səbəb yoxdur, belə ki, yerli hakimiyyət orqanlarının irəli sürdükləri ittihamların xarakterləri faktiki olaraq bir-birinə oxşar idi və Hökümətin öz müdafiəsində istinad etdikləri faktlara əsasən,  Məhkəmənin fərqli nəticəyə gəlməsinə imkan verən heç bir əsas yoxdur.

49. Hökümətin ərizəçiyə qarşı əsaslı şübhənin mövcudluğuna dair öz mövqeyini dəstəkləyən, məhkəməyə təqdim etdiyi 29 iyun 2015-ci il tarixli ekspert rəyinə gəldikdə isə, Məhkəmə əvvəlcə qeyd edir ki, bu sübut prokurorluq orqanları tərəfindən ərizəçinin məhkəməyə qədər həbs olunmasına qərar verən məhkəmələrə təqdim olunmamışdır (bax: Məmmədli, yuxarıda göstərilən, § 62). İkincisi, Məhkəmə qeyd edir ki, Hökümət daha çox ərizəçinin, təqdim edilən ekspert rəyinə əsasən, aldığı qrantları qeydiyyata almaması nəticəsində əldə etdiyi qazanc və Vergi Məcəlləsinin 218, 219 və 220-ci maddələrinə əsasən sadələşdirilmiş vergi məbləğinin marağındadır. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi, ərizəçinin qrant müqavilələri çərçivəsində aldığı pulları qazanc əldə etmək üçün istifadə etdiyini və beləliklə, kommersiya fəaliyyəti ilə məşğul olduğunu göstərən heç bir məlumat və ya sübut yox idi. 

50.  Yuxarıda göstərilən mülahizələri və Məhkəmənin bu məsələyə dair məhkəmə təcrübəsini nəzərə alaraq, Məhkəmə qərara gəlir ki, təqdim olunan material Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin (c) bəndi ilə müəyyən olunmuş, bir şəxsin tutulması və onun saxlanılması müddətinin davam etdirilməsi üçün minimum standarta cavab vermir.  Buna görə, Məhkəmə belə bir nəticəyə gəlir ki, sözügedən müddət ərzində ərizəçi cinayət əməli törətdiyinə dair “əsaslı şübhə” olmadan azadlığından məhrum edilmişdir.

51.  Bunlara müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur.

52.  Yuxarıda gəlinən nəticələr, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq, yerli məhkəmələr tərəfindən ərizəçinin həbs müddətinin davam etməsi üçün təqdim edilən səbəblərin “əlaqəli və kifayət qədər” əsaslı olmadığını qiymətləndirmək üçün əsas verir. (bax Rəsul Cəfərov, yuxarıda § 135)

2. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin ərizəçinin tutulmasının qanuniliyinə effektiv məhkəmə araşdırmasının olmaması səbəbindən pozulması.

53.  Ərizəçi və Hökümət tərəfindən qeyd olunan məsələlər, Rəsul Cəfərovun işində tərəflər tərəfindən verilmiş məlumatlarla eynidir. (yuxarıda göstərilən, §§ 138-39).

54. Məhkəmə Rəsul Cəfərovun işində oxşar faktlar əsasında oxşar şikayətə baxaraq, ərizəçinin həbsinə dair məhkəmə işinin qanuniliyinə ədalətli məhkəmə araşdırmasında baxılmadığını müəyyən etmişdi. Məhkəmə əlindəki materialı nəzərə alaraq qeyd edir ki, Hökümət hazırkı işdə Məhkəməni fərqli nəticəyə gəlməyə inandıra biləcək heç bir fakt və ya arqument irəli sürməyib.

55. Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulmuşdur.

III.  KONVENSİYANIN 18-Cİ MADDƏSİ İLƏ PARALEL 5-Cİ MADDƏSİNİN POZULMASI

  • Konvensiyanın 18-ci maddəsinə əsaslanaraq, ərizəçi onun azadlıq hüququnun Konvensiyada nəzərdə tutulmayan məqsədlər üçün məhdudlaşdırdığını şikayət etdi. 18-ci maddədə qeyd olunur:

Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.”

A.  Məqbulluq

57. Məhkəmə qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsinin (a) bəndinə əsasən açıq şəkildə əsassız deyildir. Qeyd olunmalıdır ki, şikayətin qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Bu səbəbdən, şikayət məqbul elan edilməlidir.

B.  Məzmun

1.  Tərəflərin təqdimatları

(a)  Ərizəçi

58. Ərizəçi bildirdi ki, o siyasi fəaldır və Facebook’da ölkədəki iqtisadi və sosial problemlərlə bağlı dərc olunan tənqidi məqalələri ilə tanınır. O, həmçinin REAL-ın təşviqat qrupundakı nümayəndəsi idi, lakin tutulduğu və həbs olunduğuna görə fəaliyyətini həyata keçirə bilmədi, nəticə etibarilə REAL referendum kampaniyasındakı iştiraklarını dayandırmaq məcburiyyətində qaldı. Ərizəçi azadlığa buraxıldıqdan sonra, qanunla müəyyən olunmuş müddətlərin başa çatması səbəbindən referendum kampaniyasında iştirak etmək mümkün olmadı. Bu səbəbdən, onun işinin konkret halları ərizəçinin tutulması və məhkəməyə qədərki həbsinin siyasi fəaliyyətinə görə onu cəzalandırmaq və susdurmaq, o cümlədən 26 sentyabr 2016-cı il Konstitusiya referendumunda REAL-ın təşviqat qrupunun nümayəndəsi kimi fəaliyyətinə əngəl törətmək üçün nəzərdə tutulduğunu göstərdi.

(b)  Hökümət

59.  Hökümət, Xodorkovskiy Rusiyaya qarşı (№ 5829/04, 31 may 2011) və Xodorkovskiy və Lebedevlə Rusiyaya qarşı (11082/06 və 13772/05, 25 İyul 2013) məhkəmə işlərinə istinad edərək, hazırkı işdə hökümət tərəfindən tətbiq edilən məhdudiyyətlərin  Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş  məqsədlər üçün, ərizəçinin ittiham edildiyi ağır cinayət əməllərinin düzgün araşılması üçün tətbiq edildiyini bildirdi. Hökümətin fikrincə, ərizəçiyə qarşı irəli sürülən ittihamlar heç bir siyasi xarakter daşımayıb. Onun ittiham olunduğu hərəkətlər siyasi arenada həqiqi yaxud xəyali iştirakı ilə əlaqəli deyildi, o, əslində ümumi cinayət əməlləri görə mühakimə olunmuşdur.

60. Hökümət, həmçinin bildirdi ki, ərizəçi 12 avqust 2016-cı ildə tutulmuşdu və yerli məhkəmələr onun barəsində dörd ay müddətində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul etmişdilər. Lakin, bir aydan az müddət sonra, 9 sentyabr 2016-cı ildə, prokuror məhkəməyə ərizəçinin azadlığa buraxılması barədə təqdimatla müraciət etdi, çünki onun həbsinin davam etməsini əsaslandıran hallar aradan qaldırılmışdı və məhkəmə də öz növbəsində prokurorun təqdimatını təmin etdi. Bu faktlar göstərir ki, hakimiyyət orqanlarının ərizəçini həbs edərkən onu siyasi fəaliyyətinə görə susdurmaq kimi heç bir marağı yoxdur. Həmçinin, ərizəçi referendum tarixindən əvvəl sərbəst buraxılmışdı və fəaliyyətini təşviqat qrupunda davam etdirə bilərdi.

2.  Bu məhkəmənin qiymətləndirməsi

61. Məhkəmə ərizəçinin şikayətini Böyük Palatanın Merabişvili  ([GC], № 72508/13, §§ 287-317, 28 Noyabr 2017) qərarında verdiyi müvafiq ümumi prinsipləri nəzərə alaraq araşdıracaqdır.

62.Məhkəmə əvvəla bildirir ki, ərizəçinin tutulması və barəsində məhkəməyə qədər həbsqətimkan tədbirinin seçilməsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan məqsədlə həyata keçirilməmişdir, çünki ona qarşı sürülən ittihamlarda sözügedən maddədə müəyyən olunmuş “əsaslı şübhə” mövcud deyildi.

63.Bununla belə, ərizəçinin azadlıq hüququna müdaxilənin 5-ci maddənin 1 (c) maddəsinin məqsədləri üçün olmadığının müəyyən olunması, Konvensiyanın 18-ci maddəsi əhatəsində ayrıca bir araşdırma aparılması üçün kifayət qədər yetərli səbəb deyil. (yuxarıda bax, Merabishvili § 291) Bu səbəbdən, hakimiyyət orqanlarının hərəkətlərinin həqiqətən başqa bir məqsəddən ibarət olduğunu göstərən sübutun olub olmadığının araşdırılması gərəkdir.

64.Müvafiq olaraq, Məhkəmə Əliyev işində (yuxarıda göstərilən, § 223), əvvəlki oxşar qərarlarına istinad edərək, höküməti tənqid edən insanların, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin tutulması və həbsə alınması, Konvensiyanın 18-ci maddəsinin pozulması ilə cinayət hüququnun sui-istifadə edilməsi xarakterində olduğunu bildirmişdir.

65.Məhkəmə bu məhkəmə işinin adıçəkilən digər nümunələrin bir hissəsini təşkil etdiyini, belə ki, ərizəçinin işinə xas olan faktların birləşməsinin əvvəlki məhkəmə işlərinə bənzədiyini, adıçəkilən məhkəmə işlərində də  şübhə çatışmazlığı ilə əlaqəli faktorların yan yana gətirilməsi ilə məqsədli bir isbatetmə (proof of an ulterior purpose derived from a juxtaposition of the lack of suspicion with contextual factors) yaradıldığını bildirir.

66. Məhkəmə, birincisi ərizəçinin şəxsi ilə əlaqəli olaraq, ərizəçinin siyasi aktivist olduğu və 26 sentyabr 2016-cı il Konstitusiya referendumu ilə bağlı təşviqat kampaniyasında fəal iştirak etdiyi məsələsinin mübahisəsiz olduğunu qeyd edir.

  • İkinci olaraq, ərizəçinin vəziyyətinə “bəzi qeyri kommersiya təşkilatlarında hüquqazidd fəaliyyətlərlə məşğul olma” adı altında oxşar cinayət əməlləri ilə tutulmuş və ittiham olunan digər tanınmış vətəndaş cəmiyyəti fəallarının və insan haqlarını müdafiəçilərinin fonunda baxılmalıdır. (yuxarıda göstərilən 9 və 13-cü paraqraflara bax)

68.  Üçüncüsü, məhkəmə bəhsi keçən vaxtda prokurorluq orqanlarının məhkəməyə ərizəçinin  cinayət törətdiyinə dair əsaslı şübhə yaradacaq obyektiv sübutları təqdim etmədiyini xatırlayaraq; ərizəçiyə qarşı cinayət işinin açılması ilə əriəçinin tutulması və həbsə alınması ilə əlaqəli olaraq məhkəmə qərarının verilmə müddətinə xüsusi əhəmiyyət verir.

69. Hazırki vəziyyətdə, Məhkəmə, Konvensiyanın hüquqi dövlət ilə idarə olunan demokratik cəmiyyətin prinsiplərini və dəyərlərini qoruma və inkişaf etdirmə məqsədini daşıdığını nəzərə alaraq, son məqsədin mahiyyətinə və qınanıla bilmə dərəcəsini ( degree of reprehensibility ) dəyərləndirmənin daha məqsədəuyğun olduğunu hesab edir. bax: Navalnyy Rusiya qarşı [GC], № 29580/12 və 4 digər, § 173, 15 noyabr 2018). Məhkəmə, ərizəçinin REAL-ın nümayəndəsi  olduğunu, referendum kampaniyasına hazırlıq zamanı  ərizəçinin və REAL-ın bəzi üzvlərinin həbsi nəticəsində referendum kampaniyasında iştirak üçün tələb olunan imzaları toplamağı dayandırmaq məcburiyyətində qaldığını qeyd edir.  Konstitusiya referendumu ərəfəsində kampaniya aparan müxalifətin təşviqatçı üzvünün tutulması, müxalifət tərəfdarlarının açıq siyasi müzakirələrdə iştirakına mane olmaq üçün ciddi potensiala sahib idi. Ərizəçinin Konvesiyanın 18-ci maddəsinin pozulması ilə bağlı şikayətinin əsasını, onun individual şəxs kimi deyil, demokratik müzakirə yolu ilə mühüm ictimai funksiya daşımağa cəhd edən müxalif siyasətçi kimi barəsində əngəllər yaradıldığı iddiası təşkil edir. Beləliklə, sözügedən məhdudiyyət təkcə ərizəçiyə və ya  digər müxalifət fəallarına yaxud onların tərəfdarlarına təsir göstərmir; həmçinin fərdi azadlıqların təkcə ictimai fayda üçün məhdudlaşdırıla biləcəyi bir cəmiyyət strukturu olan demokratiyanın özəyinə təsir edir.

70. Beləliklə, yuxarıda göstərilən amillərin məcmusu göstərir ki, mübahisələndirilən tədbirlərin əsl məqsədi ərizəçini aktiv siyasi fəaliyyətinə görə cəzalandırmaq və onun referendum kampaniyasında  müxalifətin nümayəndəsi kimi iştirakına mane olmaq idi. Bu mülahizələrin fonunda Məhkəmə hesab edir ki, ərizəçinin azadlığının məhdudlaşdırılması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində göstərilən məqsədlərdən yox, başqa məqsədlər üçün tətbiq edilmişdir.

71. Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsi ilə paralel Konvensiyanın 18-ci maddəsi də pozulmuşdur.

IV.  KONVENSİYANIN 11-Cİ MADDƏSİNİN POZULMASI İDDİASI

72. Ərizəçi əlavə olaraq, onun tutulması və həbsinin Konvensiyanın 11-ci maddəsinə zidd olduğunu bildirdi:

“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.

2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.”

73. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) bəndinə əsasən, açıq aşkar əsassız deyildir. Əlavə olaraq, şikayətin başqa səbəblərə görə qəbul edilməz olmadığı da qeyd olunur. Buna görə, şikayət qəbulediləndir.

74. Bununla birgə, eyni faktlar toplusuna dair məhkəmənin Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü hissələri ilə Konvensiyanın 18-ci maddələrin əsasən, gəldiyi nəticələrə müvafiq olaraq,  Məhkəmə şikayətin 11-ci maddəyə əsasən ayrıca araşdırılmasının zəruri olmadığını hesab edir. (yuxarıda göstərilən Rəsul Cəfərovla müqayisə, § 170).

V.  KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

75.  Konvensiyanın 41-ci Maddəsində deyilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A.  Ziyan

76. Ərizəçi mənəvi ziyana görə 30.000 avro (EUR) tələb edir.

77. Hökumət ərizəçinin tələb etdiyi məbləğin əsassız və həddindən artıq çox olduğunu bildirdi.

78. Məhkəmə hesab edir ki, ərizəçi qeyri-maliyyə ziyanı çəkmişdir və onu təkcə pozuntuların müəyyən edilməsi ilə geri ödəmək mümkün deyil və beləliklə mütləq kompensasiya ödənilməlidir. Konvensiyanın 41-ci Maddəsinin tələb etdiyi kimi dəyərləndirmə apararaq, Məhkəmə ərizəçiyə bu səbəbə 15,000 EUR məbləğinin verilməsini qət edir, üstəgəl bu məbləğə tədbiq edilə biləcək vergilərin məbləğini.

B.  Qiymət və xərclər

79.Ərizəçi daxili məhkəmə proseslərində və bu Məhkəmə qarşısında çəkilən xərclərə görə, 5,245  EUR tələb etmişdir. Ərizəçi, iddiasını dəstəkləyən, daxili məhkəmələr və bu Məhkəmə prosesərində hüquqi xidmətlər göstərmək üçün, özü və vəkili arasında bağlanmış müqaviləni təqdim etdi.  Həmin müqaviləyə əsasən,  məbləğ daxili məhkəmələr və bu Məhkəmə tərəfindən ərizəçinin iddiasının təmin edildiyi təqdirdə ödəniləcəkdi. Ərizəçi, xərclərlə əlaqədar kompensasiyanın birbaşa onun nümayəndəsinin bank hesabına ödənilməsini istədi.

80. Hökümət iddianın əsassız və həddindən artıq çox olduğunu bildirdi. Xüsusilə, Hökümət daxili məhkəmə prosesində və bu Məhkəmədən əvvəl hüquqi xidmətlər ilə bağlı xərclərin əslində çəkilmədiyini bildirdi, çünki tələb olunan məbləğlər ərizəçi tərəfindən ödənilməmişdir.  Hökümət, həmçinin, müqavilədə göstərilən bir sıra hüquqi xidmətlərin ümumiyyətlə, təmin edilmədiyini qeyd etdi.

81.Məhkəmənin presedent hüququna uyğun olaraq, ərizəçi çəkdiyi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzini o halda almaq hüququna malikdir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun. Məhkəmə qeyd edir ki, ərizəçi müqavilədə nəzərdə tutulmuş məbləği hələ ödəməmiş olsa da, müqavilə öhdəliyinə müvafiq olaraq, onları ödəməyə borcludur. Müvafiq olaraq, vəkilin müqavilə üzrə ödənişlərin ödənilməsini tələb etmək hüququ olduğuna görə, bu xərclərin “həqiqətən çəkildiyi” hesab olunmalıdır. (bax: Pirəli Orucov Azərbaycana qarşı, 8460/07, № 74, 3 fevral 2011).   Hazırkı işdə əlində olan informasiyaları və yuxarı qeyd edilən meyarları nəzərə alaraq, Məhkəmə bütün xərcləri əhatə etmək üçün 2,000 avro məbləğini təyin etməyi ağlabatan hesab edir.

C.  İcranın gecikdirilməsinə görə faiz

82.  Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1.  Şikayəti qəbul olunan elan edir;

2.  Qərara alır ki, Konvensiyanın 3-cü maddəsi pozulub;

3.  Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub;

4. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi üzrə şikayətə ayrılıqda baxmağa ehtiyac yoxdur;

5.  Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulub;

6. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsi ilə birgə götürələrkən

Konvensiyanın 18-ci maddəsinin pozulub;

7. Qərara alır ki,  Konvensiyanın 11-ci maddəsi üzrə şikayətə ayrılıqda baxmağa ehtiyac yoxdur;

8. Qərara alır ki:

a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ödəniş tarixində tətbiq edilən məzənnə üzrə yeni Azərbaycan manatına çevrilməklə ərizəçiyə aşağıdakıları ödəməlidir:

(i) bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmaqla mənəvi ziyana görə 15,000 (on beş min) avro;

(ii) bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmaqla məhkəmə xərclərinə və digər məsrəflərə görə isə ə rizəçiyə 2,000 (iki min) avro;

b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;

9. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir

Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 7 Noyabr 2019-cu ildə qərar barədə yazılı məlumat verilmişdir.

Claudia Westerdiek Angelika Nußberger
Katib Sədr