Müqavilə hüququ məhkəmə praktikası #2 | Müqavilə nə zaman bağlanmış hesab olunur? (Adams vs Lindsell)

İş üzrə akseptant iddiaçı, oferta verən şəxs isə cavabdeh qismində iştirak edir. (1) Cavabdeh 1817-ci ilin sentyabrın 2-də yun satışı üzrə alqı-satqı müqaviləsi bağlamaq barədə ofertanı iddiaçıya göndərir. Lakin cavabdeh poçta dəqiq adresi təqdim etməməsi ucbatından bu məktubun qarşı tərəfə çatması yalnız 3 gün sonra, sentyabr ayının 5-i səhər saatlarında baş tutur. İddiaçı elə ofertanı alan kimi, sentyabr ayının 5-i axşam müvafiq aksepti qarşı tərəfə göndərir. Müvafiq aksept cavabdehlərə sentyabr ayının 9-u gəlib çatsa da, cavabdeh sentyabr ayının 7-də həmin yunun satışı ilə bağlı başqa bir şəxslə artıq müqavilə bağlamışdı. İddiaçılar isə onlara dəyən zərərin əvəzinin ödənməsini məhkəmədən xahiş etmişdir.

İddiaçı hesab edirdi ki, o ofertanı aldığı andaca müvafiq aksepti göndərmişdi və bu halda müqavilənin baş tutması üçün bütün zəruri hərəkətləri etmişdi.

Əsas sual, cavabdehin 8 sentyabrda yunu üçüncü tərəfə satmazdan əvvəl iddiaçı ilə arasında müqavilənin baş tutmuş hesab olunub-olunmaması ilə bağlı idi. Yəni, adi qaydada akseptant aksepti göndərdiyi anda müqavilə bağlanılır ya aksept oferentə çatdığı anda?

Məhkəmə iddiaçıların iddiasını təmin edir.

Belə ki, məhkəmə cavabdehin 5 sentyabr axşamından etibarən akseptin qəbul edildiyi anda müqavilənin bağlandığını və bu səbəblə 8 sentyabrda yunun digər şəxsə satılması ilə iddiaçılara zərər vurulduğunu qət etdi. Əlavə olaraq, məhkəmə qeyd etdi ki, cavabdeh, yəni oferent akseptin qəbul edilməsi yaxud rədd edilməsi barədə heç bir bildiriş almayanda artıq nəyinsə yolunda getmədiyinin fərqinə vara bilərdi. Lakin o, ofertanın taleyi ilə maraqlanmadan, qarşı tərəfə bildiriş göndərmədən yunu başqa şəxsə satdılar. Bir sözlə, aksept cavabdeh tərəfindən həqiqətən alınmasa belə, iddiaçı  yun başqa şəxsə satılmamışdan əvvəl artıq tərəflər arasında müqavilə mövcud idi. Müqavilənin bağlanma anı akseptin oferent tərəfindən alındığı yox, akseptant tərəfindən göndərildiyi andır.

Bu qayda, İngilis hüququnda poçt qaydası (postal rule) adlanır və bu qayda 19-cu əsrdən bəri hələ də tətbiq olunur. Artıq 2 əsrdir ki, tətbiq olunan bu qaydanın məhkəmə tərəfindən qəbul edilməsinin arxasında duran əsas səbəb, həmin dövrdə poçt xidmətlərinin hələ yaxşı inkişaf etməməsi və məktubların qarşı tərəfə gedib çatmaması hallarının daha çox yaşanması ilə bağlı idi. Akseptant göndərdiyi cavab məktubunun qarşı tərəfə çatıb-çatmamasına nəzarət edə bilməzdi.

2 əsrdir tətbiq olunan bu qayda müasir poçt və rabitə xidmətlərinin keyfiyyətini nəzərə aldıqda, kifayət qədər təsirsiz qalmışdır. Lakin bu qaydanın dispozitiv xarakterli olduğunu, yəni oferentin ofertada başqa qayda nəzərdə tuta biləcəyini də qeyd etmək lazımdır.

Azərbaycan qanunvericiliyi

Ümumi qaydaya görə, akseptant aksepti vaxtında göndərməsə, müqavilə bağlanmır. Yəni, oferta üçün gecikmiş aksept yeni oferta sayılır. (2)

Mülki Məcəllənin müəyyən edir ki, “aksept oferentə gec çatdıqda və akseptdən onun vaxtında göndərildiyi məlum olduqda, aksept yalnız o halda gecikmiş sayıla bilər ki, oferent bu barədə digər tərəfə dərhal məlumat vermiş olsun. Əgər oferta göndərmiş tərəf digər tərəfin gec alınmış akseptini qəbul etdiyi barədə ona dərhal məlumat verərsə, müqavilə bağlanmış sayılır.” (3)

Məcəllənin ifadə forması bir qədər qəliz oxunsa da, Mülki Məcəllə bu münasibətləri tənzimləyərkən, daha hərtərəfli yanaşmadan istifadə edir, gecikmənin iki halını fərqləndirir və onları müxtəlif qaydada nizama salır.

Birinci hal ondan ibarətdir ki, aksept akseptant tərəfindən vaxtında göndərilir, lakin oferent tərəfindən gec alınır, yəni ona gec çatır. Akseptin vaxtında göndərilməsi akseptdən məlum olur. Bu halda akseptin gec çatması barədə yalnız oferentin xəbəri olur. Akseptant isə özlüyündə, artıq müqavilənin bağlanmasını güman edə bilər, müqavilənin icrasına hazırlaşa bilər və s. Belə uyuşmazlıqların qarşısını almaq üçün də, əgər oferentə müqavilə bağlamaq niyyətində deyilsə, akseptin gec alınması barədə digər tərəfə dərhal məlumat vermə vəzifəsi həvalə olunur. Oferent gec alınmış aksept barədə qarşı tərəfə dərhal məlumat verməzsə, müqavilə bağlanmış hesab olunacaq.

İkinci hal ondan ibarətdir ki, akseptantın öz təqsiri üzündən aksept oferentə gec çata bilər. Bu halda, əgər oferent gec alınmış akseptin qəbul edilməsi barədə akseptanta dərhal məlumat verərsə, müqavilə bağlanır. Əgər oferent onu qəbul etməsə, sussa, heç bir hüquqi nəticə yaratmır.

Əslində son 10 ilə qədər bu normanın, münasibətləri mürəkkəb qaydada tənzimlədiyi hesab oluna bilərdi, çünki oferentin ofertadan əlavə akseptanta ikinci müraciəti özlüyündə “day to day transaction” olaraq, yorucudur. Lakin günümüzdə rabitə alternativlərinin bu qədər çoxaldığını, rabitənin bu qədər asanlaşdığını nəzərə alsaq, bu tənzimləmə zənnimcə məqsədəuyğun və hərtərəflidir.

Müqavilə hüququ İngilis yanaşmasının məhkəmə praktikasına dair silsilənin birinci yazısını buradan oxuya bilərsiniz.

İstinadlar:
1) Məhkəmə işinin əslini əldə edə bilməsəm də, bir neçə mənbəni birləşdirərək, tərcümə etmişəm. Bu səbəbdən istinad yoxdur.
2) Mülki Məcəllənin 410.1-ci maddəsi.
3) Mülki Məcəllənin 409.5-ci maddəsi.

Uber biznes modeli və vergitutma

Uber-in həmtəsisçisi və icraçı direktoru Travis Kalanick, hələ 2014-cü ildə Uber biznes modelini belə təsvir edirdi: “Bu sərnişinləri və sürücüləri birləşdirən bir texnoloji platformadır. Taksi xidmətindən istifadə etmək istəyənləri, ən qısa müddətdə, ən yüksək keyfiyyətli və mümkün olan ən aşağı qiymətlə sürücülərlə əlaqələndirəcəyik.” (1)

Uber illərdən bəri həmişə ona ünvanlanan suallarla bağlı özünün məsul tərəf olmadığını bildirirdi və illərdir özünü “sadə platforma” olaraq, qələmə verərək təhlükəsizlik, nəqliyyatın təşkili qaydaları və əmək hüquqları barədə suallardan yayınırdı. (2)

Cədvəl 1.Uber-in Ford və GM ilə müqayisədə böyüməsini göstərən bir cədvəl (3)

Uber tətbiqinin istifadəsi ilə bağlı ortaya çıxan hüquq münasibətləri ilə əlaqədar Uber daha əvvəllər İngiltərədə məhkəmə tərəfindən qəbul edilmiş qərara istinad edir. Həmin qərara müvafiq olaraq, Uber şirkətinin daşımada faktiki iştirak etməməsi, əksinə bu cür daşımanın “müəyyənləşdirildiyi” bir platforma olduğu vurğulanır. (4) Bunu əsas götürərək, Uber özünün daşıma münasibətinin iştirakçısı olmamasına haqq qazandırır. Lakin Uber tətbiqinin istifadəsi ilə bağlı problemlər bu qədər sadə olmadığı araşdırdıqca ortaya çıxır.

Uber və müştərilər

Uberin necə işlədiyini, ümumiyyətlə Uber biznes modelini daha yaxşı başa düşmək üçün, Uber tətbiqi və onun istifadəçiləri arasındakı münasibətləri aydınlaşdırmaq lazımdır. Aşağıdakı şəkildə (şəkil 1) Uber ilə onun potensial müştəriləri arasında qurulan əlaqə təsvir olunmuşdur.

Şəkil 1. Uber və müştərilər arasında əlaqə

Uber, Uber tətbiqini/rəqəmsal xidmətini bir yaxud bir qrup ölkə, habelə hansısa region üçün  təqdim edir. Tətbiqi yükləməklə, quraşdırmaqla və qeydiyyatdan keçməklə, Uber istifadəçisi və Uber müqavilə münasibətlərini həyata keçirirlər, hansı ki, bununla tətbiq istifadəçisi “qeydiyyatdan keçmiş istifadəçi”, Uber isə rəqəmsal xidməti təmin edən “provayderə” çevrilir. (5) Uberin təqdim etdiyi xidmətlər arasında həmçinin, ödənişlərin bank kartları ilə aparılması da var.  Belə ki, proqram istifadəçisindən Uber tətbiqində qeydiyyat zamanı bank kartı məlumatlarını daxil etməsi tələb olunur və daşınma xidmətinin ödənişi təyin olunmuş yerə çatdıqda Uber tətbiqi vasitəsilə avtomatik edilə bilər. Bu  cür ödəniş tətbiq istifadəçisi və daşınma xidmətindən istifadə edən faktiki sərnişinin eyni insanlar olub-olmamasından asılı olmayaraq işləyir. Bir sərnişin tətbiq istifadəçisindən fərqli bir şəxsdirsə, Uber ilə bu cür sərnişin arasında hər hansı bir hüquq münasibətinin (hüquq) olub olmaması ilə bağlı sual yaranır.

Uber və sürücülər

Bu münasibətlərin digər tərəfində isə, Uber və Uber sürücüləri arasındakı münasibətlər var. Aşağıdakı 2-ci şəkildə Uber və Uber sürücüləri arasındakı əlaqə göstərilir (şəkil 2).

Şəkil 2. Uber və sürücülər arasında münasibətlər

Uber sürücüsü Uber tətbiqini (adətən Uber sürücüləri üçün ixtisaslaşmış Uber tətbiqi) yükləyir, onu smartfonuna quraşdırır və Uber tətbiqində sürücü kimi qeydiyyat keçir. Bu, öz növbəsində Uber və sürücü arasında iki “başlanğıc müqavilə”  münasibətlərini təşkil edir. (xarici ədəbiyyatlarda bu, “initial contractual relationship” olaraq adlandırılır, initial sözü hərfi tərcümədə ilkin mənasını ifadə etsə də, ilkin müqavilə anlayışının mülki məcəllədə başqa mənada istifadə edildiyi, qarışıqlıq yaranmaması  üçün başlanğıc müqavilə olaraq ifadə etdim). Birincisi, Uber ilə sürücüsü sürücü kimi tətbiq istifadəçisi olur. İkincisi isə,  Uber ilə Uber istifadəçisi arasında müqavilə münasibətləri qurulur, hansı ki, Uber sürücüsü Uber tətbiqi ilə daşıma xidmətlərini təklif etməyi qəbul edir və Uber bu sürücüyə sərnişin ayırmağı qəbul edir. (6)

Uber, tətbiq istifadəçiləri və sürücülər (7)

3-cü şəkil Uber, Uber sürücüləri və tətbiq istifdəçiləri/sərnişinlər arasındakı qarşılıqlı əlaqəni ətraflı şəkildə əks etdirir (şəkil 3).


Şəkil 3. Uber, müştərilər və sürücülər arasında əlaqə.

Yuxarıda qeyd edildiyi kimi, Uber sürücüsü Uber tərəfindən təqdim olunan Uber tətbiqi ilə sərnişin daşımaları xidmətini təmin etmək üçün öz nəqliyyat vasitəsini hazırlayır. Tətbiq istifadəçisi (potensial sərnişi) tətbiqi açır və sifariş verir. Uber tətbiqinin alqoritmi mümkün olan ən uyğun Uber sürücüsünü müəyyənləşdirir və tətbiq istifadəçisi ilə Uber sürücüsü arasında əlaqə qurur. Əlaqə yaradıldıqdan sonra, Uber tətbiqi tətbiq istifadəçisi tərəfindən qəbul edilməli olan təklifi göstərir (Uber tətbiqi ilə müəyyən edilmiş qiymət və marşrut daxil olmaqla) və öz növbəsində Uber sürücüsü tərəfindən bu rədd edilməməlidir. Beləliklə, tətbiq istifadəçisi və Uber sürücü sərnişin daşıma müqaviləsi münasibətlərinə daxil olurlar. Gediş baş tutduqdan sonra, Uber tətbiqi, ödənişləri emal və elektron qəbzi (e-mail çıxarışı ilə) verir və tətbiq istifadəçisi təyin olunmuş yerə çatdıqda Uber tətbiqi ilə avtomatik olaraq hesablanmış qiyməti ödəyir.

Uber tətbiqi, əvvəlcə öz payını çıxır (komissiya, haqq və s. təxminən 20-25%) və daha sonra (yaxud əvvəlcədən) Uber sürücüsünə qalan ödənişi ödəyir (yönləndirir). Lakin yuxarıda qeyd etdiyim kimi, faktiki sərnişin ilə ödəyicinin eyni insanlar olub-olmaması burada problem yaradır. Tətbiq istifadəçisi Uber tətbiqetməsində qeydiyyatdan keçməklə,  Uberin standart müqaviləsini qəbul edir və o, yalnız tətbiqə daxil olmaqla bir nəqliyyat xidməti sifariş edə bilər. Eynilə, potensial Uber sürücüsü də öz növbəsində, Uber tətbiqini yükləyib, quraşdıraraq Uber tətbiqində sürücü olaraq qeydiyyata alınır və standart olaraq, Uberin ümumi şərtlərini qəbul edir. Bundan əlavə, Uber davranış və rəftar qaydalarını, nəqliyyat vasitəsinin görünüşü və ümumi vəziyyətini, həmçinin Uber tətbiqindən  istifadə və ondan kənarlaşdırılma üçün əsasları və buna bənzər bir çox detalları da diktə edir. Tətbiq istifadəçisi Uber tətbiqinə daxil olduqda, görüş və təyinat nöqtələrini və xidmət paketini (nəqliyyat vasitəsinin standart yaxud komfort olması və s.) seçməklə nəqliyyat xidmətini sifariş edir. Tətbiq isə öz növbəsində ən uyğun Uber sürücüsünü axtarır və təmin edir.

Qeyd etmək lazımdır ki, tətbiq istifadəçisinin daşınma xidmətinə dair sorğususu Uber sürücüsünə deyil, Uber tətbiqiylə Uber-ə yönəlir. Yəni onlar bu mərhələdə birbaşa olaraq Uber sürücüləri ilə əlaqə qura bilmirlər.

Buradan aydın olaraq görünür ki, həqiqi daşıma xidmətini Uber sürücüləri yerinə yetirsə də, Uber sadəcə olaraq, müqavilənin bütün tərəflərini idarə edir. Hətta Uber ilə tətbiq istifadəçisi arasındakı daşımaya görə ödəmə də Uber tətbiqi vasitəsi ilə birbaşa idarə olunur.

Uberlə bağlı çətinliklər

Uber öz biznesini genişləndirdikcə ilk ortaya çıxan problem, ənənəvi taksi xidmətləri tərəfindən ortaya atılan Uberin haqsız rəqabət yaratması iddiası oldu. Beləki, əvvəllər şirkətə qarşı bir çox iddialar yalnız bununla bağlı idi: Uber haqsız rəqabət yaradır!

Lakin zaman keçdikcə əsas sual, qanunvericilik çərçivəsində Uber şirkəti (geniş anlamda biznes modeli) necə təsnif edilməli olduğu idi.

Buna cavab olaraq, 2017-ci ilin  dekabrında Avropa Birliyinin Ədalət Məhkəməsində müəyyən olundu ki, Uber sadəcə informasiya xidməti təminatçısı deyil, o nəqliyyat şirkəti hesab olunmalıdır. (8) Uberlə bağlı digər ortaya çıxan problemlərdən biri də, Uber-in sürücülərinin işçi yaxud müstəqil podratçı hesab olunub olunmaması ilə bağlı idi. Əgər Uber sürücüləri işçi idilərsə, şirkət onların sosial təminat və ya işçi müavinətlərini təmin etməli idi. Böyük Britaniya məhkəmələrində Uber sürücülərinin işçi hesab olunmaları və onların minimum əməkhaqqı, fundamental işçi hüquqları ilə bağlı bir çox məsələlərinin təmin olunmasının gərəkli olduğunu qərara aldılar. (9) Lakin ABŞ-da bu problem hələ də qalmaqdadır, bununla bağlı yekun bir qərar yoxdur. Azərbaycanda isə ümumiyyətlə, bu məsələ qaldırılmamışdır.

Uber-də vergitutma

2010-cu ilin yayında San-Fransiskoda “Ubercab” adı altında fəaliyyətə başlayan Uber özünü limuzin xidməti kimi təqdim edərək taksi fəaliyyəti ilə bağlı tənzimləmələrdən yayınmağı bacarmışdı. Lakin üç ay sonra limuzinlərlə bağlı yeni tənzimləmələr qüvvəyə mindikdən sonra, Kaliforniya agentliyi Ubercab-a nəqliyyat şirkəti kimi lisenziyasız olduğu üçün işini dayandırmağı əmr etdi. Uber isə sadəcə adını “Ubercab”-dan Uberə dəyişdirərək müxtəlif cəza hədələri altında öz fəaliyyətini davam etdirdi. Tezliklə Uber (və bir neçə başqa start-uplar), San-Fransisko şəhərindəki taksi fəaliyyəti ilə məşğul olan çoxlu avtomobil sahibləri ilə müqavilələr bağlamağa başladılar. Uber isə yenə də taksi fəaliyyəti ilə bağlı tənzimləmələrdən özünü ayrı tutaraq, sərnişinlər üçün sadəcə “gəzinti” xidmətləri təklif etdiklərini iddia edirdi. Amerikada hazırki vəziyyət odur ki, həm bir çox adi avtomobil sahibləri, həm də peşəkar sürücülər Uber üçün sürürlər. (10)

Amerikadan kənarda isə, Uber-ə qarşı ənənəvi taksi xidmətlərinin bəlkə də ən çox istifadə etdiyi arqument Uberin xarici şirkət olaraq, ölkə ərazisində qazanc əldə edib bundan vergi ödəməməsidir.

Amerikada Uberin fəaliyyətində üç vergiləndirmə birgə işləyir. Birincisi hər bir əyalətdə ayrıca olaraq tutulan satış vergisi. ikincisi Uber şirkətinin ödədiyi mənfəət vergisi və üçüncü olaraq, Uber sürücüsünün gəlirləri üzərindən ödədiyi gəlir vergisi. Həmçinin, bu vergiləndirmə elektron olaraq, gediş baş tutmamış bütün proses avtomatik olaraq həyata keçirilir. (11)

Buradan da göründüyü kimi, Uber xarici ölkədə qurulduğu üçün, gəlirlərindən mənfəət vergisi kimi yalnız o ölkədə ödəyir və Azərbaycan mənbəyindən qazandığı gəlirlərdən dövlət büdcəsinə heç bir vergi ödəmir.

ƏDV-yə gəldikdə isə, Azərbaycanda dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri vasitəsilə, o cümlədən mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərinişin daşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin elektron ticarət qaydasında göstərdikləri xidmətlərin ƏDV-yə cəlb edilməsinə 2017-ci ilin yanvarın 1-dən başlanılıb. (12)

Lakin, hesab edirəm ki, Uberlə bağlı vergiləndirmə problemin həlli kimi ən yaxşı həll yolu, Türkiyə dövlətinin Facebook şirkətinə qarşı yaxın müddətdə tapdığı həlldir. (13) Belə ki, sözügedən xarici şirkətlərin hüquqi şəxs kimi Azərbaycanda qeydiyyatdan keçməsi, yəni adıçəkilən qeyri-rezident xarici şirkətin nümayəndəliyinin yaradılmasına nail olmaqdır. 

Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən 20 faiz dərəcəsi ilə mənfəət vergisini ödəyir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident nümayəndəliklə bağlı fəaliyyəti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və xərclərinin uçotunu aparmalıdır. 

Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin fəaliyyəti üzrə əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmadıqda onun mənfəəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin, əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq konkret halda Azərbaycan Respublikasında məhsul (iş, xidmət) satışından gəlirin məbləği, Azərbaycan Respublikasında fəaliyyətlə əlaqədar olan xərclərin məbləği və ya Azərbaycan Respublikasındakı daimi nümayəndəliyin işçilərinin sayı meyarlardan biri qəbul edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəyi əsasında vergi ödəyicisi ilə müvafiq vergi orqanı arasında razılaşdırılmış şərti üsulla müəyyən edilir. (14) Göründüyü kimi, bu halda, Uber-lə bağlı ortaya çıxan vergi problemi böyük miqyasda öz həllini tapa bilər.

İSTİNADLAR

1.Laurie Segall, Uber CEO: ‘Our Growth is Unprecedented (2014) http://money.cnn.com/2014/06/12/technology/innovation/Uber-ceo-travis-kalanick (son baxış tarixi 5 may 2020-ci il)
2.Smith, N. C. & McCormick, E. Uber and the Ethics of Sharing: Exploring the Societal Promises and Responsibilities of the Sharing Economy, Managing Sustainable Business, 610
3. Forbes Magazine, Factset, Pitchbook
4.To regulate or not to regulate? EU to launch study on Uber (2015) http://www.reuters.com/article/2015/08/28/us-uber-eu-idUSKCN0QX1W920150828 (son baxış tarixi: 8 may 2020-ci il)
5.Jasenko Marin., Siniša Petrović., Mišo Mudrić., Hrvoje Lisičar., Uber—Brave New Service or Unfair Competition, 26 (2019)
6. Edelman BG, Geradin D., Efficiencies and regulatory shortcuts: How should we regulate companies like Airbnb and Uber. 19 Stan. Tech. L. Rev 2015, 11
Bax: http://www.benedelman.org/publications/efficiencies-and-shortcuts-2015-11-24.pdf (son baxış tarixi: 5 may 2020-ci il)
7.Bu paraqraflardakı məlumatlar, Uberin rəsmi vebsaytındakı məlumatlar əsasında hazırlanmışdır. (How uber works? https://help.Uber.com/riders/article/how-does-Uber-work?nodeId=738d1ff7-5fe0-4383-b34c-4a2480efd71e (son baxış tarixi 5 may 2020-ci il))
8.Geradin D. Online intermediation platforms and free trade principles–some reflections on the Uber preliminary ruling case., Available at SSRN 2759379.,2 (2016)
9.Leighton P. Professional self-employment, new power and the sharing economy: Some cautionary tales from Uber. 22 Journal of Management & Organization 2016, 866
10.Smith, N. C., & McCormick, E. yuxarıda istinad 2, 591
11.Adam D, Bremermann M, Duran J, Fontanarosa F, Kraemer B, Westphal H, Kunert A, Tönnes Lönnroos L., Digitalisation and working life: lessons from the Uber cases around Europe., EurWORK| European Observatory of Working Life., 5 (2016)
12.Vergilər Nazirliyi: “18 faizlik ƏDV yerli taksi xidmətinə aid deyil” (2017), https://www.bbc.com/azeri/azerbaijan-42219792 (son baxış tarixi: 5 may 2020-ci il)
13.Yeni KDV düzenlemesi Facebook’u nasıl etkileyecek? (2019) https://www.haberturk.com/facebook-turkiye-vergi-kapsamina-alindi-2426683-teknoloji (son baxış tarixi: 8 may 2020-ci il)
14.Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı, (2001)

Müqavilə hüququ məhkəmə praktikası #1 | Bütün dünya ilə müqavilə bağlamaq? (Carlill vs Carbolic Smoke co)

İngilis müqavilə hüququnun ən məhşur məhkəmə işlərindən birisi, heç şübhəsiz Carlill v Carbolic Smoke Ball co keysidir. (1) İşin əsası 1889-94-cü illər arasında dünyada bir milyon insanın ölümünə səbəb olan qrip pandemiyası (2) ilə əlaqədardır. Bu dövrdə Carbolic Smoke Ball Company adlı bir müəssisə fenol ilə doldurulmuş və ölümcül qrip virusundan qoruduğunu iddia etdiyi ‘Carbolic Smoke Ball’ adlı bir məhsul istehsal edir və satışına başlayır.

Şirkət məhsulun tanınmasını təşkil etmək məqsədilə, qəzetlərə reklamlar yerləşdirməyə başlayır. Bu reklamlardan birində, 1891-ci ilin noyabr ayında Pall Mall qəzetində, onlar məhsulun reklamını belə qeyd edirlər: “İnsanlar bu məhsuldan içərisinə yerləşdirilmiş təlimatlara müvafiq olaraq, iki həftə boyunca gündə üç dəfə istifadə etdikdən sonra, artan qrip epidemiyası və ya soyuqdəymə ilə bağlı hər hansı xəstəlikləri yenidən keçirərsə, həmin şəxsə 100 funt sterlinq ödənəcəkdir. Bu məsələdə ciddiliyimizi göstərmək üçün Regent küçəsində yerləşən, Allianz Bankından 1000 funt sterlinq depozitə pul qoyulmuşdur. (…)

Mrs. Carlill adlı bir xanım bu dərmandan alıb istifadə etsə də, yenidən qrip xəstəliyinə tutulur və şirkətdən 100 funt sterlinq tələb etmək qərarına gəlir. Şirkət isə öz növbəsində, reklamın təklif kimi nəzərdə tutulmadığını və onun ciddi olaraq qəbul edilməməsinin, bunun sadəcə bir reklam  “oyunu” olduğunu iddia edərək bu məbləği ödəməkdən imtina edir.

Şirkətin bu arqumenti məhkəmə tərəfindən rədd edilir. Hakim Bowen LJ. aşağıdakı fikirlərlə bunu belə əsaslandırdı:

Şirkət bildirir ki, müqavilə hamı ilə bağlana bilməz. Biz bütün dünya ilə müqavilə bağlamış sayıla bilməzdik. Lakin hesab edirəm ki, burada əsas məsələ bundan ibarət deyil. Bu reklam bütün dünyaya edilmiş bir təklifdir; və sual olunmalıdır ki, nə üçün təklifdə göstərilən şərtləri yerinə yetirən kimsə ilə müqavilə bağlamaq üçün bütün dünyaya təklif verilməməlidir? Təklif hətta bütün dünyaya edilsə belə, müqavilə, daxilində “reklam inancını” hələ də yaşadan və təklif geri götürülməyənədək, bu təklifdəki şərtləri ödəyən cəmiyyətin məhdud hissəsi ilə bağlanır.  Bu, kitablarınızı yaxud evinizi satmaq üçün reklamlarda insanları danışıqlar aparmağa çağırdığınız təkliflərlə eyni deyil. Belə hallarda müqavilənin şərtləri ilə bağlı hansısa informasiya yoxdur. Sadəcə olaraq, məhsulla/xidmətlə bağlı müqavilənin mümkünlüyü insanlara çatdırılır (təkliflər almaq üçün təklif edilir).

(…) Təklif o halda bağlayıcı olur ki, istənilən şəxs həmin təklifdə göstərilən şərtləri yerinə yetirdiyi anda müqavilə bağlanmış hesab olunsun. (…) (3)

Azərbaycan qanunvericiliyi

Müqavilə bağlamaqla bağlı verilən hər təklif əlbəttə ki, oferta sayıla bilməz. Hansı təkliflərin oferta kimi sayılması ilə bağlı Mülki Məcəllə bir çox tələblər qoyur. Mülki Məcəllə müəyyən edir ki, “müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.” (4)

Maddənin mətnində də göründüyü kimi, təklifin oferta hesab edilməsi üçün bir sıra tələblər var. Birinci növbədə maddədə qeyd olunur ki, oferta konkret olmalıdır. Yəni, oferta konkret olaraq bir və ya bir neçə şəxsə ünvanlanmalıdır. Əgər müqavilə bağlamaq barədə təklif dairəsi məlum olmayan, yəni qeyri-müəyyən dairədən olan şəxslərə ünvanlanarsa, bu, oferta kimi qəbul edilmir. Bu təklif ofertaya dəvət sayılır. Bununla bağlı Məcəllənin 408.2-ci maddəsində birbaşa göstəriş var: “şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır”.  Bir sözlə, təklif  dairəsi naməlum olan şəxslərə ünvanlanırsa, o ofertaya dəvət hesab edilir.

Ofertaya dəvət etmək isə reklam kimi qiymətləndirilir. Reklam qeyri-müəyyən şəxslərə ünvanlanır və bir qayda olaraq, müqavilə bağlamaq üçün kifayət etmir. Reklamın əsas qayə və məqsədi əmtəənin başlıca xüsusiyyət və xassələrini müştərilərə nümayiş etdirməkdən ibarətdir. Buna görə də şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış reklam ofertaya dəvət sayılır. Lakin reklamda ayrı qayda birbaşa göstərilə bilər. 

Deməli bəzi məqamlarda dairəsi məlum olmayan şəxslərə ünvanlanan təklif ofertaya dəvət yox, oferta hesab edilir. Yəni, göstərilən bu cür təklif müəyyən şərtlər əsasında ümumi oferta hesab edilə bilər. Bunun üçün zəruridir ki, birincisi, təklif müqavilənin bütün mühüm şərtlərini əks etdirsin. İkincisi, həmin təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni ona cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünsün. Bu iki şərt mövcud olduqda, şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklif onu irəli sürən şəxsin iradəsini və müqavilənin bütün mühüm şərtlərini ifadə etdiyinə görə ümumi oferta hesab edilir.

Məcəllənin 408.7-ci maddəsində həmçinin, ümumi ofertaya anlayış verilir, “əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır”.  Belə oferta şəxslərin qeyri-müəyyən dairəsinə, yəni istənilən hər bir kəsə ünvanlanır. Yuxarıdaki məhkəmə işində də, reklam “bütün dünyaya edilən” və bütün mühüm şərtləri özündə ehtiva etdiyi üçün, bu ümumi oferta hesab olunur. Beləliklə, xanım Carlill bu ümumi ofertanı qəbul edərək, aralarındakı müqavilə münasibətlərini təsbit etmişdir.

İstinadlar:

  1. Məhkəmə işini tam formatda əldə edə bilmədiyim üçün, bir çox mənbələrdən istifadə edərək, işin ümumi məğzini çatdırmağa çalışmışam.
  2. Pandemiya  – yoluxucu xəstəliyin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri bürüməsinə deyilir.
  3. Jan M. Smiths, Contract Law: a comparative introduction, 48 (2014)
  4. Mülki Məcəllənin 408.1-ci maddəsi.