Şirkətlərdə bəzi hallarda işçilərə başqa vəzifə öhdəliklərinin həvalə edilməsi zərurəti yaranır. Lakin Əmək Məcəlləsində bir işçiyə maksimum neçə vəzifə həvalə olunması ilə bağlı konkret göstəriş olmadığı üçün bu həm çaşqınlığa səbəb olur, həm də bəzən işçilərin qeyri mütənasib yüklənməsinə şərait yaradır.
Əvvəla bilmək lazımdır ki, işçiyə başqa iş həvalə olmuşdur yoxsa başqa işçinin əmək funksiyalarının icrası həvalə olmuşdur. Çünki, Əmək Məcəlləsi ilə bu 2 situasiya ayrılmışdır. Belə ki, işçi başqa işə keçirilir, məsələn o müəssisədə tabelçi ştat vahidində işləyir, lakin ona həm də katib ştat vahidinin işləri tapşırılır. Bu zaman həm işçinin razılığı ilə, həm də istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısın alamaq üçün ona katib ştat vahidinə görə əmək funksiyaları həvalə edilə bilər. Lakin, başqa işçinin əmək funksiyalarının icrası yalnız işçinin öz razılığı iləbaş tuta bilər. Bu halda, məsələn şəxs Satınalmaların təşkili şöbəsinin müdiridir, ona həm də müvəqqəti olaraq Satınalma departamentinin direktoru vəzifəsi həvalə edilir. (1)
Göründüyü kimi, hər ikisi işçiyə əlavə əmək funksiyalarının “həvalə edilməsi” adı ilə başqa işə keçirmə olsa da, mahiyyət etibarilə fərqli anlayışlardır. Əsas sual isə ondan ibarətdir ki, bəs bir işçiyə bu mənada neçə “həvalə” edilə bilər?
Əmək Məcəlləsinin 59-cu maddəsinə görə, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə yol verilir. Məcəllənin 60-cı maddəsi işəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirməni, 61-ci maddə isə başqa işçinin əmək funksiyasının icrasını tənzimləyir. Lakin, həmin maddələrdə bir işçiyə neçə vəzifə həvalə edilməsi ilə bağlı məhdudiyyət müəyyən olunmamışdır. Lakin, normalara diqqət yetirdikdə “boş vəzifələrə keçirmə” yox, yalnız “boş vəzifəyə keçirmə” ifadəsindən istifadə olunmuşdur. Bu belə məntiqi nəticəyə gətirib çıxarır ki, əslində qanunvericilik bir işçinin bir boş vəzifəyə keçirilməsi məsələlərini tənzimləyir. Əmək hüququ sahəsində bizə yaxın olan əmək qanunvericiliyinə baxsaq, Rusiya Əmək Məcəlləsinin 60.2-ci maddəsində də bir vəzifənin həvalə olunması tənzimlənir. Praktika da belədir ki, bir işçiyə bir neçə vəzifə həvalə olunmasının qadağan olunmadığı əsas gətirilərək, hesab olunur ki, bir işçiyə bir neçə vəzifə müvəqqəti olaraq həvalə edilə bilər. Mən də hesab edirəm ki, ümumiyyətlə başqa işə keçirmənin hüquqi tənzimləməsinin əsasında qarşılıqlı razılıq durduğu üçün (60-cı maddədəki hal istisna olmaqla), bu məsələ işçi ilə işəgötürənin razılığı əsasında həllini tapır.
Lakin belə tənzimləmə qanunun yalnız hərfi interpretasiyası ilə bağlı olduğundan, Konstitusiya Məhkəməsi tərəfindən məsələyə rəsmi şərh verilməsi məqsədilə təşəbbüs həyata keçirilməsi yaxşı olardı.
İstinad və şərhlər:
- Təəssüf ki, Əmək Məcəlləsində bu məsələdən yayınma halına yer var. Məsələn, şəxsi üç aylıq başqa vəzifəyə keçirib 2 ay 25 gün sonra həmin əmri ləğv edib, 10 gün sonra yeni əmrlə təyin edərək bu normadan yayınmaq olur. Yaxşı olar ki, Əmək Məcəlləsində konkret müddət ərzində, məsələn 1 il ərzində bir işçiyə maksimum 3 ay başqa iş/vəzifə həvalə edilə biləcəyi əlavə edilsin.



