Postmodernizm və hüquq

Postmodernizmlə bağlı dilimizdə ədəbiyyat və məlumat əksikliyini nəzərə alsaq, düşünürəm ki, yazıya postmodernizm mədəniyyət hadisəsi və postmodern hüquq görüşünü fərqləndirməklə başlamaq lazımdır.

Əvvəlcə postmodern hüquq yanaşması ilə başlayaq: postmodern hüquq salt ideya kimi, çox sadə olaraq, postmodern fəlsəfə və postmodernizm nəzəriyyələrindən istifadə edilərək hüquq sisteminin şərh edilməsidir. (1) 

Postmodernizmin özünün isə dəqiq nə vaxt meydana gəlməsi bəlli deyil. Bu cərəyan XX əsrin 70-80-ci illərindən sonra daha çox sənətdə öz yerini tapsa da, ötən əsrin son on illiyindən demək olar ki, akademik elmin tədqiqat sahəsinə çevrilə bilmişdir. Postmodernizm modernizmin antitezi deyil, əksinə, modernə daxil olub onun bir tərkib hissəsini təcəssüm etdirir. Bu mənada postmodernizmi daha çox modernizmin və poststrukturalizmin davamı kimi hesab etmək olar. (2)

Postmodern yanaşma, bir növ qarşı çıxma mənasını daşıyır. Bir mədəniyyət hadisəsi olaraq postmodernizm “anything goes” baxışını mənimsəyir. Bu yanaşma isə özlüyündə hər cür baş qaldırmağa haqq qazandırır.

Postmodernist fəlsəfə, ümumiyyətlə dar baxış bucağını, məhdud çərçivələri rədd etməkdədir. Müasir qlobal rasionallıq fikri yerini çoxlu sayda nəzarət edə bilmədiyimiz kiçik irrasionallıqlara buraxıb. Dolayısı ilə, postmodernizm hərgün baş verən məhdudlaşdırmalardan qurtuluş olma iddiasındadır. (3)

Postmodern hüquq yanaşmasının hüquq fəlsəfəsində önəmi haqqında bircə cümlə qurası olsaq, ən başlıcası onu deyə bilərik ki, postmodern hüquq sosial sistemin qıraqda saxladıqlarına özlərini reallaşdırma imkanlarının verilməsini nəzərdə tutur.

Yəni, postmodernizm hüquqda da sənətdə olduğu kimi bir çox dar baxış bucaqlarını, yerləşmiş ierarxiyaları yıxmağı qarşısına məqsəd qoyur. Məsələn, mərkəzi hökümətin yerli idarəetmələr, kişilərin qadınlar üzərindəki təsirlərinin yox edilməsi buna misal ola bilər. (4) Postmodern hüquqa görə, hüquqda daha əvvəllər gözardı edilən qruplara söz haqqı vermək tələb olunur. (5)

Postmodernizmə görə, hətta demokratiya da iqtidara və mövcud qaydalara qarşı, çoxluğa qarşı azlığı qorumaq üçün bir mübarizə vasitəsidir. (6)

Deməli postmodernizm mövcud hüquq sisteminə bir qarşı çıxışdır, onun imtinasıdır, marginal olana da söz haqqı verilməsinin lazım olduğunun müdafiə edilməsidir. Belə ki, dəyişmək və pluralizm onun əsas şüarıdır. Postmodernizmin əsas marağı subyektlərdir. Bu yanaşmaya görə, hüquq sisteminin, sosial qayda, müəyyənlik kimi ünsürləri o qədər də önəmli deyil. Əsas olan fərdlər və onların hüquq sistemindəki yeri və vəziyyətidir. (7)

Postmodernistlərin ümumiyyətlə azınlıqlara tərəf çıxmasının özləri üçün obyektiv əsaslandırmaları var. Onlara görə hüquq anlayışı hüququ dəyərindən daha artıq müqəddəsləşdirmiş və haqları önəmsizləşdirmişdir. Dövlət sərhədləri mütənasibsiz olaraq qətiləşdirilib. Dövlət qanuna ilahi və müqəddəs hörmət adı altında insanlara qarşı çox hüquqlar əldə edib. (qəti dövlət sərhədləri, qanuna ilahi hörmət və s.) (8) Ona görə də, postmodern hüquq, hüququn təsirinin azaldılması və haqların müqəddəsləşdirilməsini istəyir.

Belə ki, dövlət 19-cu əsrdə öz hüququnu inşa edərkən, Santosa görə ilk öncə əks-inqilab və daha sonra dövlətə aid olmayan, xalqa aid və rəsmi olmayan bütün hüquqi düşüncələri rədd etmişdi. (order and progress) (9) Beləliklə, müasir dövlətdə artıq alternativ hüquq düşüncələrinin təsirinin olmaması hüququ qeyri mütənasib ilahiləşdirib.

Bildiyimiz kimi, 1789-cu il Fransız inqilabı Avropanın milli şüurunda xüsusi əhəmiyyətə malikdir. Bu inqilab ilə dini görüşün yerini milli görüş aldı. Milli dövlətlərdə artıq dinə bağlılığın yerini milli dövlətə bağlılıq tutdu. Bu modernizm nəticəsi olaraq baş vermişdi və beləliklə milli dövlət güclü iqtidar mexanizmi və təsirli milliyətçilik idealogiyasını yaratdı. Bununla paralel, milli dövlətlər ilk dəfə hər kəsimə azadlıq, bərabərlik və qardaşlıq fikirlərini də dövlət literaturasına gətirmişdi. (10) Hazırda isə, həmin bu milli dövlətlər sürətli kapital və bilik axını qarşısında öz mövcudiyyətini qorumaqda çətinlik yaşayır. (11) Bir sözlə, milli dövlətlər  genişləyən kapital və bilik axımı və iri korporasiyalar tərəfindən zəiflədilib. Bu səbəbdən də, bu sistem dəyişilməlidir. Postmodernizm, fərqliliyə, müxtəlifliyə və yerli idarəçiliyə önəm verən yeni sosial və siyasi sistem təklif edir.

Postmodernizm indiyə qədər oturuşmuş başqa bir düşüncə olan, dövlətin hüququn başlıca mühərriki və təminatçısı kimi xarakterizə etməyə də qarşı çıxır. Bir sözlə, dövlət hüququn mənbəyi sayılmamalıdır. Hüququn mənbəyi həmişə sosial münasibətlərdə axtarılmalıdır. (12) Hüquq sosial reallığa uyğunlaşmalı və sosial reallıq da hüquqa yaxınlaşmalıdır.

Postmodernizmə görə dövlət indiki qədər güclü olmamalıdır. O hətta daha az hüquq qaydası ilə idarə olunmalıdır. Müasir dövlətlər funksiyalarını yerinə yetirməkdən acizdirlər. Bunun əsas səbəbi dövlətin lazım olmayan sahələri öz nəzarəti altına alması və öz nəzarətində olan sahələrin fəaliyyətinə lazımsız müdaxilələrdən irəli gəlir. Bütün bunların nəticəsi olaraq, müasir dövlətlər artıq iqtisadi və sosial problemləri yetərincə həll edə bilmir. (insan ilişkilerinde bozulma) (13). Hətta mövcud vəziyyətdə dövlət insanlara qarşı dürüst davranmır. Əksinə o insanlara qarşı öz fiziki gücündən istifadə edərək davranır. İnsan bəzi şeylərə məcbur edilərək yox, öz istədiyi kimi yaşamalıdır. Dövlət insanın şəxsiyyəti və mülkiyyəti üzərində insanın öz bildiyindən daha artıq haqqı ola bilməz (14)

Bir sözlə, postmodern yanaşmaya görə, müasir dövlətlər çox yüksək mərkəziyətçi olub, güclü bürokratiyaya sahib dövlətlərdir. Müasir milli dövlətlər, rəiyyət əsaslı yaşam formalarının artıq keçmişdə qaldığını, sinfi mübarizənin olmadığını, başqa bir millətlə birləşmək istəyən azlıqların qalmadığını və millətlə dövlətin tamamilə birləşdiyinə hərkəsi inandırır. (15)

Postmodernizm tərəfindən müasir hüquqa dair digər əsas tənqid (16), sosial cəhətdən çox vacib olan bir çox problemlərin hüquq sistemləri tərəfindən etinasızlıq göstərilməsi ilə bağlıdır. Məsələn, HİV xəstəliyinin yaratdığı problemlərlə nə dövlət, nə də hüquq yetərli səviyyədə maraqlanmır, hansı ki, bunun insanlar üçün yaratdığı problemlər göz ardı edilir. Yaxud hava çirkliliyi, qlobal istiləşmə, plastik qabların, sellefonların təbiətə vurduğu ziyan və s. olaraq belə məqamları uzatmaq olar. Müasir hüququn və dövlətin belə məsələlərə dair laqeydliyinin birinci səbəbi bəzilərinin (məsələn, aids) çox şəxsi və fərdi olması, bəzilərinin isə (hava çirkliliyi) çox ictimai olmasıdır. Lakin postmodernizmə görə hüquq əgər ciddiyə alınmaq istəyirsə, çox vacib problemlərlə maraqlanmalıdır. (17)

Bildiyimiz kimi, hüquqdakı hər mübahisə mütləq razılaşma ilə nəticələnə bilməz. Tərəflər arasındakı mübahisələri ortadan qaldıracaq, onların hüquqlarını eyni dərəcədə təmin edəcək universal bir qaydalar toplusu yaratmaq isə mümkün deyil. Postmodernizmə görə belə vəziyyətdə hakimin edəcəyi şey, hüquq normalarındakı anlayışlara görə deyil, cəmiyyətdəki münasibətlərin ehtimal nəticələrinə dair mühakimə etməkdir. (18)

Postmodern yanaşma, siyasi baxımdan iqtisadi mənbələrin yenidən bölüşdürülməsi, daha yaxşı mühit, daha çox sülh, daha çox demokratiya şüarlarını rəhbər seçir. Daha əvvəllər gözardı edilən cəmiyyət qruplarına postmodernizm tərəfindən böyük təsir imkanları tanınır. Həmçinin postmodernizm yerli idarəçiliklərə daha çox hərəkət imkanları tanıyır. Lakin bu cəmiyyətin bütünləşməsinə təhdid meydana gətirən hadisələrə səbəb ola bilər, habelə sosial müdafiə tədbirlərinin tətbiqini xeyli əngəlləyə bilər.

Postmodernizm hüquqi pozitivizmə qarşı bir axımdır. Hüquqi pozitivizm hüquq həyatında qayda, uyğunluq, birlik və planlamanın hüquq ilə mümkün olacağına inanır. Buna baxmayaraq, postmodernizm demək olar ki, hüquqi pozitivizmin müdafiə etdiyi bütün dəyərlərə qarşı çıxır. Bu səbəbdən postmodernizm hüquq görüşü daha çox təbii hüquq görüşü ilə örtüşən xarakter daşıyır deyə bilərik. Postmodernizm də, təbii hüquq ilə eyni qaydada hakimlərə mülahizə sərbəstliyi tanıyır (hətta daha çox).

Postmodernizmə görə (bir çox araşdırmaçılar, H.D.Thoreau) ölkənin qanunlarından daha uca və təsirli bir şey varsa, o da insanın vicdanıdır. İnsan öz vicdanını yeri gələndə ölkə qanunundan da üstün tutmalıdır. Belə olan halda hətta nəticəsi həbs edilmək olsa da problem yoxdur. Belə ki, həbs edilmək əslində o qədər də pis şey deyil, amma siz bu nəticə ilə vicdanınıza qarşı gələn pis qanuna diqqət çəkə bilərsiniz”.

Postmodernizm bundan əlavə, həm marksizmə qarşı çıxması ilə, həm milli dövlətin rədd edilməsi, həm kapitalizmin tənqidi baxımdan güclü təsir vasitəsidir. (19)

Lakin milli dövlətlərin və xalqların hazırki sabitliyi müxtəliflik və qeyri-müəyyənliyə niyə buraxacağını anlamaq mümkün deyil.

İstinadlar və izahlar:

  1. Gary., Minda, (1995). Postmodern legal movements : law and jurisprudence at century’s end. New York: New York University Press
  2. Afaq Əsədova 525-ci qəzet.- 2013.- 27 sentyabr.- S.7. http://www.anl.az/down/meqale/525/2013/sentyabr/327701.htm (son baxış tarixi: 3 iyul 2020-ci il)
  3. Leontidou, L. (1993). Postmodernism and the City: Mediterranean Versions. Urban Studies, 30(6), 949
  4. Wicke, J. (1992). Postmodern Identities and the Politics of the (Legal) Subject. Boundary 2, 19(2), s. 21
  5. Freeman, M.D.A. Lloyd’s Introduction to Jurisprudence, sixth ed, 1994, s. 1155
  6.  Sheldon S. Wolin. Democracy in the Discourse of Postmodernism. Social Research Vol. 57, No. 1, s.12
  7. Adnan Güriz, Hukuk Felsefesi, 11-ci baskı, 2015, s. 442
  8. Kern, Fritz. Kingship and law in the Middle Ages: Studies. Vol. 4. The Lawbook Exchange, Ltd., 2006., s. 19
  9. Freeman, M.D.A. Lloyd’s Introduction to Jurisprudence, sixth ed, 1994, s. 1210
  10.  Bergström, Y., 2010. The universal right to education: Freedom, equality and fraternity. Studies in Philosophy and Education, 29(2), s. 181
  11.  Featherstone, Mike. Postmodernism and consumer culture., (1991) s.112
  12.  Adnan Güriz, Hukuk Felsefesi, 11-ci baskı, 2015, s. 441
  13.  Freeman, M.D.A. Lloyd’s Introduction to Jurisprudence, sixth ed, 1994, s. 1153
  14.  Adnan Güriz, Hukuk Felsefesi, 11-ci baskı, 2015, s. 449
  15.  Bax: http://www.smartofjournal.com/Makaleler/1251138537_1.%2018-4.13_ID110.%20Arslantepe%20748-758.pdf s.2 (son baxış tarixi: 1 iyul 2020-ci il)
  16.  Burada tənqid deyiləndə nəzərdə tutulan fikir ətraflı olaraq, “niyə postmodernist hüquq heç vaxt aktual olmayacaq?” sualıdır.
  17.  Freeman, M.D.A Lloyd’s Introduction to Jurisprudence, 1994, s. 1212
  18.  Adnan Güriz, Hukuk Felsefesi, 11-ci baskı, 2015, s. 443
  19.  Freeman, M.D.A. Lloyd’s Introduction to Jurisprudence, sixth ed, 1994, s. 11

Cinsi ayrı seçkilik və qadın hüquqları #3 | Avropada və regionda qadın hüquqları sahəsində faktiki vəziyyət

Silsilənin birinci ikinci yazısını buradan oxuya bilərsiniz.

Dünya Bankının verdiyi məlumatlara görə, 2018-ci il üçün Azərbaycanda haqqı ödənilən əmək fəaliyyətində qadınların iştirakı 63%, kişilərin isə 70% təşkil edir.(1) Avropada bu nisbət qadınlar üçün 51%, kişilər üçün 67%-dir. Əhali sayına görə Azərbaycana yaxın olan Belarusya ilə Azərbaycana yaxından nəzər yetirsək, görərik ki, əhali sayı və iqtisadi göstəricilərinə görə bir birinə yaxın olan bu 2 MDB ölkəsi arasında kişilərin haqqı ödənilən əmək fəaliyyətində iştirakı eyni faizdə olsa da, yəni 70%, qadınlar üçün bu Azərbaycan üçün 63%-də olduğu halda, Belarusya üçün bu 58%-dir. Bir sözlə, haqqı ödənilən əmək fəaliyyəti sahəsində qadın və kişilər arasında fərq Azərbaycanda 7%(2), Belarusyada isə 12%-dir.(3) Həmçinin, ən son 2015-ci ilə olan Avropa Birliyi səviyyəsində mövcud məlumatlara görə, yeni məzun olan şəxslər arasında qadınların üstünlük təşkil etməsinə baxmayaraq, qadın və kişilər arasında sözügedən fərq 16% təşkil edir.(4) Qonşu ölkələrdə haqqı ödənilən əmək fəaliyyətində qadın və kişilərin iştirak nisbəti aşağıdakı cədvəldə göstərilmişdir:

ÖlkələrQadınların haqqı ödənilən əmək fəaliyyətin iştirak nisbətiKişilərin haqqı ödənilən əmək fəaliyyətin iştirak nisbətiFərq
Gürcüstan587921
Türkiyə647915
Rusya647915
İran177154
Ermənistan507020
Cədvəl 1. Qonşu ölkələrdə gender əsaslı əmək fəaliyyətində iştirak nisbəti.

Qadınlara qarşı zorakılığa gəldikdə isə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yayımlanan qlobal statistika göstərir ki, dünyada hər 3 qadından 1-i ömrü boyu seksual yaxud fiziki zorakılığa məruz qalır.(5) Dünyanın fərqli bölgələrinə nəzər saldıqda, ən yüksək zorakılığı qeydə alındığı bölgə cənub-şərqi Asiyadır (37.7%). Avropada isə bu göstərici 25.4%-dir. Dərhal qeyd etmək lazımdır ki, məlumatların etibarlılığı o qədər yüksək deyil, çünki qadınların zorakılıq barədə təsəvvürləri və hüquq-mühafizə orqanlarının hesabat səviyyəsi regiondan regiona çox fərqlənir. Ümumiyyətlə, dünyanın bir çox ölkələrində qadın hüquqları ilə bağlı qanunvericilik səviyyələri eyni deyil və əksər ölkələrdə bir çox sektorlarda problemlər hələ də qalmaqdadır.

Azərbaycanın qonşu ölkələrində də, bu problemlər de-yure və de-fakto olaraq hələ də qalmaqdadır. Həmçinin, Dünya İqtisadi Forumunun 2020-ci il Dünya ölkələri arasında gender bərabərsizliyinə dair hesabatında 153 ölkə arasında İran 148-ci, Türkiyə 130-cu, Ermənistan 98-ci, Rusiya 81-ci, Gürcüstan 74-cü, Azərbaycan isə 94-cü yerdə olduğunu bəyan etdi.(6)  Xüsusilə, qonşu ölkələr arasında bu hesabatdan da göründüyü kimi, de-yure olaraq İranda vəziyyət daha acınacaqlıdır. İranda qadınlar haqqı ödənilən əmək fəaliyyəti ilə məşğulluq səviyyəsi 1990-cu ildən bəri sadəcə 10%-lik bir irəliləmə göstərək, 17%-dir.(7) Həmçinin, İranda qadınlar atasının razılığı olmadan hüquqi olaraq nikah münasibətlərinə daxil ola bilmirlər. Həyat yoldaşının razılığı olmadan İrandan xarici ölkələrə gedə bilməzlər. Boşanan qadınlar övladları onları seçsə belə, övladlarını yanına ala bilmirlər, bunun üçün, hökmən evlilik öncəsində müqavilə gərəklidir, belə olmadığı halda, adi qaydada övladlar atalarına verilir.(8) Digər qonşu ölkələrdə, qadın hüquqları ilə bağlı ümumi de-yure vəziyyətə nəzər yetirdikdə, vəziyyətin bu qədər ekstrimal dərəcədə pis olmadığını asanlıqla görmək olar, lakin məişət zorakılığı fonunda qadına qarşı zorakılıqla bağlı münasibətlərin tənzimlənməsi əsas problem olaraq qalır. Məsələn, məişət zorakılığı haqqında müvafiq qanunlar Gürcüstanda 2006, Azərbaycanda 2010-cu ildə(9) qəbul olunsa da, hələ bundan 3 il qabağa qədər müvafiq qanunun qəbulu Ermənistanda baş tutmamışdı. Əlavə olaraq, adıkeçən qanun 2013-cü ildə Ermənistan parlamentində səsə qoyulsa da, yenə də qəbul olunmamışdı, nəhayət 2017-ci ildə Ermənistanda məişət zorakılığı haqqında qanun qəbul edilə bildi.(10) “Human Rights Watch” təşkilatının Ermənistanda qadın hüquqlarının vəziyyəti ilə bağlı 2019-cu il hesabatında bildirilir ki,”Məişət zorakılığı Ermənistanda hələ də ciddi bir problem olaraq qalmaqdadır. Polisə görə, 2018-in ilk beş ayında, 223-ü ailə münaqişəsi zəmnində olmaqla, 864 qadına qarşı zorakılıq hadisəsinin qeydə alındığı müəyyən olunmuşdur”. (11) 

Digər qonşu ölkəmiz Gürcüstanda qadın hüquqları ilə bağlı, Ermənistanda olduğu kimi hələ də qanunvericilikdə qalmaqda olan problemlər mövcud olmasa da, de-fakto problemlər hələ də qalmaqdadır. Gürcüstan 1994-cü ildə CEDAW konvensiyasına qoşulmuşdur. Konvensiyanın ratifikasiyasından sonra, Gürcüstan Konvensiyanın əlavə protokollarına da müvafiq olaraq, 2002 və 2005-ci illərdə qoşulmuşdur. (12) Gürcüstan Respublikasının Konstitusiyasının 14-cü maddəsində qadın və kişiləri də ehtiva edən, hər kəsin bərabərliyini təminat altına müddəa, rəhbər maddədir. Bundan başqa, son illərdə Gürcüstanın qadın hüquqlarının təmin olunması ilə bağl mülki və cinayət prosessual məcəllələrinə də qadın və kişi bərabərliyini nəzərdə tutan maddələr əlavə edilmişdir.(13) Ümumi olaraq, Gürcüstanda məişət zorakılığı ilə bağlı münasibətləri qanunvericilik yaxşı formada tənzimləyir və bunla bağlı müvafiq qanun 2006-cı ildə qəbul edilmişdir. Lakin Gürcüstanın qadın hüquqları sahəsində ən böyük yarası hələ də öz həllini tapmamış olaraq qalır: qızların erkən yaşda evlənməsi. Mövcud tədqiqatlar göstərir ki, Gürcüstanda qadınların 17%-ə qədəri 18 yaşın altında artıq nikah münasibətlərinə daxil olurlar. Xüsusilə, Gürcüstanın bəzi etnik və dini qruplar arasında, Acarıstanın dağlıq ərazilərindəki dini azlıqlar və Kvemo Kartli bölgəsindəki etnik azlıqlar arasında erkən nikahlara daha çox rast gəlinir. Lakin, bundan da böyük problem odur ki, Gürcüstan cəmiyyəti hələ də erkən nigahı böyük problem hesab etmir.(14) Həmçinin,Gürcüstan digər Cənubi Qafqaz ölkələri arasında qadınların təhsil səviyyəsinin aşağı olması ilə səciyyələnir.(15) 

Bütün bu məlumatlar fonunda açıq şəkildə görünür ki, xüsusən iqtisadi sektorda və qadınlara qarşı zorakılıq hallarında qadınlara qarşı ayrı-seçkilik hələ də davam edir. Avropa İttifaqı daxilində və Azərbaycanla birlikdə, qonşu ölkələri təhlil etdikdə de-yure vəziyyətin böyük miqyasda fərqli olmadığını görmək olar (ekstrimal bir hal kimi İranı buraya əlavə etməsək). Həmçinin, bu iki regionda da qadınların siyasi fəaliyyətdə iştirakı getdikcə artan tendensiyada yaxşılaşır. Belə ki, Dünya Bankının 2019-ci ilə qədər statistikasına əsasən,(16) aşağıdakı şəkildən də görünür ki, qadınların milli parlamentlərdə sayı bu iki region dövlətləri arasında olduqca yüksək səviyyədədir (Azərbaycanda 2020-ci ildə formalaşan parlamentdə qadın deputatların say artıq 21-ə çatmışdır).(17)

Şəkil 1. Qadınların milli parlamentlərdə sayları.

İstinadlar:

  1. Dünya Bankının Gender məlumat portalı, http: //datatopics.worldbank.org/gender/ (Son baxış tarixi: 4 may 2020-ci il). Demoqrafiya, təhsil, səhiyyə, iqtisadi imkanlara çıxış və ictimai həyatı əhatə edən ən son gender əsaslı məlumatlar və gender statistikası üçün hərtərəfli bir mənbədir.
  2. http://datatopics.worldbank.org/gender/country/azerbaijan (Son baxış tarixi: 4 may 2020-ci il)
  3. http://datatopics.worldbank.org/gender/country/belarus (Son baxış tarixi: 4 may 2020-ci il)
  4. European Commission,Report on Equality between women and men 2015, Bruxelles, 2016.
  5. WHO,Violence against Women, Intimate Partner and Sexual Violence against Women, 2016
  6. http://www3.weforum.org/docs/WEF_GGGR_2020.pdf
  7. https://en.wikipedia.org/wiki/Iran (Son baxış tarixi: 4 may 2020-ci il)
  8. https://minorityrights.org/wp-content/uploads/2019/09/MRG_CFR_Iran_EN_Sept191.pdf
  9. http://www.e-qanun.az/framework/20131 (Son baxış tarixi: 4 may 2020-ci il)
  10. http://asbarez.com/167963/finally-a-domestic-violence-law-will-be-introduced-in-armenias-parliament/ (Son baxış tarixi: 4 may 2020-ci il)
  11. https://www.hrw.org/world-report/2019/country-chapters/armenia (Son baxış tarixi: 4 may 2020-ci il)
  12. https://tbinternet.ohchr.org/Treaties/CEDAW/Shared%20Documents/GEO/INT_CEDAW_NGO_GEO_17610_E.pdf , s. 4
  13. https://humanrightshouse.org/noop-media/documents/22703.pdf
  14. Yenə orada, səhifə 3
  15. https://www.refworld.org/country,,CEDAW,,GEO,,52dd3b1a4,0.html , s. 3
  16. https://data.worldbank.org/indicator/SG.GEN.PARL.ZS (Son baxış tarixi: 4 may 2020-ci il)
  17. http://www.meclis.gov.az/?/az/deputat/ (Son baxış tarixi: 4 may 2020-ci il)

Ali Məhkəmənin daşınmaz əşyalarla bağlı bağlanmış beh müqaviləsinə tətbiq olunan iddia müddəti barədə qərarı

İş üzrə iddiaçı qismində M.F.Əliyeva (bundan sonra iddiaçı), cavabdeh qismində M.V.Hacızadə (bundan sonra cavabdeh) çıxış edir. (1)

İşin halları

24 sentyabr 2009-cu ildə tərəflər arasında mənzil alqı-satqısına dair notariat qaydasında «Beh Müqaviləsi» bağlanmış və bu məqsədlə iddiaçı cavabdehə beh kimi 20.000 (iyirmi min) manat məbləğində pul vermişdir.

Bu müqavilənin şərtlərinə görə, iddiaçı cavabdehə 20.000 manat məbləğində beh verməyi, cavabdeh isə mənzili 80.000 manat dəyərində qiymətləndirərək gələcəkdə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdeh, iddiaçıdan beh kimi 20.000 manat məbləğində pul aldıqdan sonra, sözügedən mənzili özəlləşdirib əsas alqı-satqı müqaviləsinə tələb olunan bütün sənədləri hazırlayıb 1 il müddətinə əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi və həmin mənzili onun mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçıdan 20.000 manat aldıqdan sonra, mənzili özəlləşdirib iddaçının mülkiyyətinə verməmiş, mənzili başqasına satmış və iddiaçıdan beh kimi aldığı 20.000 manat məbləğində pulu qaytarmamışdır.

24 fevral 2015-ci ildə, bu səbəbdən iddiaçı cavabdehə qarşı öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar pul tələbinə dair iddia ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir.

01 iyun 2015-ci il tarixdə Yasamal rayon məhkəməsi iddiaçının bu tələbinə dair iddasını, iddia müddətini ötürdüyünə dair əsasla rədd etmişdir.

İddiaçı onunla cavabdeh arasında bağlanmış Beh Müqaviləsinə görə cavabdehə beh kimi ödədiyi 20.000 manat məbləğində pulun iki mislini – 40.000 manat məbləğində pulu və həmin pulun məbləği hesaba alınmaqla, zərərin əvəzi hesablanaraq cavabdehdən alınıb ona verilməsinə dair Apellyasiya məhkəməsinə şikayət vermişdir.

Cavabdeh isə öz növbəsində, hazırki mübahisəyə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, o, beh müqaviləsində tərəflərin icra üçün nəzərdə tutduğu bir illik müddətin 24 sentyabr 2010-cu il tarixdə bitdiyini və nəticədə iddia müddəti keçdiyini bildirərək, Apellyasiya məhkəməsindən qətnaməni olduğu kimi saxlamasını xahiş etmişdir.

22 oktyabr 2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçının apellyasiya şikayətini qismən təmin etmişdir.

Apellyasiya məhkəməsinin mövqeyi

Apellyasiya məhkəməsinə görə, beh müqaviləsi üzrə iddiaçı öz öhdəliyini yerinə yetirərək, beh məbləğini cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.

Bundan başqa, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə mülki qanunvericiliklə müəyyən edilmiş hansı iddia müddətinin tətbiq edilməli olmasını qeyd etməmişdir. Cavabdeh isə mübahisəyə müqavilədə göstərilmiş 1 illik iddia müddətinin tətbiq olunması ilə bağlı yanılır. Belə ki, beh müqaviləsi mənzilin alqı-satqısı ilə əlaqədar, yəni daşınmaz əmlakla əlaqədar bağlanmışdır və bu halda iddia müddəti 6 il hesab olunmalıdır. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 24 fevral 2015-ci il tarixdə müraciət etdiyindən iddia müddətini ötürməmişdir.

Beləliklə, Bakı şəhər Apellyasiya Məhkəməsi, Yasamal Rayon Məhkəməsinin qətnaməsini ləğv etmiş, cavabdehdən beh məbləğinin iki qatı həcmində 40.000 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manat, cəmi 40.024 manatı iddiaçının xeyrinə tutmasına dair qətnamə qəbul etmişdir.

Ali məhkəmənin mövqeyi

Ali məhkəmə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir.

Ali məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında yuxarıda göstərilən mənzilə dair alqı-satqı müqaviləsi deyil, həmin mənzilin alqı-satqısı ilə bağlı beh müqaviləsi bağlanmışdır. Lakin apellyasiya məhkəməsi tərəflər arasındakı beh müqaviləsinin həmin müqavilədə göstərilən mənzillə əlaqədar bağlanmasını əsas götürərək bu halda iddia müddətinin altı il olması, beh müqaviləsinin müddəti bir il müəyyən edildiyindən və həmin həmin müddət 24 sentyabr 2010-cu il tarixə təsadüf etdiyindən, iddiaçı isə hazırki iddia ərizəsi ilə 24 fevral 2015-ci il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddətini ötürməməsi barədə nəticəyə gəlməsi yanlışdır.

Belə ki, beh müqaviləsinin predmetini razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği təşkil edir. Mülki qanunvericilikdə isə beh müqavilələri üzrə daşınar və daşınmaz əşyalarla bağlı fərqli iddia müddəti müəyyən edilməmişdir. Beh müqaviləsi daşınar və ya daşınmaz əşyalarla bağlı olmasından asılı olmayaraq tərəflər arasında bağlanacaq müqavilədə öhdəliklərinin icrasını təmin etmək üçün bağlanan müqavilədir.

Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı işdə, beh müqaviləsinə müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti şamil edilməlidir. Qeyd olunan maddi hüquq normasında müəyyən edilmiş altı il iddia müddəti əşyalarla bağlı müqavilələrə deyil, daşnmaz əşyaların alqı-satqısı, bağışlanılması, dəyişdirilməsi və predmeti daşınmaz əşya olan digər müqavilə tələblərinə aiddir.

Ona görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası cavabdehin kassasiya şikayətini qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək, işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir.

İstinadlar:

  1. Ali Məhkəmənin 2016-cı il 2 saylı Bülleteni, s. 15
    http://www.supremecourt.gov.az/uploads/files/bulletenler/bulleten_2016_2.pdf