Problem
Məhkəmə şəxslərin xeyrinə qərar qəbul edir, lakin şəxslər həmin qərarla bərpa olunacaq hüquqlarını reallaşdıra bilmirlər. Problem aşkardır: qəbul olunmuş məhkəmə qərarları icra olunmamış qalır.
2019-cu ilin birinci yarımilində icra qurumlarına daxil olan icra işlərinin sayı 731 minə çatıb. Onlardan 384 mindən çoxunun icrası təmin olunub, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki dövrlə müqayisədə 50 faizdən artıq – 300 milyon manatdan çox vəsait ödətdirilib. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1954 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1421 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib. Məhkəmə qərarlarının icrasından qəsdən yayınan 301 şəxs barəsində cinayət işi başlanıb. Hesabat dövründə 2496 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Məhkəmə qərarını icra etmiş 8210 şəxsin üzərindən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb ki, bu da ötən dövrlərlə müqayisədə 4 dəfə çoxdur. Belə məhdudlaşdırmanın olub-olmamasını öyrənmək məqsədilə nazirlik tərəfindən vətəndaşlara göstərilən elektron xidmətdən istifadənin sayı 2019-cu ilin birinci yarımilində də artaraq 1 milyona yaxın olub (1)
Zemfira Səfərovanın Azərbaycana qarşı şikayət işi üzrə AİHM-nin 14 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, hər hansı məhkəmənin çıxardığı qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Məhkəmə hesab edir ki, bu işdə yekun qərarın icrası ilə bağlı zəruri tədbirləri görməməklə dövlət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsini heçə endirirlər. (2)
Məhkəmə qərarlarının icrası sahəsində qanunvericilik bazası mövcud olsa da, qərarların icrası ilə bağlı problemlərin olması, qanunvericilik bazasının yetərli qədər təkmil olmaması hesab olunmalıdır.
Hüquqi tənzimləmə
Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə baxdığı işlə bağlı qərar qəbul etdikdən sonra həmin qərardan yuxarı məhkəmə orqanına qanunvericiliklə müəyyən edilmiş vaxt ərzində şikayət edilmədikdə, qərar qanuni qüvvəyə minmiş hesab edilir və icraya yönəldilir.
Burada, icra sənədinin dərhal icraya yönləndirildiyi halları haşiyə çıxmaq istərdim (məsələn, qısamüddətli mühafizə orderləri, iddianın təmin tədbiri kimi məhkəmə tərəfindən qəbul edilmiş qərardadlar və s.) Məsələn, iddianı təmin etmək barədə qərardada əsasən, icra vərəqəsi verilir və icra sənədi dərhal, yəni şikayət müddəti gözlənilmədən icraya yönəldilir. İddianın təmin tədbirləri, adından göründüyü kimi, gələcəkdə icra zamanı icra sənədinin icrasını təmin etmək məqsədi daşıyan, qabaqlayıcı bir tədbirdir. Bu, praktikada daha çox pul tələblərinə dair işlərdə rast gəlinir. Məsələn, şəxs cavabdehə qarşı pul tələbinə dair iddia qaldırır, məhkəmə işi hələ davam etməkdədir. Lakin iddiaçı düşünür ki, iş yekunlaşana qədər, cavabdeh adına olan əmlakı (məsələn, evini, avtonəqliyyat vasitəsini və s.) öz mülkiyyətindən çıxararaq, bağışlayacaq yaxud satacaq, beləliklə gələcəkdə icranın yönəldiləcəyi mülkiyyət olmayacaq. Bu zaman, qətnamə qəbul edilənədək, özünü sığortalamaq və mülkiyyətin digər şəxsə keçməsinin qarşısını almaq üçün, qabaqlayıcı tədbir kimi məhkəmə mərhələsində ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əmlakına, pul vəsaitlərinə və s. həbs qoydurulur.
Məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir.
Tətbiqi
Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş qaydada və müəyyən edilmiş müddət ərzində məhkəmə prosesi yekunlaşdıqdan, yəni məhkəmə baxdığı işlə bağlı qərar qəbul etdikdən sonra həmin qərardan yuxarı məhkəmə orqanına qanunvericliklə müəyyən edilmiş vaxt ərzində şikayət edilmədiyi təqdirdə qərar qüvvəyə minmiş hesab edilir və icraya yönəldilir.
Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsinə görə, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Həmçinin, Məcəllənin 393-cü maddəsinə görə, Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarlarının İcrası fəaliyyəti bir başa olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcraçılar Baş idarəsinə həvalə olunur. Qətnamə hüquqi hərəkətin baş verməli yer üzrə icra olunmalıdır. Ədliyyə Nazirliyi baş idarəsinin hər bir rayon(şəhər) məhkəmələrində icra şöbələri fəaliyyət göstərir, icra məhz həmin şöbələrin icra məmurlarından birinə həvalə olunur. Qərarların icrası öhdəliyini icra məmuru və onun aid olduğu orqan daşıyır. O cümlədən məhkəmənin qərarı ilə qərarın icrası qərarda adı göstərilən digər dövlət orqanlarına və təşkilatlara tapşırılır. Məhkəmə işinin mahiyyətindən asılı olaraq qərar ilə edilməli olan hərəkət həmin funksiyanı yerinə yetirən orqana və ya təşkilata tapşırılır. Məhkəmə qərarı icraya yönləndirmək üçün qərarı çıxaran hakim icra sənədi hazırlayıb aidiyyatı üzrə icra məmuruna və ya icranı həyata keçirən digər orqana, təşkilata göndərir.
İcra haqqında qanunun 12.1-ci maddəsinə görə, İcra sənədi almış icra məmuru və ya orqan təşkilatlar 2 ay ərzində qərarı icra etməlidirlər.
İcra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir və tələblərin borclu tərəfindən könüllü icra edilməsi üçün ən çoxu 10 gün müddət təyin edərək, borcluya bildiriş göndərir. Borclu tərəfindən həmin müddət ərzində tələb könüllü icra edilmədikdə, icra məmuru tərəfindən məcburi icra hərəkətlərinə başlanır, həmçinin məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edilir. Məcburi icra tədbirləri zamanı borclunun əmlakına həbsin qoyulması (avtonəqliyyat vasitəsinə və s.), tələbin onun pul vəsaitlərinə yönəldilməsi (əmək haqqına, təqaüdünə və s.) kimi tədbirlər görülə bilər. Bundan əlavə borclunun və onun əmlakının axtarılması haqqında qərar qəbul edilə bilər. Həmçinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə borclunun ölkədən getmək hüququ məhdudlaşdırıla, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilə, borclu inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər.
Nəticə
Azərbaycan Respublikasının adından çıxan qərarların icrası məcburidir və bu yalnız yuxarı məhkəmə orqanın həmin qərarı ləğv etməsi ilə dayandırıla bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, məhkəmə qərarlarını icra etməməyə və məhkəmə qərarlarının icrasına mane olmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 287 və 288-ci maddələrinə əsasən məsuliyyət nəzərdə tutulub. Məhkəmə qərarlarının icrası zamanı tərəflərdən birinə maddi ziyan vurulması halı aşkar edilərsə o zaman həmin maddi ziyan vurulmuş tərəf məhkəmədə icranı həyata keçirən orqana qarşı maddi tələblə bağlı İddia qaldırmaq hüququna malikdir.
Məhkəmə qərarları verildikdən və ya qüvvəyə mindikdən sonra iki ay ərzində icra olunmalıdır. Əgər qərar icra olunmursa o zaman icraçılar bununla bağlı akt tərtib edib həmin şəxsə müəyyən xəbərdarlıq etməlidir. Və bu da icra olunmazsa, məhkəmə qərarının icrasından imtinaya görə şəxs barəsində cinayət işi qaldırılmalıdır.
İcra sənədinin icra edilmədiyi təqdirdə, icra məmurundan Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, İnzibati-İqtisadi Məhkəməsinə və İnsan Hüquqları Üzrə Müvəkkilə müraciət edilməsi nəzərdə tutulmuşdur. AİHM-də məhkəmə qərarının icra olunmamasını konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi tanınmışdır.
Ümumiyyətlə, məhkəmə qərarının icra olunmaması halı ilə rastlaşılan zaman, ilk öncə həmin qərarı icra etməli olan icra məmuruna yaxınlaşmaq lazımdır. Əgər hələ də, qərar icra olunmazsa, bu barədə həmin rayonun icra və probasiya şöbəsinin rəisinə ərizə ilə müraciət edilməlidir. Yenə nəticə olmazsa, hər ikisi barədə icra baş idarəsinə müraciət etmək lazımdır. İş əgər hələ də, icra olunmamış qalarsa, icra vərəqəsini verən məhkəməyə bu barədə şikayət edilməlidir.
İstinadlar:
1.Bax: https://e-huquq.az/az/xeber/mehkeme_qerarlarinin_icrasi_sahesinde_gorulmus_isler_muzakire_olundu_98011 (Son baxış tarixi: 21 dekabr 2019-cu il)
2.Bax: həmin qərarın 25-ci paraqrafı
